Alternative content

AZƏRBAYCAN RESPUBLİKASI MİLLİ MƏCLİSİNİN ORQANI

FIFA dünya çempionatında iştirakçı komandaların sayını artıracaq

09 Yanvar 2017
Bu ilin martında FIFA futbol üzrə dünya çempionatının formatında dəyişikliyi təsdiqləməyə hazırlaşır.

AZƏRTAC “Globo”ya istinadla xəbər verir ki, yeniliyə 2026-cı ildən start veriləcək. Dünya çempionatının 32 deyil, 48 milli komanda ilə keçirilməsi nəzərdə tutulur.

Mundialda hər birində 3 komanda olmaqla, 16 qrup formalaşdırılacaq. Hər qrupdan ən güclü ilk iki komanda “pley-off”a yüksələcək.

Əgər beynəlxalq futbol qurumu bu təşəbbüsü qəbul edərsə, onda hər bir qitə daha çox yığma ilə iştirak etmək imkanına sahib olacaq.

İlkin plana görə, Avropaya - 16, Afrikaya – 9,5 (10-cu vəsiqəni qazanmaq istəyən digər qitə təmsilçisi ilə görüş keçirməlidir), Asiyaya – 8,5, KONMEBOL-a – 6,5, KONKAKAF-a 6,5, Okeaniyaya isə bir yer verilib.

Hesablamaya görə, təklif olunan islahat dünya çempionatlarının maliyyə cəhətdən gəlirlərini də artıracaq.

Qeyd edək ki, FIFA komanda sayının 40-a çatdırılma təklifini rədd edib. İndiyədək dünya çempionatı bir neçə formatda təşkil olunub. 1930-cu ildə Uruqvayda keçirilmiş mundialda 13 iştirakçı olubsa, 1934-cü ildə İtaliyaya 16 komanda toplaşıb. 1938-ci il dünya çempionatında 15, 1950-ci ildə 13 komanda çıxış edib. 1954-cü ildən 1978-ci ilədək 16 komanda mübarizə aparıbsa, 1982-ci ildə iştirakçıların sayı 24-ə çatıb. 1998-ci ildən bu yana isə dünya çempionatlarında 32 ölkə təmsil olunur.