Alternative content

AZƏRBAYCAN RESPUBLİKASI MİLLİ MƏCLİSİNİN ORQANI

Cansız aktyorların canlı səhnəsi

03 Fevral 2017
 

Marionet teatrının qədim İçərişəhərdə yeni inkişaf dövrü başlayır

 

...Bu teatrın aktyorları cansız, əllə idarə olunan kuklalardır. Xeyr, Abdulla Şaiq adına Dövlət Kukla Teatrından danışmırıq. Söhbət dünyada yetərincə maraqlı və populyar olan, tamaşaları çox çətin ərsəyə gələn, eyni zamanda maraqlı və cəlbedici janr hesab edilən marionet teatrından gedir. Çətin olduğuna görə əksər ölkələrdə belə teatr ənənəsi mövcud deyil. Amma hansısa ölkədə marionet teatrının mövcud olması həmin xalqın zəngin mədəniyyətindən xəbər verir. Bu teatr janrı ölkənin dünyada tanıdılmasında əvəzsiz rola malikdir.

 

Marionet nədir?

 

Bəs marionet nədir? Bu söz haradan qaynaqlanır? Dünyada bu teatrın yaranma tarixi necədir? Marionet teatrının qayəsini kuklalar təşkil etdiyi üçün əvvəlcə bu sözün mənşəyinə baxaq: “kukla” latıncada “qız”, ya da “oyuncaq körpə” mənasındakı “pupa” sözündən əmələ gəlib. 1840-cı illərdə ingilis dilində populyarlıq qazanan “marionette” sözünün əsli də “Balaca Mary” anlamına gəlir. Bunun səbəbi uzun illər kilsədə təbliğ edilən İsanın doğuşu əhvalatlarında yer alan Müqəddəs Məryəmə “Little Mary” deyilməsi ilə əlaqədardır. Dünyada isə kuklaçılığın kökü 3 min il əvvələ gedib çıxır.
Tarixi mənbələrə görə, yazmağı bilməyən ibtidai insanların da kukla düzəltdikləri və onları hərəkət etdirdikləri məlumdur. XVIII əsrə qədər Avropada kuklaçılıq çox yayıldı və daha əvvəl səyyahçı olan kuklaçılar davamlı teatrlar açmağa başladılar. Nümayişlərdə müasir opera parçaları təqlid edilməklə birlikdə, Alessandro Skarlatti və Jozef Haydn kimi ciddi opera bəstəkarları kukla teatrları və xüsusilə marionet teatrlarına xas olan ipli kukla üçün də əsər yazdılar. Daha sonra Amerika qitəsində də kukla teatrları quruldu və bu teatrlar zənginlərin, eləcə də məşhurların marağını çəkdi. Beləliklə, dünyada marionet teatrlarının inkişaf dövrü başladı.

 

İlk marionet tamaşa - “Arşın mal alan”

 

