Alternative content

AZƏRBAYCAN RESPUBLİKASI MİLLİ MƏCLİSİNİN ORQANI

Bəxtiyar Sadıqov: İlham Əliyevin barışdırıcılıq missiyası

08 Fevral 2017
 

Ölkə daxilindəki tolerantlıqdan dünya miqyasında həmrəylik və barış liderliyinə

 

Biz İslam həmrəyliyini gücləndirməliyik, müsəlman aləmində gedən proseslər, onların bir hissəsi bizi narahat edir. Biz istəyirik ki, müsəlman aləmində sülh bərqərar olsun, sabitlik bərpa edilsin, məzhəb əsasında münaqişələrə son qoyulsun və birlik olsun. Əgər birlik olmasa, biz güclü ola bilmərik. Azərbaycan öz növbəsində İslam həmrəyliyinin gücləndirilməsi üçün çox böyük işlər görür və biz bu işləri ardıcıl aparırıq.

İlham ƏLİYEV

 

“Türkiyə Prezidenti burada yoxdur, amma mən buradayam” - deyə Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğanın olmadığı bir tədbirdə onun arxasınca danışmaq istəyən ünsürün ağzından vuran Azərbaycan Prezidenti cənab İlham Əliyevin mövqeyi həm də İslam həmrəyliyinə ən bariz misaldır.
Həmrəylik dostluqdan, bir-birini istəməkdən, mehriban münasibətdən doğur!
Həmrəylik tərəfdaşlığa, əməkdaşlığa, birgə fəaliyyətə yönəldir!
Həmrəylik fikir ayrılığının, anlaşılmazlığın ziddiyyətə, qarşıdurmaya çevrilməsinə yol verməyərək məsələnin sülh yolu ilə həllinə xidmət edir!
Bu gün dünya ziddiyyətlər burulğanına düşərək qan içində boğulur!
Bu gün dünya terrorizmin girdabında ağır duruma düşüb!
Bu gün dünya “demokratiyanın bərqərar edilməsi”, “insan haqlarının qorunması” adı altında dağıdılır, ölkələr xarabazara, vətəndaşları isə “miqrant” adlandırılan qaçqınlara çevrilir!
Bunların da bir səbəbi vaxtında sülhə gəlmək üçün həmrəyliyin olmamasında, insanların bir-biri ilə dil tapa bilməməsində, əməkdaşlıq yerinə silaha əl atmasındadır!
İkiqütblü dünyadan birqütblü dünyaya keçdikdən sonra sivilizasiyalararası toqquşmaların aparıcı dövlətlərin planlarına uyğun gəlmədiyini görənlər bu qarşıdurmanı sivilizasiya daxilinə yönəldirlər.
Hədəfdə olanlar “ərəb baharı”nın qurbanlarına çevrilən İslam dövlətləridir!
Onlar həm “içəridən”, həm də “çöldən” dağıdılır. “İqtidar” və “müxalifət”ə ayrılan qüvvələr silaha əl ataraq bir-birinin qanını axıdır...
Tarixi abidələr, kəndlər, şəhərlər yerlə yeksan edilir...
İnsanlar evsiz-eşiksiz, ac-yalavac, işsiz və ümidsiz qalır...
Əfqanıstan, İraq, Misir, Liviya, Suriya... İndi isə qardaş Türkiyəni qan çanağına çevirmək istəyirlər.
Qarşı duran tərəflər, bir-biri ilə yola getməyən dövlətlər münaqişə və problemləri danışıqlar yolu ilə çözmək, sülhə gəlmək, faciə və fəlakətlərə son qoymaq istəmirlər.
Hər kəs öz iddiasında özünü haqlı sayır!
Hər kəs öz mövqeyində özünü ədalətli bilir!
Hər tərəf qarşısındakından güzəşt gözləyir!
Heç kim geri durmaq istəmir!
İŞİD adlı bəla isə bütün İslam sivilizasiyasına meydan oxuyur!
