Alternative content

AZƏRBAYCAN RESPUBLİKASI MİLLİ MƏCLİSİNİN ORQANI

Ağır sənaye və maşınqayırmanın yeni dövrü başlayacaq

11 Yanvar 2017
 

Məlum olduğu kimi, Prezident İlham Əliyevin 6 dekabr 2016-cı il tarixli fərmanı ilə milli iqtisadiyyat və iqtisadiyyatın əsas sektorları üzrə strateji yol xəritələri təsdiq olunmuşdur. Fərmandan sonra ölkənin 11 əsas sektoru (neft və qaz sənayesi; kənd təsərrüfatı məhsullarının istehsalı və emalı; kiçik və orta sahibkarlıq səviyyəsində istehlak mallarının istehsalı; ağır sənaye və maşınqayırma; ixtisaslaşmış turizm sənayesi; logistika və ticarət; uyğun qiymətə mənzil təminatı; peşə təhsili və təlim; maliyyə xidmətləri; telekommunikasiya və informasiya texnologiyaları; kommunal xidmətlər) üzrə hazırlanan həmin strateji yol xəritələri internet portallarında yerləşdirilməyə başlamışdır. Açıqlanan yol xəritələrindən biri də ağır sənaye və maşınqayırma sektoru üzrə hazırlanan sənəddir. 

