Alternative content

AZƏRBAYCAN RESPUBLİKASI MİLLİ MƏCLİSİNİN ORQANI

Göyçaylı gənclər hərbi xidmətə yollanıblar

09 Yanvar 2017
Azərbaycan Respublikasının Prezidenti, Ali Baş Komandan İlham Əliyevin imzaladığı Sərəncama uyğun olaraq yanvarın 1-dən etibarən respublikamızın hər yerində, o cümlədən Göyçayda gənclərin hərbi xidmətə növbəti çağırış dövrü başlanıb.

AZƏRTAC xəbər verir ki, göyçaylı gənclər Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin rayon şöbəsinə gələrək həkim komissiyası tərəfindən aparılan tibbi müayinədən keçib, hərbi hissələrə yola düşüblər.

Gənclərin yola salınması münasibətilə keçirilən mərasimdə çıxış edən müharibə veteranları, ağsaqqallar, valideynlər ordu quruculuğu sahəsində qazanılan uğurlardan danışıb, gənclərə Vətənin keşiyində ayıq-sayıq dayanmağı, ölkəmizin ərazi bütövlüyünü möhkəm qorumağı, hərb işinin sirlərinə mükəmməl yiyələnməyi tövsiyə ediblər.

Qeyd olunub ki, bu gün vahid mərkəzdən idarə olunan və güclü maddi-texniki bazaya malik olan ordumuz istənilən döyüş tapşırığını yerinə yetirməyə qadirdir. Bildirilib ki, son illər Göyçay rayonunun gəncləri arasında hərbi çağırışdan yayınma halları qeydə alınmayıb. Bu da rayonun orta ümumtəhsil məktəblərində gənclərin hərbi-vətənpərvərlik ruhunda tərbiyəsinə xüsusi diqqət yetirilməsini göstərir. Rayon gənclərinin xidmət etdiyi hərbi hissələrdən valideynlərinə gələn minnətdarlıq məktubları hamıda qürur hissi doğurur.

Çıxışlardan sonra çağırışçı gənclər Azərbaycanın dövlət bayrağını öpüb, “Qurani Kərim” kitabının altından keçərək musiqi sədaları altında ordu sıralarına yola düşüblər.