
2016-cı ildə Qobustan Dövlət Tarixi-Bədii Qoruğunu 65 mindən çox turist ziyarət edib
Qobustan Dövlət Tarixi-Bədii Qoruğundan AZƏRTAC-a bildirilib ki, ziyarətçilərin sırasında xarici vətəndaşlar üstünlük təşkil edib. Sözügedən tarixi məkana üz tutan xarici ölkə vətəndaşları sırasında Rusiya Federasiyasını təmsil edənlər çoxluq təşkil edib. Xarici turistlərdən 8155-i Rusiya, 6811-i ərəb ölkələri, 1582-si Çin, 1464-ü Almaniya, 1320-si İran, 1215-i Yaponiya, 1040-ı ABŞ, 974-ü Türkiyə, 864-ü İtaliya, 852-si İngiltərə, 620-si isə Fransa vətəndaşları olub. Bununla yanaşı, 2016-cı il ərzində qoruğa 2626 ekskursiya təşkil edilib. Onlardan 407-si Azərbaycan, 763-ü ingilis, 1456-sı isə rus dilində aparılıb.
Eyni zamanda, digər 8733 xarici turist isə müxtəlif ölkələri təmsil edib. Bütün bunlar Azərbaycanın, onun tarixi keçmişinin və müasir inkişafının öyrənilməsi və təbliği baxımından xüsusi əhəmiyyət kəsb edir.
Qeyd edək ki, Qobustan Milli Tarixi-Bədii Qoruğu 2013-cü ildə “Avropada ilin muzeyi” müsabiqəsinin qalibi olub.