Bu qarmaqarışıq, ölüm və fəlakət qoxulu dünyada Azərbaycan sabitlik adasını xatırladır!
Ərazisinin 20 faizi işğal altında qalan, özü müharibə vəziyyətində olan Azərbaycan daha sabit və əmin-amandır!
Bu, Heydər Əliyev siyasi kursunun qələbəsidir!
Bu, Azərbaycanın müstəqil daxili və xarici siyasətinin bəhrəsidir!
Bu, həm də Azərbaycanın dini modelinin düzgünlüyü və uğurudur!
***
Azərbaycan Prezidenti cənab İlham Əliyev 2017-ci ili “İslam həmrəyliyi ili” elan etdi.
Bu, “Multikulturalizm ili”ndən sonra cənab İlham Əliyevin dünyada sülhün və əmin-amanlığın bərpasına və möhkəmlənməsinə yeni töhfəsi sayılır.
İslam dövlətlərinin müharibə, terror, humanitar fəlakətlər pəncəsində çabaladığı bir zamanda bu addım çox gərəkli və yerindədir.
“Kəssə hər kim tökülən qan izini...” Həm də Hüseyn Cavidin məramı ilə üst-üstə düşən bir addımdır!
Belə bir təşəbbüsün Azərbaycandan və şəxsən onun rəhbəri cənab İlham Əliyevdən irəli gəlməsi təbii və qanunauyğundur!
Niyə?
Çünki Azərbaycanın dini modeli ən məqbul variantlardandır və onun dünyada sivil, müasir, demokratik, sabit, əmin-aman dövlət kimi tanınmasına mane olmayıb!
Çünki Azərbaycan həm də İslam dövlətləri tərəfindən hörmətli tutulan, həvəslə əməkdaşlıq edilən, eşidilən ölkədir!
Belə bir təşəbbüsə Azərbaycanın həm mənəvi haqqı, həm də ona sanballı töhfələr verməyə imkanları var!
***
İslam ölkələrini hədəfə çevirən bir sıra məqamlar mövcuddur. Ən əvvəl, İslam digər səmavi dinlərlə müqayisədə cavan, inkişafda olan dindir və onun çoxsaylı cəlbedici cəhətləri var. İkincisi, Allah enerji daşıyıcılarının əsas hissəsini müsəlman ölkələrinə verib. Belə ki, hazırda dünya əhalisinin 14 faizi müsəlmandır. Dünya neft ehtiyatlarının isə 62 faizi, təbii qaz ehtiyatlarının da 60 faizi onların payına düşür.
Müsəlmanlar arasında doğum faizi və əhali artımı yüksəkdir. Belə demoqrafik vəziyyət “qocalan” dünyanı əndişələndirir.
Bir sıra müsəlman dövlətləri özünün turizm imkanları ilə Avropaya ciddi rəqibdir.
Bütün bunlar qıcıq doğurur.
Amma İslam dünyası savadlılıq və ümumi səviyyə baxımından xristianlara “uduzur”. Xüsusən gender siyasəti və qadın hüquqlarının qorunması sahəsində.
Yeni texnologiya əldə etmək sarıdan Qərbə möhtacdır. Müasir silahları da inkişaf etmiş ölkələrdən alırlar. “Silah bazarı”nın bu cür bölgüsü, yəni, alıcıların İslam dövlətlərinin olması onlar arasında ziddiyyət, qarşıdurma və toqquşmaların baş verməsində satıcıları maraqlı tərəfə çevirir.
Daha bir diqqətçəkən məqam. Ən çox neft hasil və ixrac edənlər müsəlman dövlətləri olsalar da, neftin qiymətinin müəyyənləşməsində onlar söz sahibinə çevrilə bilmirlər. Çünki aralarında birlik və həmrəylik yoxdur!