Azərbaycanın Şərq və Qərbin qovşağında yerləşməsi, zəngin mədəniyyətə malik olması ölkənin teatr tarixində bu janrın da təşəkkül tapmasına imkan yaradıb. 1980-ci illərin ortalarında rejissor və rəssam Tərlan Qorçunun təşəbbüsü ilə Azərbaycanda marionet teatrının əsası qoyulub. Bütün yaş qrupuna aid insanlarda maraq doğuran bu teatr janrı xalqımızın çoxşaxəli mədəni irsinin müxtəlif sahələrini - memarlığı, milli geyim və musiqini, dilimizin nitq melodikasını, xalqımızın həyat tərzini və bayramlarımızı, rəqslərimizi özündə birləşdirir. İlk tamaşa kimi “Arşın mal alan” musiqili komediyasının seçilməsi isə teatrın gələcək simasını müəyyənləşdirib. Bu ölməz əsər marionet tamaşası kimi ilk dəfə 1990-cı ildə Fransanın Karpantra şəhərində göstərilib. Tamaşanın ilk Bakı premyerası isə 2011-ci ildə gerçəkləşib. Ötən müddətdə bu tamaşa dünyanın müxtəlif ölkələrində - Fransa, ABŞ, Rusiya, Polşa, Almaniya, İsveçrə və digər ölkələrdə uğurla nümayiş etdirilib.
Bakı Marionet Teatrı 2013-cü ildən “İçərişəhər” Dövlət Tarix-Memarlıq Qoruğu İdarəsinin nəzdində fəaliyyət göstərib. Son illərdə tarixi və mədəni irsimizin, milli-mənəvi dəyərlərimizin qoruyucusu olan, onu beynəlxalq aləmdə tanıdan Heydər Əliyev Fondunun prezidenti, Azərbaycanın birinci xanımı Mehriban Əliyevanın xüsusi dəstəyi ilə teatrın fəaliyyətinin genişləndirilməsi istiqamətində kompleks işlər həyata keçirilib. Nəticədə teatr üçün İçərişəhərdə, Müslüm Maqomayev 20 ünvanında bina ayrılıb və bu binanın teatrın fəaliyyətinə uyğunlaşdırılması işləri uğurla tamamlanıb. Ötən il dekabr ayının 24-də Prezident İlham Əliyevin və xanımı Mehriban Əliyevanın iştirakı ilə binanın açılış mərasimi keçirilib.

 

8 kukla 80 min avroya ərsəyə gəlir

 

Binanın yenidən təmiri xüsusi zövqlə həyata keçirilib. Divarlar və avadanlıqlar elə dizayn edilib ki, teatr binasına deyil, sanki hansısa muzeyə daxil olduğunu hiss edirsən. Müxtəlif otaqlarda marionet suvenirlər, kuklalar, rəsm əsərləri sərgilənir. Bina tam müasir avadanlıq və mebellərlə təchiz edilib. Teatr səhnəsinin elektrik sistemi kompüterləşdirilib. Zalın işıqlandırılması, eləcə də tamaşa ərzində musiqilərin səsləndirilməsi kompüterlə həyata keçirilir. Bir sözlə, Bakı Marionet Teatrı müasir arxitekturalı görkəmi ilə digər ölkələrin teatr binalarına nümunə ola biləcək səviyyədədir.
Teatrın bədii rəhbəri Tərlan Qorçu ilə söhbət zamanı bəlli oldu ki, “Arşın mal alan” operettası, “Leyli və Məcnun” operası hazırda Bakı Marionet Teatrının repertuarında xüsusi yer tutur. Onun sözlərinə görə, marionet tamaşalarının hazırlanması üçün təxminən 3-4 il vaxt lazımdır. Məsələn, teatr “Leyli və Məcnun” muğam operasının 14 pərdəlik marionet tamaşası üzərində 3 ildir çalışır. Teatrın növbəti layihəsi isə “O olmasın, bu olsun” operettasının marionet tamaşası olacaq. Bu teatrın məqsədi dahi Üzeyir bəyin musiqisinin dünyada təbliğidir.
Qeyd edək ki, marionet tamaşada istifadə olunan kuklaların düzəldilməsi elə də asan başa gəlmir. Təkcə bir faktı deyək ki, Bakı Marionet Teatrı kukla düzəltmək üçün İtaliyanın məşhur “Karla Kola” adlı marionet teatrının mütəxəssislərinə müraciət edib. Onlar bildiriblər ki, 80 min avro müqabilində iki ilə yalnız 8 kukla düzəldə bilərlər. Belə bir maddi imkan olmadığına görə artıq Bakı Marionet Teatrı istifadə olunan kuklaları müxtəlif əşyaların köməyi ilə öz emalatxanasında hazırlayır. Amma bu da asan olmur. Çünki hazırlanan kukla elə olmalıdır ki, onu rahatlıqla hərəkətə gətirmək və idarə etmək mümkün olsun. Özü də iş kuklanın düzəldilməsi ilə bitmir, onun üzərindəki rəssam yaradıcılığı, geyim eskizləri və digər elementlər də xüsusi peşəkarlıq və əziyyət tələb edir. Ona görə də hər bir kuklanın hazırlanmasında azı 3 nəfər mütəxəssis çalışır.

