Alternative content

AZƏRBAYCAN RESPUBLİKASI MİLLİ MƏCLİSİNİN ORQANI

Tənzimləmədən sonra əksər dərmanların qiymətləri əvvəlkindən də aşağıdır

06 Yanvar 2017
 

Bu, əhalinin sosial müdafiəsinin daha da gücləndirilməsinə yönəlmiş tədbirlər sisteminin tərkib hissəsidir

 

2015-ci ilin ortalarından başlayaraq dərman vasitələrinin qiymətlərinin tənzimlənməsi prosesi həyata keçirilib. Bu proses intensiv şəkildə davam etdirilib və müxtəlif doza və qablaşdırma miqdarı nəzərə alınmaqla dövlət qeydiyyatına alınmış 10166 dərman vasitəsinin qiymətləri təsdiq olunub. 2016-cı ilin 1 sentyabr tarixindən etibarən yalnız qiymətləri təsdiq edilmiş dərman vasitələrinin satışına icazə verilir.

İqtisadiyyat naziri, Tarif (qiymət) Şurasının sədri Şahin Mustafayevin AZƏRTAC-a verdiyi müsahibədə bildirdiyinə görə, manatın məzənnəsində baş verən dəyişikliklərə baxmayaraq, qiymət tənzimlənməsi nəticəsində dərman vasitələrinin çox hissəsinin qiymətləri əvvəlki qiymətlərdən yenə də dəfələrlə aşağıdır. Təhlillər göstərir ki, daha çox tələbat olan, məsələn, xolesterin tənzimləyici, qan durulaşdırıcı, ağrıkəsici, təzyiq, diabet, allergiya və astma əleyhinə, mədə-bağırsaq və sinir sistemi xəstəliklərində istifadə olunan və s. dərmanların qiymətləri dəfələrlə, bir sıra hallarda 5-10 dəfə aşağı salınıb. Nəticədə həm əhalinin xərclərinə, həm də dərman idxalı ilə bağlı ölkədən valyuta çıxışına qənaət olunur. 2014-cü ildə bir qutu dərman vasitəsinin orta idxal qiyməti 3 ABŞ dolları təşkil etdiyi halda, həmin göstərici tənzimləmədən sonra 1,4 ABŞ dolları səviyyəsinə enib. Beləliklə, tənzimləmə nəticəsində əhalinin və dövlət büdcəsinin dərmanla bağlı xərclərinə il ərzində 400 milyon, idxal olunan dərmanlara görə xaricə ödənilən valyuta vəsaitinə isə 250 milyon ABŞ dollarından artıq qənaət edilir.

Ölkəmizdə tətbiq edilən tənzimləmə metodu “referans qiymət yanaşması” adlanır. Bu beynəlxalq təcrübədə ən geniş yayılan mütərəqqi tənzimləmə üsuludur. Ş.Mustafayev bildirir ki, Azərbaycan dərman vasitələrilə bağlı referans qiymət sistemini aydın metodologiya çərçivəsində və şəffaf şəkildə ən qısa zamanda uğurla tətbiq edən ölkə kimi nümunə göstərilir. Həmin metodologiya hazırlanarkən Avropa ölkələri də daxil olmaqla 20-yə yaxın ölkənin təcrübəsi öyrənilib. Bu mexanizm optimal qiymətlərin müəyyənləşdirilməsinə tam imkan verir.

Qanunvericilikdə həm topdansatış əczaçılıq müəssisələri, həm də aptek təşkilatları üçün mütərəqqi beynəlxalq təcrübə nəzərə alınmaqla məqbul səviyyədə - hər biri üçün 20 faizədək marja nəzərdə tutulur. Bu normal rentabelli fəaliyyəti təmin edir, dərman vasitələrinin idxalı və təchizatı baxımından heç bir problem yaratmır. Yeri gəlmişkən, ötən il ərzində 2015-ci illə müqayisədə qutu sayı ilə ifadədə ölkəyə dərman vasitələrinin idxalı 20 faiz artıb. Bu barədə danışan Ş.Mustafayevin sözlərinə görə, buna baxmayaraq, manatın dollara olan məzənnəsinin dəyişməsi və idxalçıların banklardan xarici valyuta alışındakı çətinliklər səbəbindən ötən ilin noyabr ayının ikinci yarısında dərman vasitələrinin aptek təşkilatlarına təchizatında müvəqqəti problemlər yaranmışdı: “İdxalçıların xarici valyuta alışındakı çətinlikləri həllini tapdıqdan və Tarif (qiymət) Şurasının 2016-cı il 28 noyabr tarixli qərarı ilə dərman vasitələrinin qiymətləri manatın cari rəsmi məzənnəsinə uyğunlaşdırıldıqdan sonra aptek təşkilatlarının təchizatı ilə bağlı problem aradan qaldırılıb. Gələcəkdə manatın məzənnəsindəki dəyişikliklərin dərman təchizatına təsirinin neytrallaşdırılması və daha çevik tədbirlərin görülməsi məqsədilə dövlət qeydiyyatına alınmış dərman vasitələrinin qiymətlərinin tənzimlənməsi və həmin qiymətlərə nəzarətin həyata keçirilməsi qaydasında müvafiq dəyişikliklər edilib. Tənzimləmədən sonra bu sahədə şəffaflıq təmin edilib, ictimai və dövlət nəzarəti güclənib, artıq hər bir vətəndaş hansı dərmanın hansı qiymətə olduğunu bilir və dərmanlar bütün apteklərdə eyni qiymətə satılmaqla, vətəndaşların ucuz aptek axtarmaq zərurəti tam aradan qalxır və süni qiymət artımının qarşısı alınır. Uzun illər sabit məzənnə rejiminin tətbiq edildiyi ölkəmizdə dəyişən məzənnə rejimində dərman vasitələrinin qiymətləri ilə manipulyasiya etmək halları tam aradan qaldırılıb. Belə ki, Tarif (qiymət) Şurasının qərarı olmadan dərman vasitələrinin qiymətlərində hər hansı bir dəyişiklik, o cümlədən qiymətlərin bahalaşması qanunaziddir”.

