Alternative content

AZƏRBAYCAN RESPUBLİKASI MİLLİ MƏCLİSİNİN ORQANI

Xaçmazlı mühəndis həyətində ekzotik quşların saxlandığı zoopark yaratmaq istəyir

10 Yanvar 2017
Xaçmaz sakini həyətində ekzotik quşların saxlandığı zoopark yaratmaq istəyir.

AZƏRTAC xəbər verir ki, rayonun Alekseyevka kəndində yaşayan Ömər Hacıbalayev 5 ildən çoxdur şəxsi təsərrüfatında müxtəlif ekzotik quş növləri saxlayır.

İxtisasca mühəndis olan Ö.Hacıbalayevin fermasındakı quşların sayı artıq 150-yə çatıb. Təsərrüfatda tovuzquşu, linda qazı, yapon toyuqları, kəklik, Qafqaz qırqovulu, tutuquşu kimi, ümumilikdə, 25 növ ekzotik quş bəslənilir.

Ömər Hacıbalayev əvvəllər quşları yalnız maraq xatirinə saxlasa da, indi bu məşğuliyyətdən gəlir əldə etməyə də başlayıb. Təsərrüfatçı bildirib ki, saxladığı quşlar arasında ən qiymətlisi və diqqətçəkəni tovuzquşlarıdır. Bu quşların qiyməti 500-600 manat arasında dəyişir. Tovuzquşu yumurtasının 1 ədədi isə 45-50 manata satılır. Lakin tovuzquşu digər quşlara nisbətən az məhsuldardır. Üç ildən sonra yumurtlamağa başlayır və bir ilə cəmi 15 yumurta verə bilir.

Qafqaz qırqovulu isə bir ilə 200-ə yaxın yumurta verir. Yumurtanın biri 2 manata satılır. Qırqovulun qiyməti 30-40 manatadır. Bu baxımdan qırqovul bəsləmək daha gəlirlidir.

Təsərrüfatçı ekzotik quşların bəslənməsinin çətin olduğunu bildirir. Quşlara qulluq zamanı hər növün özünəməxsus xüsusiyyətlərini nəzərə almaq, qida rasionunu düzgün müəyyənləşdirmək və xəstəliklərdən qorumaq lazımdır.

Məktəblilər, kənd sakinləri təsərrüfatdakı quşlara maraq göstərir və tez-tez onları seyr etməyə gəlirlər. Buna görə də Ö.Hacıbalayev həyətində kiçik zoopark yaratmaq arzusundadır.