Ən nəhayət, dünya KİV-ləri İslam ölkələri barədə yanlış fikir və mənfi təsəvvür yaratmaq üçün daim sistemli kampaniya aparır və məqsədlərinə nail olurlar. Çünki dünya informasiya resurslarında bu kampaniya ardıcıl, mütəşəkkil və planlı qaydada gedir. İslam dünyası və onun KİV-i isə buna qarşı öz həqiqətlərini eyni israrla qoymurlar. Beləliklə, “İslam terror dinidir” fikrinin ictimai rəyə yeridilməsində müəyyən uğurlar qazanılır. Halbuki mahiyyətcə İslam sülh, barış dinidir, ədalətsizliyi, qəddarlığı, insafsızlığı rədd edir.
“Kamikadze”lik İslama xas olmayıb. Lakin “özünü partladaraq” ətrafdakıları da məhv etmək kimi terror əməlini az qala İslamın atributuna çeviriblər. Hətta bunu müəyyən “əlamətlərlə” “rəsmiləşdiriblər”. Məsələn, dini mənsubiyyəti, hansı dövlətə və terrorçu qruplaşmaya xidmət etdiyi bilinməyən şəxslər adətən, özlərini partlatmazdan öncə “Allahu Əkbər” deyib qışqırırlar! Yaxud kamikadzenin də belinə sarıdığı bomba bu gün niyə “şəhid kəməri” adlandırılır? Axı, “şəhid” sözü İslama məxsusdur, terrorçunun isə dini və vətəni olmur!
Görəsən, “şəhid kəməri” ilə özlərini partladanların yeri cənnətdir” - fikri harada və necə yaradılıb?! Norveçli A. Breyvik kütləvi qətliam törədərkən nə “Allahu Əkbər” dedi, nə belinə “şəhid kəməri” bağlamışdı, nə də “cənnətə getmək” vədi almışdı. Heç erməni terror təşkilatı ASALA-nın, Xocalı soyqırımını törədənlərin də İslama aidiyyəti yoxdur!
Onda nə üçün terror İslama aid edilir, terrorçu isə müsəlman hesab olunur, yaxud daim müsəlman kimi qələmə verilir?!
Başqa bir məqam.
Nə üçün dünyanın İslam dini ruhaniləri, dini liderləri bir mövqeyə gələrək bütün məscidlərdə və məclislərdə belinə “şəhid kəməri” bağlayaraq günahsız insanları qətlə yetirənləri insanlığın və İslamın düşməni elan etmirlər?!
Axı, belə terror zamanı ən çox qurban verənlər məhz müsəlmanlardır!
Əslində, günahsız və köməksiz insanları qəddarcasına qırmaq dinimizdə də, gerçək dünyada da ən böyük günahdır!
Nahaq qan tökənin yeri isə cəhənnəmdir!
Niyə İslamın nüfuzlu xadimləri, liderləri, alimləri birgə razılıqla belələrini “cəhənnəmlik” elan etmirlər?
Onlara mane olan nədir?! Kimdir?!
Görünür, çatmayan əsas məsələ elə həmrəylikdir!
Bundan ziyanı isə ən çox müsəlman aləmi görür!
Həmrəyliyə mane olan əsas məsələlərdən biri də İslamın daxilində olan məzhəblərarası ziddiyyətdir. Əslində, bu fərqi daim körükləyərək ziddiyyətə çevrilən və əkslik formasında saxlamağa çalışanlar var. Doğrudur, əsrlər boyu onun aradan qaldırılması yönündə dəfələrlə cəhdlər göstərilsə də, uğursuz olub. Müəyyən maraqlı qüvvələr mane olublar.
Amma Azərbaycanda bu problemin sülh yolu ilə həlli forması mövcuddur. Adı da Azərbaycanın dini modelidir! Onun son uğuru isə Heydər məscidində vəhdət namazının qılınmasıdır.
