Alternative content

AZƏRBAYCAN RESPUBLİKASI MİLLİ MƏCLİSİNİN ORQANI

Multikulturalizmin Azərbaycan modelinin Gədəbəy nümunəsi

11 Yanvar 2017
 

Malakanlar Prezident İlham Əliyevin diqqət və qayğısını yüksək qiymətləndirirlər

 

Milli azlıqların hüquq və azadlıqlarının qorunması Azərbaycan dövlətinin yürütdüyü siyasətin əsas istiqamətlərindən biridir. Tolerantlıq baxımından nümunə kimi özünü təsdiqləyən Azərbaycan hazırda burada yaşayan bütün xalqların azad yaşadığı bir dövlətdir. İndi cəsarətlə demək olar ki, ölkəmiz dilindən və milliyyətindən, irqindən və cinsindən, eləcə də dini mənsubiyyətindən asılı olmayaraq, bütün vətəndaşlarının hüquq və azadlıqlarının bərabərliyini təmin edən bir dövlət kimi tanınır.
Burada yaşayan müxtəlif millətlərin nümayəndələri ölkəmizin inkişafına töhfələr verirlər. Bu baxımdan Gədəbəydə yaşayan malakanlar da özlərini daha rahat hiss edirlər. Çünki yaradılan sağlam mühitdən bəhrələnən bu insanlar heç vaxt özlərini qərib hiss etmədən dövlətin hər cür dəstəyini görürlər.
Malakanlar Gədəbəyin əsasən üç kəndində - Slavyanka, Novosaratovka və Novoivanovkada məskunlaşıblar. Novosaratovka kənd icra nümayəndəsi Hüseyn Əliyev deyir ki, doğrudur, onların sayı azalmışdır. Lakin bu azalma heç də şəraitlərinin yaxşı və ya pis olması ilə bağlı deyil. Əsas səbəb dünyaya gələn gənc nəslin böyük şəhərlərdə yaşamaq arzusudur.
XIX əsrin əvvəllərində rus çariçası II Yekaterinanın dini inanc fərqliliyinə görə sürgün etdirdiyi malakanların bir hissəsi də Azərbaycana, o cümlədən Gədəbəy rayonuna pənah gətirib. Onlar yerli əhali ilə mehriban ünsiyyət qurmaqla yanaşı, özlərinin adət-ənənələrini, mətbəxlərini, hətta mədəniyyət və incəsənətlərini də gətirmişlər. Məskunlaşdıqları Slavyanka, Novosaratovka və Novoivanovka kəndlərində əkin-biçinlə, heyvandarlıqla məşğul olmuşlar. Sovetlər birliyi dağıldıqdan sonra Azərbaycanda aparılan torpaq islahatlarından kənarda qalmayan malakanlar da pay torpaqlarına sahib olmuş, Azərbaycan vətəndaşı kimi öz hüquqlarından istifadə etmişlər. Hətta ölkə başçısı İlham Əliyevin imzaladığı fərman və sərəncamlara müvafiq olaraq bəzi imtiyazlar almış, güzəştli kreditlərlə, subsidiyalarla təmin olunmuşlar. Məhz buna görə kənd təsərrüfatı məhsullarının istehsalı sahəsində qazanılan uğurlarda onların da öz payları var.
Son 10 ildə Prezident İlham Əliyev üç dəfə Gədəbəy rayonuna səfər etmişdir. Rayona hər gəlişində digər azlıqlarla yanaşı, malakanların da həyat şəraiti ilə maraqlanan dövlət başçısı rayon rəhbərliyinə xüsusi tapşırıqlar vermiş, onun icrasını nəzarətdə saxlamışdır. Məsələn, ölkə başçısı xanımı Mehriban Əliyeva ilə Slavyanka kəndində olarkən bir malakan ailəsinə baş çəkmiş, çay süfrəsi arxasında səmimi söhbətlər etmiş, onların həyat şəraiti ilə maraqlanmışdır. Həmin tarixi səfəri indi də həyatının ən unudulmaz anları kimi xatırlayan Gədəbəy rayonunun rus icmasının sədri Nikolay Bıçkov deyir ki, mən cənab Prezidentlə söhbət zamanı onun nə qədər müdrik, siyasətcil, əsl dövlət xadimi olduğunu bir daha yəqin etdim.
Nikolay Bıçkovu nəinki yaşadığı Novosaratovka kəndində, eləcə də bütün Gədəbəydə Kolya deyə çağırırlar. Onun evi daim qonaqlı-qaralı olur. Şəxsi evində yaratdığı muzeydə malakan məişətinə, onun tarixi keçmişinə aid çoxlu sayda əşya nümayiş etdirilir. Muzeydə tarixi anları yaşadan müxtəlif şəkillər maraq doğurur. Rayon tədbirlərində böyük həvəslə iştirak edən Kolya Azərbaycan dövlətinin, xüsusən ölkə rəhbəri İlham Əliyevin azsaylı xalqların nümayəndələrinə göstərdiyi diqqət və qayğıdan da danışır, bütün bunlara görə ona rus icması adından minnətdarlıq edir. Söz düşəndə deyir ki, Azərbaycan əsl tolerant ölkədir. Burada tarix boyu yerli əhali ilə yanaşı digər xalqların da nümayəndələri azad və xoşbəxt yaşamış və indi də yaşayırlar.
