Alternative content

AZƏRBAYCAN RESPUBLİKASI MİLLİ MƏCLİSİNİN ORQANI

Bakı Hüquq Mərkəzi oxucuların suallarına cavab verir

29 Yanvar 2017
 

Bəzi təşkilatların publik hüquqi şəxs olduğu qeyd edilir. Ümumiyyətlə, publik hüquqi şəxs nəyi ifadə edir?

 

Tamerlan Ağayev,

Bakı şəhər sakini

 

Publik hüquqi şəxs anlayışı milli qanunvericiliyimiz üçün nisbətən yenidir.  Azərbaycan Respublikasının (29 dekabr 2015-ci il tarixli) “Publik hüquqi şəxslər haqqında”  qanununun 2.2-ci maddəsinə görə publik hüquqi şəxs - dövlət və bələdiyyə adından və ya publik hüquqi şəxs tərəfindən yaradılan, ümumdövlət və ictimai əhəmiyyət daşıyan fəaliyyətlə məşğul olan, dövlət və ya bələdiyyə orqanı olmayan təşkilatdır.

Publik hüquqi şəxslərə xas əsas əlamətləri vurğulaya bilərik. Əvvəla, publik hüquqi şəxslər xüsusi hüquqdakı hüquqi şəxslərdən fərqli olaraq şəxslərin sərbəst iradəsi ilə deyil, dövlət, bələdiyyə və ya publik hüquqi şəxs tərəfindən yaradılır. İkincisi, publik hüquqi şəxslər xüsusi hüquqdakı hüquqi şəxslərə nisbətdə daha üstün mövqedədirlər, çünki ictimai (publik) gücdən doğan imtiyazlara və vəzifələrə malikdir. Məsələn, publik hüquqi şəxsin inzibati akt qəbul etmək səlahiyyətinə malik olması, publik hüquqi şəxsin müflis elan olunmasının yolverilməzliyi, publik hüquqi şəxsə üzvlüyün məcburi olmasını imtiyazlara nümunə göstərə bilərik. Xüsusi hüquqi şəxslər qanuna zidd olmayan istənilən növ fəaliyyətlə məşğul olmaqda sərbəstdirlər; publik hüquqi şəxsin yalnız ümumdövlət və ictimai əhəmiyyət daşıyan fəaliyyətlə məşğul olması şərti onun vəzifəsinə misal göstərilə bilər. Üçüncüsü, publik hüquqi şəxslərin fəaliyyəti xüsusi məqsədlərin deyil, ictimai (publik) mənafelərin reallaşdırılmasına istiqamətlənir.

   

Cavablandırdı:

Dünyamin NOVRUZOV,

Bakı Hüquq Mərkəzinin hüquq məsləhətçisi