***
SSRİ-nin tərkibində, sosializm dövründə yaşadığımız müddətdə bizə ateist tərbiyəsi verir, Allahın yoxluğuna inandırmağa çalışırdılar. Dini məbədlərə ziyarətə, yaxud ibadətə gedənlər ictimai qınağa tuş gəlir, müxtəlif formada cəzalandırılırdılar. Amma bütün bu cəza, qorxu, qınaq və çəkindirmə tədbirlərinə baxmayaraq, Azərbaycan xalqı dinsiz olmadı, Tanrıya qarşı çıxmadı. Allahı ürəyində gizlədib saxlayaraq müstəqillik dövrünə qədər gətirdi. Bəli, sovet repressiya maşını bizi Allahsız edə bilmədi! Müstəqilliyin sonrakı illərində - ulu öndər Heydər Əliyevin rəhbərliyi altında Azərbaycan xalqının milli-mənəvi, o cümlədən dini dəyərlərinə qayıtması, dövlət-din münasibətlərinin formalaşdırılması sahəsində də ardıcıl işlər görüldü. Ən əvvəl, baş müəllifi ulu öndər Heydər Əliyev olan yeni Konstitusiyanın hazırlanması və qəbulunda bu məsələ diqqətdə saxlanıldı. Yeni Əsas Qanunumuzda dövlət-din münasibətləri düzgün tənzimləndi.
Konstitusiyamız Azərbaycan dövlətinin demokratik, hüquqi, dünyəvi, unitar respublika olduğunu, dinlə dövlətin ayrılığını, eyni zamanda, bütün dini etiqadların qanun qarşısında bərabərliyini bəyan edir.
Bu prinsiplərə uyğun olan digər qanunlar da qəbul olunmuşdur.
Bu, məsələnin hüquqi tərəfidir.
Həyatda isə qarşılıqlı əlaqə və münasibətlər sahəsində zənginliklər daha çox və genişdir. Diqqət çəkən məqam isə ondan ibarətdir ki, həmişə dövlətin siyasəti ilə xalqın istəyi və mövqeyi üst-üstə düşüb!
Müstəqillik dövründə dini dəyərlərinə qayıdan ölkəmizdə münasibətlərin sivil və humanist əsaslar üzərində qurulmasının əhəmiyyəti çox idi. Ulu öndər Heydər Əliyev bu məqama xüsusi diqqət yetirirdi. SSRİ dövründə nə qədər təbliğat və cəza tədbirləri aparılsa da, milli-dini zəmində toqquşmalardan qaçmaq mümkün olmamışdı. Qazaxıstanda baş verən hadisələr zorakılıqla yatızdırıldı. Özbəkistandakı hadisələrin sorağı isə Azərbaycana belə gəlib çıxdı. Xalqımız məhsəti türklərindən olan qaçqınlara həyan duraraq onlara isti qucaq açdı.
Azərbaycan xalqı Allahın vahidliyini dərk və qəbul etmiş, hər etiqad sahibinin özünə aid dini məbəddə Tanrı ilə təmasa girməsini normal qarşılamışdır. Bu, xalqın böyüklüyündən və qəlbinin genişliyindən irəli gələn haldır.
Təbii ki, sovet dövründə din və Allah qəbul edilmədiyindən tolerantlıqdan da söhbət gedə bilməzdi. Heydər Əliyevin böyüklüyü onda oldu ki, müstəqilliyin ilk illərində bu sahədə yaranan yeni münasibətləri də düzgün axarına yönəltdi. Dəfələrlə Azərbaycanın müstəqilliyini istəməyən qüvvələr dini-milli zəmində qarşıdurma yaratmağa cəhd etsələr də, hətta bir sıra dövlətlərin səfirləri bölgələrdə düşüb qalsalar da, istəklərinə nail ola bilmədilər! Çünki birgə yaşamaq, bir-birinin dininə və mədəniyyətinə hörmətlə yanaşmaq artıq Azərbaycan vətəndaşının həyat tərzinə çevrilmişdir. Digər tərəfdən dövlət də bu məsələləri daim diqqət mərkəzində saxlayır. Cənab İlham Əliyevin prezidentliyi dövründə Azərbaycanda çoxsaylı yeni dini məbədlər tikilmiş, köhnələri isə bərpa edilmiş və ya təmir olunmuşdur. Bunların sırasında Cənubi Qafqazın ən qədim məscidi olan Şamaxı Cümə məscidinin yenidən qurulmasını, Bakıda yeni sinaqoq, katolik kilsəsinin tikilməsini, Alban, Alman-Lüteran kilsəsinin və digərlərinin təmirini qeyd etmək olar.
