Alternative content

AZƏRBAYCAN RESPUBLİKASI MİLLİ MƏCLİSİNİN ORQANI

Avrasiyanın yeni idman paytaxtı

08 Yanvar 2017
 

Azərbaycan ötən il də mötəbər idman turnirlərinə evsahibliyi etdi

 

Son illər böyük inkişaf yolu keçən Azərbaycan bir çox sahələrdə mühüm uğurlara imza atmışdır. Bu fakt daim dünya ictimaiyyətinin diqqətini cəlb etmişdir. Beynəlxalq təşkilatlar da öz tədbirlərini keçirərkən bu məqamı nəzərə alır. İndiyədək Azərbaycanda beynəlxalq təşkilatların çoxlu sayda tədbirləri keçirilmişdir. Bu, dünya miqyaslı idman turnirlərinə də aiddir.
Azərbaycanda keçirilən Avropa və dünya çempionatları silsilə xarakteri daşıyır. Müxtəlif beynəlxalq turnirlərin - bədii gimnastika, taekvondo, güləş, boks, karate və olimpiya növlərinə daxil olan digər idman yarışlarının təşkili ölkəmizə böyük imic qazandırmışdır.
Ümumiyyətlə, 2016-cı ildə ölkəmizdə 52 beynəlxalq yarış keçirilmişdir. Ötən ilin ən yaddaqalan idman turnirlərindən biri dünyanın ən nüfuzlu avtomobil yarışlarından olan “Formula-1” Avropa Qran-prisinin Bakı mərhələsinin keçirilməsi idi. İyunun 17-19-da təşkil olunan sürət yarışında 11 komandanın 22 pilotu qələbə uğrunda mübarizə aparırdı. Təxminən saat yarım davam etmiş yarışda bolidlər 6 kilometr məsafədə 51 dövrə vurmuşdur.
“Mersedes” komandasının almaniyalı pilotu Niko Rosberq 1 dəqiqə 48,942 saniyə nəticə ilə qələbə qazanmışdır. İkinci yerə daha bir almaniyalı pilot, “Ferrari” komandasının üzvü Sebastyan Fettel çıxmışdır. Üçüncü yeri isə “Force İndia”nın meksikalı pilotu Serxio Peres tutmuşdur. Sürət, çağırış və cazibə sözləri ilə simvolizə olunan Bakı Şəhər Halqası “Formula-1” yarışlarının ən yeni turniri idi. İndiyədək olduğu bütün yarışlardakı kimi, bu dəfə də ölkəmizdə ən yüksək səviyyədə keçirilmiş “Formula-1” Avropa Qran-prisi bütün dünyada əks-səda doğurmuş və 500 milyon tamaşaçı tərəfindən izlənmişdir.
Bakıya gəlmiş qonaqlara yarışları izləmək və gözəl istirahət etmək üçün hər cür şərait yaradılmışdı. Azərbaycana təşrif gətirmiş turistlər bənzərsiz əyləncə proqramının da şahidi oldular. Avtoqraf sessiyalarında tamaşaçılar sevimli komandalarının pilotları ilə görüşmək imkanı qazanmışdılar. Pit Yolu Gəzintisi də “Formula-1” aləminə maraqlı səyahət olmuşdu. Paytaxtımızın hər bir qonağı Azərbaycanın mədəniyyəti ilə tanış olmaq imkanı əldə etmişdi. Xaricdən gəlmiş tamaşaçılar Azərbaycan Mədəniyyəti guşəsində tarixi sənətkarlıq və ticarət ənənələrinin sirləri, o cümlədən xalçaçılıq, şüşə üzərində nəqqaşlıq, kəlağayı boyama, dulusçuluq, şəbəkə, taxta üzərində oyma, miniatür musiqi alətlərinin hazırlanması və s. barədə məlumat əldə etdilər. Ölkəmizin qonaqları bir daha tariximiz, mədəniyyətimiz, mətbəximiz, qonaqpərvərliyimizlə yaxından tanış olub xoş təəssüratlarla vətənlərinə yola düşdülər.
