Alternative content

AZƏRBAYCAN RESPUBLİKASI MİLLİ MƏCLİSİNİN ORQANI

Strateji Yol Xəritəsi ölkə iqtisadiyyatının rəqabətqabiliyyətliliyini, inklüzivliyini və sosial rifahın artırılmasını təmin edəcək

09 Yanvar 2017
Ümummilli lider Heydər Əliyevin neft strategiyası Azərbaycanın müstəqilliyinin təminatçısı olmaqla yanaşı, ölkədə bazar iqtisadiyyatının formalaşmasında da əhəmiyyətli rol oynayır. Neft strategiyası bazar iqtisadiyyatına keçidi, ölkədə ilkin kapital yığımını təmin etdi. Azərbaycan artıq yeni mərhələdə bazar münasibətləri əsasında sosialyönümlü iqtisadiyyatın davamlı inkişafına şərait yaradır, azad sahibkarlığa təminat verir, iqtisadi münasibətlərdə inhisarçılığa və haqsız rəqabətə yol vermir. Çünki Azərbaycan Respublikasının Konstitusiyası sosialyönümlü iqtisadiyyatın inkişafını tələb edir.

Bu fikirləri Azərbaycan Dövlət İqtisad Universitetinin (UNEC) iqtisadiyyat fakültəsinin dekanı, dosent Asiman Quliyev AZƏRTAC-a müsahibəsində bildirib.

Ekspert qeyd edib ki, Azərbaycan Respublikası Prezidentinin 2016-cı il 6 dekabr tarixli Fərmanı ilə təsdiq edilmiş “Azərbaycan Respublikasının milli iqtisadiyyat perspektivi üzrə Strateji Yol Xəritəsi” postneft dövrünün 2016-2020-ci illər üçün iqtisadi inkişaf strategiyasını və tədbirlər planını, 2025-ci ilədək olan dövr üçün uzunmüddətli baxışı və 2025-ci ildən sonrakı dövrə hədəf baxışını müəyyənləşdirib.

Strateji Yol Xəritəsinin hazırlanmasında yerli, xarici mütəxəssislərlə əhəmiyyətli görüş və tədbirlər keçirilib. Çoxsaylı yazılı təklif verilib. Nobel mükafatçıları və ölkənin müxtəlif təbəqəli vətəndaşları ilə müzakirələr aparılıb. İnklüziv müzakirələr Strateji Yol Xəritəsinin milli sənəd olmasını təmin edib.

On bir istiqamət üzrə təsdiq edilmiş “Azərbaycan Respublikasının milli iqtisadiyyat perspektivi üzrə Strateji Yol Xəritəsi” davamlı iqtisadi inkişaf əsasında ölkə iqtisadiyyatının rəqabətqabiliyyətliliyini, inklüzivliyini və sosial rifahın artırılmasını təmin edəcək.