 

Marionet teatrı orta və yaşlı nəsil üçündür

 

Teatrın əsas problemlərindən biri də kadr məsələsidir. Çünki hazırda ölkənin heç bir təhsil müəssisəsində marionet tamaşalar üçün aktyorlar hazırlanmır. Teatr bu missiyanı da öz üzərinə götürüb. Gənc və həvəsi olan aktyorlar seçilərək teatrın birinci nəsil aktyorları tərəfindən təlimlərə cəlb edilirlər. Belə təlimlərin keçirilməsi üçün teatrın binasında hər cür şərait yaradılıb. Bəs marionet tamaşada aktyordan tələb olunan əsas keyfiyyətlər nələrdir?
Teatrın təcrübəli aktrisası Fərizə Babayeva intellektual işini çox sevdiyini dedi: “Tamaşa zamanı hər bir saniyə bizdən böyük zəhmət tələb edir. Biz 45 dəqiqəlik tamaşa ərzində kuklaların dili ilə danışırıq. Komandamızın bütün üzvləri bir mexanizmlə işləyir. Oyun zamanı hər hansı birimiz diqqətsizlik etsək, tamaşa pozula bilər. Ona görə də təkcə özümüzə yox, komandanın bütün üzvlərinə cavabdehik. Bizdən təkcə aktyor sənətkarlığı yox, musiqi duyumu, səhnədə dinamiklik və digər üstünlüklər də tələb olunur. Musiqini, xoreoqrafiyanı bilmək və plastik hərəkətlər etmək aktyordan tələb olunan əsas xüsusiyyətlərdir”.
Hikmət Hüseynov da teatrın birinci nəsil aktyorlarındandır. Onun sözlərinə görə, aktyordan birinci növbədə diqqətini toplamaq tələb olunur: “Bu, komandanın hər bir üzvünə aiddir. Tamaşanın əvvəlində start verilən səs lenti və işıqlar avtomatik qurulub və başladığı andan sona qədər dayanmadan davam edir. Gərək aktyorların hər biri o səs və işıq effektini düzgün müşayiət etsin. Ona görə də bizdə artıq bir qayda formalaşıb: bir-birimizin diqqətini nəzarətdə saxlayırıq. Görəndə ki birimizin diqqəti yayınıb, müxtəlif işarələrlə, yaxud yavaş səslə ona bunu bildiririk”.
Marionet və kukla teatrlarının fərqləri var. Kukla teatrının tamaşaçısı əsasən uşaqlardır. Burada adətən müxtəlif nağıllar, təmsillər və digər uşaq əsərləri oynanılır. Marionet teatrı isə daha çox orta və yaşlı nəslin nümayəndələrinə hesablanıb. Çünki bu teatrda uşaqların qavraya bilmədiyi operetto və operalar oynanılır. Sözügedən teatrlar arasında digər bir texniki fərq isə kuklaların idarə olunmasındadır. Belə ki, kukla teatrında kuklalar əsasən aşağıdan əllə idarə olunur, marionet tamaşada isə onlar yuxarıdan sim və ya sap vasitəsilə hərəkətə gətirilir.
Beləliklə, deyə bilərik ki, dünyada çətin, eləcə də zəngin mədəni göstərici sayılan bir teatr janrı kimi qəbul olunan marionet teatrının Azərbaycanda da olması və getdikcə inkişaf etməsi ölkə mədəniyyətimizin çoxşaxəli inkişafına daha bir töhfədir.

Elgün MƏNSİMOV,
“Azərbaycan”