Alternative content

AZƏRBAYCAN RESPUBLİKASI MİLLİ MƏCLİSİNİN ORQANI

2017-ci il “Beynəlxalq inkişaf naminə davamlı Turizm İli”nin rəsmi açılış mərasimi olub

19 Yanvar 2017
Madriddə “Davamlı turizm ili”nin rəsmi açılış mərasimi keçirilib. Mərasim Birləşmiş Millətlər Təşkilatının 70-ci Baş Assambleyasının elan etdiyi “2017-ci il - Beynəlxalq inkişaf naminə davamlı Turizm İli” çərçivəsində reallaşan tədbirlərdən biridir.

Dünyanın 65 ölkəsindən nazir və digər yüksək səviyyəli rəsmilərin iştirak etdiyi mərasimdə Azərbaycanı mədəniyyət və turizm naziri Əbülfəs Qarayev və ölkəmizin İspaniyadakı səfiri, BMT-nin Dünya Turizm Təşkilatı yanında daimi nümayəndəsi Anar Məhərrəmov təmsil edib.

Açılış mərasiminin rəsmi hissəsində çıxış edən DTT-nin baş katibi Taleb Rifai qeyd edib ki, bu il davamlı turizmin dövlət və özəl sektor, qərar verənlər və cəmiyyət arasında inkişafa verdiyi töhfə üzrə məlumatlılığı artırmaq və turizmi müsbət dəyişikliyin katalizatoru etmək üçün bütün maraqlı tərəflərin birgə fəaliyyətdə səfərbər etməkdə unikal imkandır.

Daha sonra Gürcüstanın Baş naziri, Hondurasın vitse-prezidenti və İspaniyanın xarici işlər naziri çıxış edərək sözügedən ilin əhəmiyyətini vurğulayıblar.

Ümumiyyətlə, 2017-ci ildə aşağıdakı beş əsas istiqamət üzrə turizmin rolunun öyrənilməsi nəzərdə tutulur:

1. İnklüziv və davamlı iqtisadi artım;

2. Sosial inklüzivlik, məşğulluq və yoxsulluğun azaldılması;

3. Resurslardan effektiv istifadə, ətraf mühitin mühafizəsi və iqlim dəyişikliyi;

4. Mədəni dəyərlər, müxtəliflik və irs;

5. Qarşılıqlı anlaşma, sülh və təhlükəsizlik.

Tədbir çərçivəsində nazir Ə.Qarayev “Fitur-2017” turizm sərgisinə baş çəkib, bir sıra ölkələrin nümayəndələri ilə ikitərəfli müzakirələr aparıb. Görüşlərdə turizm sahəsində səmərəli əməkdaşlığın qurulması müzakirə edilib.

 

Aygün Əliyeva

AZƏRTAC-ın xüsusi müxbiri

Madrid