Ötən ilin may ayında Azərbaycan daha bir nüfuzlu yarışa evsahibliyi etdi. Bakıda 17 yaşlı futbolçular arasında 34-cü Avropa çempionatı keçirildi. Mayın 21-dək davam edən qitə birinciliyində 16 ölkənin - Azərbaycan, Belçika, Portuqaliya, İsveç, İngiltərə, Ukrayna, İtaliya, Bosniya və Herseqovina, Almaniya, Hollandiya, Danimarka, Serbiya, Fransa, İspaniya, Şotlandiya və Avstriya milli komandaları iştirak etdi.
Azərbaycan qitə çempionatını qəbul edən sayca 26-cı ölkə idi. Belə bir turniri təşkil etmək hüququnun ölkəmizə verilməsi heç də təsadüfi deyildi. Çempionatın final mərhələsinin ölkəmizdə təşkil olunması haqqında qərar 20 mart 2012-ci ildə UEFA İcraiyyə Komitəsinin İstanbulda keçirilmiş iclasında qəbul olunub. Turnirin yerli təşkilat komitəsi ötən müddət ərzində nəzərdə tutulan bütün işləri vaxtlı-vaxtında icra edib, üzərinə götürdüyü öhdəlikləri yerinə yetirib. Stadionlar tələb olunan səviyyəyə çatdırılıb.
Çempionat çərçivəsində 31 qarşılaşma Bakı Olimpiya Stadionu, Bakcell Arena, Dalğa Arena və Tofiq İsmayılov adına Suraxanı qəsəbə stadionunda keçirilib Turnirin qalibi adını isə finalda İspaniya yığmasına qalib gələn Portuqaliya millisi qazanıb.
Paytaxtımızın 2016-cı ildə evsahibliyi etdiyi möhtəşəm turnirlərdən biri də Ümumdünya Şahmat Olimpiadası idi. Sayca 42-ci dəfə təşkil olunan yarışda 175 ölkədən 181 kişi və 142 qadın komandası medallar uğrunda mübarizə aparırdı. Bu, ölkələrin sayına görə olimpiadalar tarixində rekord göstərici idi. Ölkəmiz bu yarışlarda üç qadın və üç kişi komandası ilə təmsil olunurdu.
Əsas ümidlər Azərbaycanın kişilərdən ibarət komandası ilə bağlı idi. Yüksək reytinqə malik beynəlxalq qrossmeysterlərimiz Şəhriyar Məmmədyarov, Teymur Rəcəbov, Arkadi Naydiç, Rauf Məmmədov və Eltac Səfərlidən ibarət komandamız medallar uğrunda mübarizə aparırdı. Yekunda kişilərdən ibarət əsas komandamız 15 xal toplayaraq yarışları 12-ci pillədə başa vurdu. Azərbaycan-2 komandası 14 xalla 26-cı oldu. Üçüncü komandamız isə 13 xalla 49-cu pillədə qərarlaşdı.
Olimpiadanın qalibi isə 20 xal qazanan ABŞ millisi oldu. Eyni xala malik Ukrayna yığması əlavə göstəricilərə görə ikinci yerdə qərarlaşdı. Üçüncü yeri isə 18 xalla Rusiya millisi tutdu.
Qadınlardan ibarət Azərbaycan-1 komandasının qarşısına isə ilk onluqda yer almaq vəzifəsi qoyulmuşdu. İnamlı təsir bağışlayan şahmatçılarımız (Zeynəb Məmmədyarova, Günay Məmmədzadə, Gülnar Məmmədova, Aydan Höcətova və Nərmin Kazımova) ilk 7 turda məğlubiyyətsiz çıxış etdilər. Səkkizinci turda gələcək çempionlara - Çin idmançılarına və Olimpiadanın bürünc mükafatçısı Ukrayna yığmasına məğlub olan komandamız sonradan toparlanaraq Kolumbiya və Malayziya üzərində qələbə qazandı. Beləliklə, yekunda 8-ci yeri tutan qadın şahmatçılarımız ümidləri doğrultdular. İkinci və üçüncü komandalarımız hərəyə 13 xal topladı. Lakin əlavə göstəricilərə görə Azərbaycan-3 şahmatçıları 30-cu, Azərbaycan-2 komandası isə 32-ci yeri tutdu.
