Alternative content

AZƏRBAYCAN RESPUBLİKASI MİLLİ MƏCLİSİNİN ORQANI

Zaqatalada müharibə əlilləri və şəhid ailələri üçün yeni evlər tikilir

09 Yanvar 2017
Qarabağ müharibəsi əlilləri və şəhid ailələrinin sosial-məişət şəraitini yaxşılaşdırmaq üçün Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin sifarişi ilə hazırda Zaqatala rayonunda 11 fərdi ev inşa edilir. Bu evlərdən altısının tikintisi artıq tamamlanmaq üzrədir, beşinin tikintisinə isə yeni başlanılıb. Evlərin 2017-ci ildə istifadəyə verilməsi nəzərdə tutulur.

Bu barədə AZƏRTAC-a Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Sosial Müdafiə Fondu Zaqatala rayon şöbəsinin müdiri Nəsrulla Həsrətov məlumat verib.

Evlərin tikintisi Prezident İlham Əliyevin 2014-cü il iyunun 20-də imzaladığı “Azərbaycan Respublikasının ərazi bütövlüyünün, müstəqilliyinin və konstitusiya quruluşunun müdafiəsi ilə əlaqədar əlil olmuş şəxslərin və şəhid ailələrinin sosial-məişət şəraitinin yaxşılaşdırılmasına dair əlavə tədbirlər haqqında” Sərəncamın icrasına uyğun olaraq həyata keçirilir.

Sözügedən Sərəncama əsasən, 2016-cı ildə Zaqatala rayonunda 13 ev tikilərək Qarabağ müharibəsi əlilləri və şəhid ailələrinə təqdim olunub.

Ümumiyyətlə, 2018-ci ilin sonunadək bu kateqoriyadan olan digər şəxslərin də mərhələlərlə yeni fərdi ev və mənzillərlə təmin edilməsi nəzərdə tutulur.