
Azərbaycan İrsinin Təbliği Assosiasiyası Kanadada mədəniyyət festivallarında iştirak edir
Kollektivin çoxşaxəli fəaliyyəti və daim genişlənən repertuar ifaçıların ən müxtəlif kütləvi tədbirlərdə çıxış etməsinə imkan verir. Azərbaycan İrsinin Təbliği Assosiasiyası ciddi və səmərəli fəaliyyət göstərən kollektiv kimi tanınıb.
2016-cı ilin yayında AHDA kollektivi Kanadanın Kalqari və Edmonton şəhərlərində keçirilən musiqi irsi festivallarında iştirak edib. Kanadada yaşayan xalqların musiqi və rəqslərinin təqdim edildiyi bu tədbirlərdə Assosiasiyanın rəqs qrupu “Naz eləmə”, “Qaval”, “Ləzginka”, “Yallı”, “Daşlı qaya”, “Uzundərə” və digər Azərbaycan rəqslərini təqdim edib. AHDA həm də Kalqaridə imkansız ailələrə kömək məqsədi ilə təşkil olunmuş “United Way” xeyriyyə konsertində iştirak edib. AHDA kollektivinin Kanadada keçirilən musiqi irsi festivallarında çıxışlarının əsas məqsədi yerli tamaşaçıları Azərbaycan mədəniyyəti ilə tanış etməkdir.
Yusif Babanlı
AZƏRTAC-ın xüsusi müxbiri
Vaşinqton