Alternative content

AZƏRBAYCAN RESPUBLİKASI MİLLİ MƏCLİSİNİN ORQANI

Meksika Prezidenti ABŞ-a səfərini ləğv etdi

27 Yanvar 2017
Meksika Prezidenti Enrike Penya Nyeto ABŞ-a yanvarın 31-nə planlaşdırılmış səfərini və Prezident Donald Trampla görüşünü ləğv etmişdir. Bundan əvvəl Tramp bəyan etmişdi ki, Mexiko ABŞ-Meksika sərhədində divarın inşası xərclərini üzərinə götürməkdən imtina etsə, meksikalı həmkarına ünvanlandığı dəvəti ləğv etmək niyyətindədir. Nyetonun Ağ evdə görüşdən imtinasına cavab olaraq Amerika Prezidenti bildirmişdir ki, vəziyyətdən çıxmaq üçün başqa yol tapacaq.

“Röyter” agentliyinin xəbərinə görə, Ağ evin mətbuat katibi Şon Spayter jurnalistlərə demişdir ki, divarın inşası Meksikadan bütün malların idxalına 20 faiz vergi qoymaqla həyata keçirilə bilər. O, təfərrüatları açıqlamaqdan imtina etmiş, yalnız onu bildirmişdir ki, Tramp bu tədbiri ümumi vergi islahatları zərfinə daxil etmək niyyətindədir.

Qeyd edək ki, yanvarın 25-də ABŞ Prezidenti Meksika ilə sərhəddə divar inşası barədə sərəncam imzalamışdır. Hasarın tikintisi Ağ evin indiki sahibinin seçkiqabağı vədlərindən idi. O, bunu qeyri-leqal immiqrasiya və narkoticarətin qarşısını almaq niyyəti ilə izah etmişdi. Tramp məlumat vermişdi ki, tikinti işləri bir neçə ay ərzində başlayacaq, layihə ABŞ büdcəsindən maliyyələşdiriləcək, bir müddət sonra isə Meksika layihəyə çəkilmiş xərcləri 100 faiz kompensasiya edəcək. Öz növbəsində Meksika hakimiyyət orqanları bildirmişdi ki, divarın inşası xərclərini üzərinə götürmək niyyətində deyil.