Bütün bu münasibətləri formalaşdıran və nizamlayan Azərbaycan dini modeli öz unikallığı ilə seçilir. Bu modelin əsas prinsipləri bir-birinin milli-mənəvi, dini dəyərlərinə hörmətlə yanaşmaq, tolerantlıq, fikir ayrılığını ziddiyyətə keçməsinə yol verməmək, əlbir və mehriban birgə iş və yaşayışı təmin etməkdir. Azərbaycan elə nadir ölkələrdəndir ki, burada mütəmadi şəkildə beynəlxalq humanitar forumlar, həm də BMT-nin Sivilizasiyalararası Alyansının Qlobal Forumu, habelə Avropa Oyunları və İslam Həmrəyliyi Oyunları keçirilir.
Ötən il multikulturalizm ənənələrinin yaradılması və yaşadılması təcrübəsini bütün dünya ilə bölüşən Azərbaycan bu il dövlət başçısının təşəbbüsü ilə İslam həmrəyliyinə öz töhfəsini vermək yönündə addımlar atır. İslam həmrəyliyi təkcə islam yox, digər dövlətlərlə də həmrəyliyi özündə ehtiva edir. Həmrəylik ölkələr arasında anlaşmaya və əməkdaşlığa, dövlətlər daxililiyə və dünyada sülhə, artıq fəlakətə çevrilən terrorizmə qarşı əlbir və əlaqəli fəaliyyətə xidmət edir. Əbəs deyilməyib: qonşunun evi yanırsa, onun söndürülməsinə kömək et, yoxsa yanğın sənin də evinə keçə bilər!
Azərbaycan Prezidenti son dərəcə gərəkli və humanist bir addım atdı: İslam dünyasını bir masa ətrafında əyləşməyə, onları hədələyən və reallaşan təhlükələrə qarşı birgə mübarizəyə, həmrəy olmağa dəvət etdi!
Bütün müharibələr sülhlə qurtarır! Əbədi savaş yoxdur!
Bütün ziddiyyətlər də danışıqlar yolu ilə, bir-birinə güzəştə getmək nəticəsində aradan qaldırılır!
Elə isə dövlət daxilində sabitlik, günahsız insanların qanının axıdılması, ən nəhayət, İslamın yekdilliyi, gücü və nüfuzu naminə dövlət başçıları və liderləri nə üçün bir araya gəlməsin, fikir ayrılıqlarını dinimizin mahiyyətinə uyğun olaraq ədalət və səbirlə həll etməsin?
Azərbaycan Prezidenti cənab İlham Əliyev belə bir şans yaradıb! Bu imkanın gerçəkləşdirilməsi üçün də əməli addımlar atılacaqdır.
Ən əvvəl, Azərbaycan öz nümunəsini ortaya qoyur.
Sonra islam dövləti rəhbərlərini bir araya gətirərək bir məclisdə cəmləyir!
Hamıya qarşılıqlı maraqlara əsaslanan əməkdaşlıq nümunəsi göstərir.
Ən nəhayət, İslam dünyasının Bakıda toplanmasına şərait yaradan IV İslam Həmrəyliyi Oyunlarını təşkil edir!
Dövlətimizi, xalqımızı və dünyamızı təhlükələrdən, terrordan və dağıntılardan, yoxsulluq və gerilikdən qurtarmaq istəyiriksə, hamımız Azərbaycan Prezidentinin yaratdığı bu imkandan səmərəli istifadə etməliyik!

 

Bəxtiyar SADIQOV