Alternative content

AZƏRBAYCAN RESPUBLİKASI MİLLİ MƏCLİSİNİN ORQANI

Ombudsman Azərbaycan əsgərinin cəsədinin qaytarılması ilə əlaqədar BQXK prezidentinə müraciət edib

11 Yanvar 2017
Azərbaycanın insan hüquqları üzrə müvəkkili (ombudsman) Elmira Süleymanova dekabrın 29-da Ermənistan silahlı qüvvələri tərəfindən qətlə yetirilmiş Azərbaycan Ordusunun əsgəri Çingiz Qurbanovun cəsədinin qaytarılması ilə bağlı Beynəlxalq Qırmızı Xaç Komitəsinin (BQXK) prezidenti Peter Maurerə məktubla müraciət edib. Bu barədə AZƏRTAC-a Ombudsman Aparatının mətbuat xidmətindən məlumat verilib.

Məktubda deyilir: “2016-cı ilin 29 dekabr tarixində Ermənistan silahlı qüvvələrinin kəşfiyyat qrupu təxribata əl ataraq Azərbaycan-Ermənistan dövlət sərhədini pozmağa cəhd göstərib. Təxribatın qarşısı alınarkən Azərbaycan Silahlı Qüvvələrinin hərbi qulluqçusu əsgər Qurbanov Çingiz Salman oğlu itkin düşüb və sonradan məlum olub ki, onun cəsədi qarşı tərəfdədir.

Azərbaycan tərəfi əsgər Qurbanov Çingiz Salman oğlunun cəsədinin geri qaytarılması ilə bağlı BQXK-nın Azərbaycan nümayəndəliyinə, ATƏT-in Minsk qrupuna, o cümlədən ATƏT-in fəaliyyətdə olan sədrinin şəxsi nümayəndəsi Anji Kaspşikə rəsmi qaydada müraciət edib. Bununla belə, bizim əsgərimizin cəsədi bu günə kimi Azərbaycan tərəfinə qaytarılmayıb.

Hazırda müvafiq qurumlarla, habelə Beynəlxalq Qızıl Xaç Komitəsi ilə birgə hərbi qulluqçumuzun cəsədinin Azərbaycan tərəfinə qaytarılması istiqamətində işlər davam etdirilir. Eyni zamanda, kütləvi informasiya vasitələrindən məlum olduğu kimi, Ermənistan tərəfi prosesi süni olaraq uzadır və “istintaq”ın aparıldığını bəyan edir. Halbuki, cəsədlərin qaytarılması mexanizmi və proseduru yetərincə bəllidir və bu cür hallarda əvvəllər də tətbiq olunub və onlar hər iki tərəfə, habelə sizin təşkilatınıza da bəllidir.

Hesab edirik ki, Ermənistan tərəfinin bu addımı beynəlxalq hüququn hamılıqla qəbul edilmiş normalarının, insan hüquqlarının, həmçinin Ermənistanın özünün də qoşulduğu 1949-cu il 12 avqust tarixli Cenevrə Konvensiyasının öhdəliklərinin kobud şəkildə pozulmasıdır.

Qeyd etmək lazımdır ki, Ermənistan tərəfi 1994-cü ildən etibarən mövcud atəşkəsi heçə sayaraq mütəmadi təxribatlar törədir. Bu hadisələrdən biri də 2016-cı ilin aprel ayına təsadüf edib. Belə ki, 2-5 aprel tarixlərində Azərbaycan Respublikasının əraziləri, cəbhəyanı bölgələrdə məskunlaşan mülki əhalinin yaşadığı çoxsaylı evlər, məktəblər və digər sosial obyektlər, habelə Azərbaycan Silahlı Qüvvələrinin qoşunların təmas xətti boyunca mövqeləri ağır artilleriyadan, iriçaplı silahlardan intensiv atəşə məruz qalıb. Nəticədə dinc əhali, o cümlədən uşaqlar, qadınlar və ahıllar həlak olub və ağır yaralanıb. Ermənistan silahlı qüvvələri tərəfindən törədilən bu hərbi cinayətlər nəticəsində beynəlxalq sənədlərin, o cümlədən Cenevrə konvensiyalarının müddəaları kobud şəkildə pozulub.

Yuxarıda qeyd olunanları, o cümlədən onun ailəsinin və ölkə əhalisinin gözləntilərini nəzərə alaraq, təşkilatınızın mandatı çərçivəsində və beynəlxalq hüquq normalarına uyğun olaraq əsgər Qurbanov Çingiz Salman oğlunun cəsədinin geri qaytarılmasına kömək göstərməyinizi sizdən xahiş edirəm”.