Əvvəlcədən qeyd edək ki, bu sektor üzrə strateji yol xəritəsində əsasən aşağıdakı sahələrin inkişafı prioritet kimi götürülüb: mədənçıxarma (neft-qaz sektoru istisna olmaqla), metallurgiya, bəzi tikinti materiallarının istehsalı, neft-qaz və kənd təsərrüfatı maşınqayırması kompleksi, elektrik avadanlıqlarının istehsalı, maşınqayırma sektorunda xidmət müəssisələri və s. Bu və digər sahələrin inkişafı, yəni strateji yol xəritəsinin icrası nəticəsində sənayenin strukturu təkmilləşəcək, qeyri-neft sənayesi iqtisadi artımın əsas hərəkətverici qüvvələrindən birinə çevriləcək, ağır sənaye və maşınqayırmanın sənayedə və məşğulluqda payı artacaq, ümumi iqtisadi potensial 2020-ci ildən sonrakı dövr üçün nəzərdə tutulan məqsədlərin reallaşdırılması üçün hazır vəziyyətə gətiriləcək, başqa sözlə, mövcud resurslardan optimal istifadəyə və müəssisələrdə səmərəli istehsal metodlarının tətbiqinə başlanacaq. Həmçinin müəssisələrin rəqabətqabiliyyətinə təsir edən amillər (məsələn, standartlar, texniki tənzimlənmə, kadr potensialı, innovasiyaların təşviqi, əqli mülkiyyət və s.) üzrə ciddi irəliləyiş əldə olunacaq, onlar ənənəvi məhsul bazarında yerli iri sifarişçilərin ehtiyaclarını qarşılayacaq. Ən əsası isə strateji yol xəritəsinin icrası 2020-ci ildə real ÜDM-i 1,56 milyard manat artıracaq, sənayedə 7700 daimi yeni iş yerinin yaradılmasına səbəb olacaq.
2025-ci ilədək olan dövr üçün isə orta dəyər məhsulları seqmentinin əksər hissəsində dəyər zəncirinin yerli imkanlar hesabına formalaşdırılması, ölkə müəssisələrinin regional baxımdan tam rəqabətqabiliyyətli vəziyyətə gətirilməsi və Azərbaycanın regionun ağır sənaye və maşınqayırma mərkəzinə çevrilməsi nəzərdə tutulur. Ortamüddətli perspektivdə ağır sənaye və maşınqayırma sənayesində nəzərdə tutulan tərəqqiyə nail olmaq üçün 2025-ci ilədək sənaye sahəsində aktivlərin və təbii resursların tam şəkildə istismarı təmin ediləcək, müəssisələrdə səmərəli iş təcrübəsinin tətbiqi tam həcmdə həyata keçiriləcək. Bundan əlavə, dəyər zəncirinin bütün mərhələlərində məhsul istehsalında boşluqların aradan qaldırılması ölkənin təbii sərvətlərindən səmərəli istifadə üçün başlıca amil olacaq və Azərbaycanda fəaliyyət göstərən müəssisələr səmərəlik baxımından qonşu ölkələr üçün model müəssisə kimi çıxış edəcək.
Səmərəli iş təcrübələrinin və bacarıqların tətbiqi sahəsində həmçinin 2025-ci ilədək planlaşdırılan hədəflərə çatmaqla ölkədə ortamüddətli perspektivdə təlim mərkəzlərinin və peşə təhsili müəssisələrinin sənaye müəssisələri ilə əlaqələndirilmiş fəaliyyəti təmin olunacaq. Eyni zamanda idxaldan asılılıq ciddi şəkildə azaldılacaq, dəyər zəncirinin aşağı və orta dəyər gətirən hissələrində tələbat yerli məhsullar hesabına ödəniləcək.
Yol xəritəsində 2025-ci ilə qədər dəyər zəncirinin daha yüksək gəlir gətirən hissələrində bəzi seçilmiş mallara tələbatın yerli məhsullar hesabına tam ödənilməsi də məqsəd kimi müəyyən edilib. Bunun üçün yüksək dəyər məhsullarının fokus qrupları müəyyənləşdiriləcək və müvafiq istiqamətdə yerli istehsal gücləri yaradılacaq. Habelə regional tələbatın yüksək olduğu maşın və avadanlıq komponentlərinin istehsalına şərait yaradılacaq.
Strateji yol xəritəsindəki vəzifələrin icrası nəticəsində Azərbaycan ağır sənaye və maşınqayırma sahəsinin dəyər zəncirində, xüsusilə neft-qaz sektorunda iştirakını təmin etməklə regional istehsalçıya çevriləcək. Yerli müəssisələr daxili və regional bazarda maliyyə baxımından gücləndikcə və təcrübə topladıqca 2025-ci ildən sonrakı dövrdə həmin məhsulların digər regional bazarlara ixracı imkanlarını əldə edəcəklər. Eləcə də müxtəlif stimullaşdırıcı mexanizmlər tətbiq edilməklə 2025-ci ilə qədər investisiya üçün daha əlverişli mühit yaradılacaq. Əsas prioritet isə özəl sektorun sənayedə iştirakının artırılması olacaq.
2025-ci ildən sonrakı dövr üçün hədəf baxış Azərbaycanın ağır sənaye və maşınqayırma müəssisələrinin qlobal dəyər zəncirinin tərkib hissəsinə çevrilərək yüksək dəyər məhsulları seqmentində məşhur brendlərin istehsalında iştirak etməsinə və Azərbaycandan qonşu ölkələrə texniki bilik, “nou-hau”, səmərəli istehsal və idarəetmə metodları ixracına nail olmaqdır. Sənəddə göstərilir ki, uzunmüddətli perspektivdə Cənubi Qafqaz regionunda dəyər zəncirinin ən yüksək seqmentlərində çalışan şirkətlər Azərbaycanda fəaliyyət göstərəcəklər. Həmin məqsədə nail olmaq üçün xarici investisiyaların dəstəklənməsi ilə yanaşı, bu sektorda fəaliyyət göstərən sahibkarlıq subyektlərinə zəruri maliyyə və texnologiya dəstəyinin göstərilməsi siyasəti davam etdiriləcək.
Qlobal dəyər zəncirində iştirak üçün ağır sənaye və maşınqayırma sektoruna investisiyaların stimullaşdırılmasının dörd istiqaməti müəyyənləşdiriləcək:
- kapital və digər maliyyə stimulları veriləcək;
- sənaye şirkətlərinin nizamnamə kapitalına vençur investisiyalar cəlb ediləcək;
- yerli müəssisələr rəqabətli qiymətlərlə əsas materiallarla təmin ediləcək;
- müxtəlif vergi güzəştləri tətbiq olunacaq.
Yol xəritəsində yüksək gəlir gətirən sahələrə investisiya qoyuluşu nəticəsində uzunmüddətli perspektivdə resurstutumlu əmtəə istehsalından innovativ yüksək texnologiyalar əsasında hazırlanan məhsul istehsalına keçidin, eləcə də qeyd edilən uzunmüddətli məqsədlərin dayanıqlılığı üçün yüksək ixtisaslı işçi qüvvəsinin hazırlanmasının təmin olunacağı bildirilir. Bununla həm də qonşu ölkələrə bilik və bacarıqlar ixrac ediləcək və Azərbaycan yüksək səviyyəli peşə təhsili müəssisələrinə malik region ölkəsinə çevriləcək. Bunlardan əlavə, həmin dövrdə dəyər zənciri boyu ölkə iqtisadiyyatının şaxələndirilməsi üçün ağır sənaye və maşınqayırma sahəsi iqtisadiyyatın təməl sütunlarından birinə çevriləcək.
2020-ci ilədək bu məqsədlərə çatmaq üçün nəzərdə tutulan ilkin aralıq hədəflər isə belə müəyyən edilib:
- ağır sənaye sahəsində əmək məhsuldarlığının 20 faizədək artırılması;
- məhsul istehsalında zay məhsul istehsalının 17 faiz azaldılması;
- 2020-ci ilədək fəaliyyət göstərməyən ən azı 5 müəssisənin işə salınması və rəqabət qabiliyyəti zəif olan 10 müəssisənin istehsal yönümünün dəyişdirilməsinə nail olunması;
- yeni dəmir filizi çıxarma və polad emalı zavodunun tikilməsi;
- ağır sənaye üzrə yerli məhsulların keyfiyyətinin idxal edilən məhsulların keyfiyyətindən əsaslı şəkildə fərqlənmədiyi hallarda cari idxalın 20 faizinin yerli istehsal ilə əvəz edilməsi;
- kənd təsərrüfatı avadanlıqlarının istehsalı üçün idxal olunan hissələrin 65 faiz azaldılması;
- qazma avadanlıqlarının istehsalı üçün idxal olunan hissələrin ümumi bazardakı payının 45 faizə qədər azaldılması.

“Azərbaycan”