Alternative content

AZƏRBAYCAN RESPUBLİKASI MİLLİ MƏCLİSİNİN ORQANI

Ordubadlı gənclər həqiqi hərbi xidmətə yola salınıblar

10 Yanvar 2017
Ordubadlı gənclər müddətli həqiqi hərbi xidmətə yola salınıblar.

AZƏRTAC xəbər verir ki, yolasalma mərasimində Naxçıvan Muxtar Respublikası Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin Ordubad Rayon Şöbəsinin rəisi, mayor Vüqar Rəhimli çıxış edərək gəncləri təbrik edib, onlara hərbi xidmətdə uğurlar arzulayıb. O, Vətən qarşısında borcunu yerinə yetirməyə yola düşən çağırışçıların valideynlərini təbrik edib və əmin olduğunu bildirib ki, övladları ordu sıralarında ləyaqətlə xidmət keçməklə onların başını uca edəcəklər.

Vüqar Rəhimli deyib ki, ölkəmizdə bütün sahələr üzrə əldə edilən nailiyyətlər ordumuzun da hərtərəfli inkişafına və güclənməsinə səbəb olub. Bu gün Azərbaycanın, eyni zamanda, onun ayrılmaz tərkib hissəsi olan Naxçıvan Muxtar Respublikasının təhlükəsizliyini sayıqlıqla müdafiə edən müasir və güclü ordumuz var. Ordu quruculuğu sahəsində görülən işlər, ölkəmizin hərbi qüdrətinin yüksələn xətt üzrə inkişafı Silahlı Qüvvələrimizin istənilən anda işğal altındakı torpaqlarımızı azad etməyə qadir olduğunu göstərir.

Sonra Naxçıvan Muxtar Respublikası Müharibə, Əmək, Silahlı Qüvvələr və Hüquq-Mühafizə Orqanları Veteranları Şurasının Ordubad rayon təşkilatının sədri, istefada olan polkovnik-leytenant Fərrux Nağızadənin, rayon icra hakimiyyəti aparatının şöbə müdiri Etibar İsmayılovun və başqalarının çıxışları olub.

Çıxış edənlər Azərbaycan Ordusunun şanlı tarixindən, ulu öndər Heydər Əliyevin ikinci dəfə ölkə rəhbərliyinə qayıdışından sonra ordu quruculuğu sahəsindəki misilsiz xidmətlərindən söhbət açaraq bildiriblər ki, ölkəmizdə ordu quruculuğuna göstərilən dövlət qayğısı Silahlı Qüvvələrimizin hərtərəfli inkişafına və güclənməsinə səbəb olub.

Tədbirdə valideynlər adından Ramazan Əsgərov çıxış edərək övladının hərbi xidmətə yollanmasından qürur hissi keçirdiyini deyib, valideynlər adından çağırışçıları təbrik edib, gənclərə şərəflə xidmət etməyi arzulayıb.

Çağırışçılar adından çıxış edən Süleyman Süleymanlı bildirib ki, xidməti borclarını layiqincə yerinə yetirəcək, torpaqlarımızı göz bəbəkləri kimi qoruyacaqlar.

Tədbir Azərbaycan Respublikasının dövlət himninin səsləndirilməsi ilə başa çatıb.