Alternative content

AZƏRBAYCAN RESPUBLİKASI MİLLİ MƏCLİSİNİN ORQANI

Venesuela Ali Məhkəməsi Maduronun “impiçment”ini qanunsuz sayır

10 Yanvar 2017
Venesuela Ali Məhkəməsi bəyan etmişdir ki, Milli Assambleya (parlament) ölkə Prezidenti Nikolas Maduronu hakimiyyətdən kənarlaşdırmaq səlahiyyətinə malik deyil. Bu barədə TASS agentliyi xəbər verir.

Məhkəmə 15 noyabr 2016-cı il tarixli qərarını xatırladaraq qeyd etmişdir ki, parlament dövlət başçısının siyasi məsuliyyətinin müəyyənləşdirilməsi proseduruna hazırlıq işlərini dayandırmalıdır. Bundan başqa, parlamentarların ictimai asayişi pozmağa yönəlik aksiyalara çağırış etməsi və onları həyata keçirməsi, əhalini hakimiyyət orqanlarının əleyhinə qaldırması, həmçinin konstitusiya ilə müəyyən olunmuş səlahiyyətlərdən kənara çıxması qadağandır.

Qeyd edək ki, bir neçə gün əvvəl müxalifətin nəzarət etdiyi Milli Assambleya Maduronu vəzifəsini tərk etmiş şəxs elan etmişdir. Müvafiq qətnaməni 163 deputatdan 106-sı dəstəkləmişdir. Hökumətpərəst parlamentarlar səsvermə zamanı iclas zalını tərk etmişlər. Sənəddə iddia olunur ki, Maduro səlahiyyətlərinin icrasından boyun qaçırır.