Alternative content

AZƏRBAYCAN RESPUBLİKASI MİLLİ MƏCLİSİNİN ORQANI

Fiyon miqrant qəbulunda kvota tətbiq edəcəyinə söz verdi

11 Yanvar 2017
Fransa prezidentliyinə “Respublikaçılar” partiyasından namizəd Fransua Fiyon bildirmişdir ki, ölkəyə miqrant kvotası lazımdır. Bu barədə “Röyter” agentliyi xəbər verir.

Siyasətçi ölkənin cənub-şərqinə seçkiqabağı səyahətə çıxmazdan əvvəl elan etmişdir ki, “nə qədər adam qəbul edə biləcəyini hər il Fransanın özü qərarlaşdırmalıdır”. Fiyon həmçinin bəyan etmişdir ki, Fransanın Avropa İttifaqından (Aİ) çıxmasının əleyhinədir, amma Aİ-nin miqrasiya siyasətinin sərtləşdirilməsinə tərəfdardır.

Fiyonun bəyanatı sosialistlərdə kəskin reaksiya doğurmuşdur. Onlar respublikaçı namizədi Fransa cəmiyyətini parçalamaq cəhdində ittiham etmişlər.   

Fransada prezident seçkilərinin ilk turu bu ilin aprelində, lazım gəlsə, ikinci turu may ayında keçiriləcək. Hazırda hakimiyyətdə olan Sosialist Partiyasından dövlət başçısı vəzifəsinə 7 nəfər iddia edir. Güman olunur ki, sabiq Baş nazir Manuel Vals hakim partiyadan vahid namizəd göstəriləcək. Sağçı “Milli cəbhə”dən namizəd onun lideri Marin Le Pendir. Fiyon sağ mərkəzçi “Respublikaçılar” partiyasından namizəd irəli sürülmüşdür.