Olimpiadanın qalibi isə 20 xal toplayan Çin şahmatçıları oldular. Polşa yığması 18 xalla 2-ci yeri tutdu, Ukrayna millisi isə 17 xalla 3-cü yerə yiyələndi.
Martın 5-6-da Bakıda ilk dəfə batut gimnastikası üzrə Beynəlxalq Gimnastika Federasiyasının (FIG) dünya kuboku yarışları keçirildi. Milli Gimnastika Arenasında təşkil edilən yarışlarda Avropa ölkələri ilə yanaşı, Yaponiya, Avstraliya, eləcə də ABŞ-ı təmsil edən idmançılar iştirak edirdilər. Ümumilikdə dünyanın 17 ölkəsindən 77 (46 kişi və 31 qadın) gimnast fərdi və sinxron proqramda medallar uğrunda mübarizə apardı.
Qadınların sinxron çıxışlarında Belarus təmsilçiləri Anna Narçonak və Tatsiana Piatrenia dünya kuboku yarışlarının qızıl medalını qazandılar. Ukraynalı cütlük Nataliya Moskvina-Marina Kiko ikinci, Rusiya batutçuları Yana Pavlova və Viktoria Voronina isə üçüncü oldular. Azərbaycan təmsilçiləri Svetlana Makştarova və Sabina Zaytseva isə dünya kuboku yarışlarını yeddinci pillədə başa vurdular.
Kişi batutçular arasında sinxron cütlüklərin yarışında Rusiya idmançıları Nikolay Federenko və Dmitri Uşakov fəxri kürsünün ən yüksək pilləsində yer aldılar. Belaruslu Vladislav Xançarov və Mikalay Kazak ikinci, Portuqaliya idmançıları Dioqo Qançinho və Dioqo Abreu üçüncü oldular. Azərbaycan təmsilçiləri Dmitri Fedrovski və Ruslan Ağamirov dördüncü pillədə qərarlaşdılar.
Qadınların fərdi çıxışlarında belaruslu gimnastlar ilk iki pillədə yer aldılar. Anna Narçonak qızıl, Tatsiana Piatrenia gümüş medala sahib oldular. Bürünc medalı isə Böyük Britaniya təmsilçisi Ketrin Driskol qazandı. Azərbaycan idmançısı Svetlana Makştarova dünya kuboku yarışlarını yeddinci pillədə başa vurdu.
Kişilərin fərdi çıxışlarında rusiyalı Dmitri Uşakov qızıl medal qazandı. Belarus təmsilçisi Vladislav Xançarov ikinci, portuqaliyalı Dioqo Qançinho isə üçüncü pillədə yer aldılar.
Mayın 6-8-də ulu öndər Heydər Əliyevin xatirəsinə həsr olunmuş cüdo üzrə Grand Slam (“Böyük dəbilqə”) turniri keçirildi. 89 ölkədən 594 idmançının mübarizə apardığı yarışda idmançılarımız 2 medal qazandılar. Rüstəm Orucov (73 kq) və Tərlan Kərimov (66 kq) 3-cü yerlə kifayətləndilər.
Sentyabrın 18-23-də Qəbələdə güllə və stend atıcılığı üzrə gənclər arasında dünya kuboku keçirildi. Yarışda 31 ölkədən 281 idmançı iştirak edirdi. Yekunda medalların ümumi sayına görə Rusiya komandası 25 medalla birinci, Hindistan idmançıları 24 medalla ikinci, Çin atıcıları 8 medalla üçüncü yeri tutdu.

Elçin CƏFƏROV,
“Azərbaycan”