Alternative content

AZƏRBAYCAN RESPUBLİKASI MİLLİ MƏCLİSİNİN ORQANI

Güləş üzrə Azərbaycan çempionatının ilk gününün qalibləri müəyyənləşib

11 Yanvar 2017
Yanvarın 11-də Bakı İdman Sarayında sərbəst və yunan-Roma güləşi üzrə böyüklər arasında növbəti Azərbaycan çempionatı başlayıb.

AZƏRTAC xəbər verir ki, Gənclər və İdman Nazirliyi və Azərbaycan Güləş Federasiyasının (AGF) birgə təşkilatçılığı ilə keçirilən yarışda 18 yaşı tamamlamış, 1998-ci il və yuxarı yaşlı idmançılar iştirak edirlər. Şəxsi xarakter daşıyan yarışda idman cəmiyyətləri, idman klubları, idman təşkilatları, şəhər və rayon yığma komandalarının tərkibinə daxil olan idmançılar mübarizə aparırlar.

Çempionatın ilk günündə 57, 61, 65, 70 və 74 kiloqram çəki dərəcələrində sərbəst güləşçilər yarışıblar. Gərgin idman mübarizəsi şəraitində keçən yarışda Mahir Əmiraslanov (57 kq), Hacı Əliyev (61 kq), Məhəmməd Müslümov (65 kq), Murtuz Müslümov (70 kq) və Murad Süleymanov (74 kq) bütün rəqiblərinə qalib gələrək fəxri kürsünün ən yüksək pilləsinə qalxıblar.

Yanvarın 13-dək davam edəcək çempionatda çəki dərəcələri üzrə ilk 3 yeri tutan idmançılar AGF tərəfindən müvafiq diplom, medal və pul mükafatı ilə təltif olunub, həmin güləşçilər ölkə yığmasının heyətinə cəlb edilib və il ərzində komandanın iştirak edəcəyi beynəlxalq yarışlarda ölkəmizi təmsil etmək imkanı əldə ediblər.