Alternative content

AZƏRBAYCAN RESPUBLİKASI MİLLİ MƏCLİSİNİN ORQANI

Sərbəst və yunan-Roma güləşi üzrə Azərbaycan çempionatının açılış mərasimi olub

11 Yanvar 2017
Yanvarın 11-də Bakı İdman Sarayında böyüklər arasında sərbəst və yunan-Roma güləşi üzrə Azərbaycan çempionatının açılış mərasimi keçirilib.

AZƏRTAC xəbər verir ki, mərasimdə Gənclər və İdman Nazirliyinin idman şöbəsinin müdiri Fərid Mansurov çıxış edərək Azərbaycan Prezidenti İlham Əliyevin ölkəmizdə bədən tərbiyəsinə və idmana, o cümlədən güləşə göstərdiyi diqqət və qayğıdan, habelə idmançılarımızın beynəlxalq yarışlarda qazandıqları uğurlardan söhbət açıb.

Azərbaycan Güləş Federasiyasının vitse-prezidenti Elçin Cəfərov bildirib ki, ölkəmizin beynəlxalq Olimpiya hərəkatında fəal iştirakı, idmançılarımızın qazandıqları yüksək nəticələr respublikamızın yalnız idman sahəsində potensial imkanının deyil, həm də dövlət qayğısının göstəriciləridir. Azərbaycanda idmanın inkişafı ümummilli lider Heydər Əliyevin adı ilə bağlıdır. Hazırda Ümummilli Liderin siyasəti dövlətimizin başçısı, Milli Olimpiya Komitəsinin prezidenti İlham Əliyev tərəfindən uğurla davam etdirilir.

Natiqlər idmançılarımızın ciddi sınaq qarşısında olduqlarını vurğulayaraq, onların Bakıda keçiriləcək IV İslam Həmrəyliyi Oyunlarında uğurla çıxış edəcəklərinə əminliklərini bildiriblər. Diqqətə çatdırıblar ki, IV İslam Həmrəyliyi Oyunlarının Azərbaycanda təşkil olunması ölkə idmanı üçün böyük hadisədir. Respublikamızda mükəmməl idman infrastrukturu belə yarışların yüksək səviyyədə təşkil olunmasına imkan verir.

Çıxışlardan sonra mərasimdə Azərbaycanın dövlət himni səsləndirilib.

Gənclər və İdman Nazirliyinin, Azərbaycan Güləş Federasiyasının təşkilatçılığı ilə keçirilən yarışda 18 yaşı tamam olan və yuxarı yaşlı idmançılar iştirak edirlər. Şəxsi xarakter daşıyan yarışda idman cəmiyyət, klub və təşkilatlarının, şəhər və rayon yığma komandalarının tərkibinə daxil olan güləşçilər mübarizə aparırlar.

Yanvarın 13-dək davam edəcək çempionatda ilk üç yeri tutan idmançılar Federasiya tərəfindən diplom, medal və pul mükafatları ilə təltif olunacaqlar. Həmçinin həmin güləşçilər ölkə yığmasının heyətinə cəlb olunacaq və il ərzində komandanın qatılacağı beynəlxalq yarışlarda ölkəmizi təmsil edəcəklər.