Nikolay Bıçkovla evində görüşdük. Azərbaycan dilində sərbəst danışan Kolya bizi səmimi qarşıladı və çalışdı ki, Gədəbəydə yaşayan rus icmasının hər bir üzvünə göstərilən diqqət və qayğıdan danışsın. Sözünün əvvəli də, axırı da bu oldu ki, mən bir çox respublikalarda olmuşam, azərbaycanlılar qədər mehriban və istiqanlı millət görməmişəm. Biz burada özümüzü çox sərbəst hiss edirik. Rayon rəhbərliyi tez-tez kəndimizə gəlir, sakinlərlə görüşlər keçirir. Qaldırdığımız bütün məsələlər qısa vaxtda öz həllini tapır.
Nikolay Bıçkov keçən ilin 8-9 sentyabrında Bakıda “Azərbaycan multikulturalizmi: din və dil siyasətinin inkişaf perspektivləri” mövzusunda keçirilən beynəlxalq konfransda iştirakından, orada etdiyi çıxışdan da danışdı. Dedi ki, çıxışını “Bizim vətənimiz Azərbaycandır” sözləri ilə başlayıb: “Sonra dedim ki, əsl multikultural ölkə olan Azərbaycanda hazırda ruslar, ukraynlar, tatarlar, yəhudilər və sair onlarla millətin nümayəndələri yaşayır və azərbaycanlılarla onlar arasında heç vaxt ayrı-seçkilik olmayıb. Əksinə, biz özümüzü həmişə bu ölkənin əsl vətəndaşı hesab etmişik. Dağlıq Qarabağ müharibəsi başlayanda malakan gəncləri də silaha sarılaraq erməni işğalçılarına qarşı döyüşdülər. Bu yolda Vladimir Koveşnikov qəhrəmancasına şəhid oldu. Bir sözlə, biz də azərbaycanlılar kimi, yaşadığımız torpağı göz bəbəyi tək qorumalıyıq.
Novoivanovka Ermənistanla həmsərhəd ərazidə yerləşdiyindən burada yaşayan malakanların əksəriyyəti 1990-cı illərin əvvəllərində kəndi tərk etməyə məcbur olub. Qalan malakanlar əkin-biçinlə məşğuldurlar. Azərbaycan Ordusunun gücünə inanan kənd sakinləri mətinlik nümayiş etdirərək öz yurdlarını tərk etmək fikrində deyillər. Dövlətdən hər cür dəstək görən yerli əhali ilə yanaşı malakanlar da inanırlar ki, tezliklə işğal altında olan torpaqlar geri qaytarılacaq.
İstər Slavyanka, istər Novosaratovka, istərsə də Novoivanovka kəndləri bu gün bütün infrastrukturla təmin edilib. Qaz, işıq və su problemi yoxdur. Kəndlərdə tibb məntəqələri, poçt binaları, elektron ATS-lər, mədəniyyət evləri, məktəb və uşaq bağçaları fəaliyyət göstərir. Daim dövlət qayğısı ilə əhatə olunan bu kəndlərdə həyat öz axarı ilə davam edir. Xüsusilə soyuq aylarda sakinlərin qış qayğıları ilə bağlı tez-tez rayon rəhbərliyi ilə görüşlər keçirilir. Kənd bələdiyyələri və icra nümayəndələri kəndlərin infrastrukturunda yaranan problemlərin vaxtında aradan qaldırılması üçün operativ işlər həyata keçirirlər.
Novosaratovka kənd icra nümayəndəsinin müavini Validə Hüseynova ilə söhbət zamanı dedi ki, kənd sakinləri bir-birinə o qədər qaynayıb-qarışıblar ki, bunun da nəticəsində çoxlu sayda beynəlmiləl ailələr yaranıb. Məsələn, mənim anam Lyubov milliyyətcə rusdur. 1953-cü ildə atam Aydın Hüseynovla ailə həyatı qurub. Bu birlikdən mən və qardaşım dünyaya gəlmişik. Yaxud kənd sakini Tahir Əliyev milliyyətcə malakan olan Qalina ilə evlənib. 4 övladları var. Kənd sakini Məhəmməd Əliyev də milliyyətcə malakan olan Tatyana ilə evlənib. İki oğlanları var.
Göründüyü kimi, Azərbaycan təkcə yeraltı və yerüstü sərvətləri ilə deyil, həm də zəngin multikultural dəyərləri ilə tanınır. Uzun illərdir ki, ölkəmizdə müxtəlif dinə və etnik mənşəyə malik xalqlar dost, qardaş, bərabərhüquqlu vətəndaşlar kimi yaşayır. Azərbaycan burada ömür sürən hər kəsin doğma vətəninə çevrilmişdir. Qonaqpərvərlik, dostcanlılıq, xeyirxahlıqla yanaşı, tolerantlıq da Azərbaycan xalqına xas olan mənəvi keyfiyyətlərdəndir. Xalqımız həmişə digər milli azlıqların öz dinlərini, dillərini və mədəniyyətlərini yaşatmalarına, onların tarixinin qorunmasına hörmətlə yanaşmışdır. Söz yox ki, hazırda bu siyasətin mərkəzində Prezident İlham Əliyev dayanır.

Sabir ƏLİYEV,
“Azərbaycan”