Alternative content

AZƏRBAYCAN RESPUBLİKASI MİLLİ MƏCLİSİNİN ORQANI

“Azərişıq” 2016-cı ili yaddaqalan işlərlə başa vurub

19 Yanvar 2017
 

Prezident İlham Əliyev tərəfindən təsdiq edilmiş  “Azərbaycan Respublikası regionlarının 2014-2018-ci illərdə sosial-iqtisadi inkişafı Dövlət Proqrami”nın icrası məqsədilə istehlakçıların keyfiyyətli, dayanıqlı və fasiləsiz elektrik enerjisi ilə təchiz edilməsi üçün “Azərişıq” ASC tərəfindən 2016-cı ildə irimiqyaslı yenidənqurma və əsaslı təmir-tikinti işləri həyata keçirilmişdir.

Rayon mərkəzlərində, qəsəbə və kəndlərdə yaşayan istehlakçıların etibarlı, təhlükəsiz və dayanıqlı elektrik enerjisi ilə təmin olunması üçün  yararsız, istismar müddəti başa çatmış avadanlıqlar müasir tipli avadanlıqlarla əvəz olunmuş, ağac dayaqlar dəmir və dəmir beton dayaqlarla əvəzlənmiş, standarta uyğun gəlməyən alüminium naqillər izolyasiyalı naqillərlə (ÖİN) əvəz olunmuşdur. Şabran, Lənkəran, Şəki, Ağsu, Zaqatala, Goranboy, Qazax, Masallı, Saatlı və Samux rayonlarında hər biri 110 kV-luq 10 ədəd yarımstansiya əsaslı şəkildə yenidən qurularaq müasir tipli avadanlıqlarla təchiz olunmuşdur. Abşeron, Quba, Neftçala, Sumqayıt, Lənkəran, Şəki, Zaqatala, İmişli, Zərdab, Tərtər, Bərdə, Ucar, Ağdaş, Ağstafa, Gədəbəy, Qazax, Lerik, Beyləqan, Ağcabədi, Ağdam, Göygöl, Samux, Hacıqabul, Şabran, Yevlax, Salyan, Mingəçevir, Cəlilabad, Daşkəsən və Astarada, ümumilikdə 35 ədəd 35 kV-luq yarımstansiya tikilmiş və yenidən qurulmuşdur.

Bundan əlavə, ötən il ərzində  regionlarda müxtəlif kV-luq kabel və hava xətləri, izolyasiyalı naqillər çəkilmiş, 960 ədəd KTM quraşdırılmış, 127 589 dayaq basdırılmış, hava xətlərində müxtəlif təmir işləri aparılmışdır.

Görülmüş tədbirlər on minlərlə abonentin elektrik enerjisinə olan tələbatını yaxşılaşdırmaqla bərabər, texnoloji itkilərin azaldılmasına və uçot sisteminin daha təkmil şəkildə aparılmasına müsbət təsir göstərir.

İstehlakçıların fasiləsiz və yüksək keyfiyyətli elektrik enerjisi ilə təmin olunması istiqamətində “Azərişıq” ASC tərəfindən həyata keçirilən tədbirlər bu ildə də davam etdiriləcəkdir.

 

“Azərbaycan”