Tarif (qiymət) Şurasının sədri onu da qeyd edir ki, tənzimləmədən əvvəl, məzənnənin sabit olduğu bir dövrdə dərman vasitələrini dəfələrlə baha satan “marketinq firmaları” tənzimləmə aparılmasaydı, məzənnənin belə dəyişməsindən istifadə edərək dərman vasitələrini hazırkı qiymətlərdən dəfələrlə baha qiymətə satacaqdılar. Bu mənada tənzimləmənin məqsədi dərman vasitələri üzrə optimal qiymətlərin tətbiqinə nail olmaqdır. 

Dərman bazarı öz xüsusiyyətlərinə görə digər bazarlardan fərqlənir və bu sahədə sərbəst rəqabətin olması qiymətlərin aşağı düşməsini təmin etmir. Bu barədə danışan Şahin Mustafayev deyir: “Vətəndaş digər məhsullardan fərqli olaraq dərman vasitəsini öz istəyi və seçimi əsasında almır. Vətəndaş ona təyin olunan dərman vasitəsini almaq məcburiyyətindədir. Qiymətlər sərbəst olduğu halda isə “marketinq firmaları” bundan istifadə edərək müxtəlif “yollarla” qiymətləri dəfələrlə artırırlar. Məhz bu kimi xüsusiyyətlər nəzərə alınaraq, dərman vasitələrinin qiymətləri “maya dəyəri”, “keyfiyyət” kimi amillər əsasında deyil, istinad ölkələrində qiymətlərin müqayisəsinə dayanan referans qiymət sistemi əsasında bir sıra inkişaf etmiş və tam liberal Avropa ölkələrində də bu və ya digər formada dövlət tərəfindən tənzimlənir”. 

Məlum olduğu kimi, tənzimləmə prosesi dərman vasitələrinin ticarət adından asılılığının tədricən aradan qalxmasını və ən əsası qiymət intizamına ictimai nəzarəti zəruri edir: “Bu çərçivədə həm həkimlər, həm də apteklərdə çalışan əczaçılar sosial və peşə məsuliyyətlərinə uyğun olaraq əhalinin maariflənməsinə öz töhfələrini verməli, həkim reseptinə dərman vasitələrinin ticarət adı əvəzinə tərkibi yazılmalıdır. Dərman vasitələrinin üzərində qiymətin göstərilməməsi, tənzimlənmiş qiymətlərdən fərqli qiymətə satılması və ya qiymətləri tənzimlənmədən satılması qiymət intizamının pozulması və istehlakçıların aldadılması deməkdir. Bununla bağlı İnzibati Xətalar Məcəlləsinə də müvafiq dəyişikliklər edilib və belə hallara yol verən əczaçılıq subyektləri barəsində qanunvericilikdə ciddi məsuliyyət tədbirləri nəzərdə tutulur”.

Vətəndaşlar bir çox hallarda dərman vasitəsi kimi bioloji fəallığa malik qida əlavələrinin qiymətlərindən şikayətlənirlər. Bu barədə danışan Ş.Mustafayev bildirir ki, bioloji fəallığa malik qida əlavələri dərman vasitəsi deyildir və onların qiymətləri digər ölkələrdə də dövlət tərəfindən tənzimlənmir. Bununla bağlı “Dərman vasitələri haqqında” qanuna müvafiq dəyişikliklər edilib. Artıq bioloji fəallığa malik qida əlavələrinin həkim reseptinə yazılması qadağandır, üzərində və içlik vərəqlərində aydın şəkildə “dərman vasitəsi deyildir” sözləri yazılmalıdır. Reklam edilərkən də onların dərman vasitəsi olmadığı haqqında məlumat verilməlidir.

Azərbaycanda qeyri-neft sektorunun inkişaf etdirilməsi sahəsində həyata keçirilən tədbirlərdən biri də ölkəmiz üçün yeni sənaye sahəsi olan əczaçılıq məhsullarının istehsalı sənayesinin yaradılmasıdır. “Bu məqsədlə xüsusi olaraq Pirallahı Sənaye Parkı yaradılıb. Ötən ilin noyabr ayında sənaye parkında Rusiya ilə birgə müəssisənin - Almaniya və İtaliyanın aparıcı şirkətlərinin mühəndislik işlərindən istifadə olunmasını nəzərdə tutan əczaçılıq zavodunun təməli qoyulub. İnvestisiya dəyəri 74 milyon ABŞ dolları olan zavodda onkologiya, QİÇS, sinir sistemi, kardio-vaskulyar, diabet, sümük-əzələ və tənəffüs sistemi təyinatlı dərmanlar, antibiotiklər, virus və diareya əleyhinə preparatlar, həmçinin rentgen-kontrast və maqnit rezonans müayinələr üçün əlavələr istehsal ediləcək. Ümumilikdə, zavodda birinci mərhələdə 58 təsiredici maddə üzrə 89 çeşiddə dərman vasitələri istehsal olunacaq. Zavodun illik istehsal gücü 22,5 milyon qutu və ya 500 milyon ədəd həb və kapsul təşkil edəcək. Gələcəkdə istehsal daha da genişləndiriləcək. Bununla yanaşı, yanvar ayında İran ilə də birgə müəssisə formasında əczaçılıq zavodunun təməlinin qoyulması nəzərdə tutulur. İstehsal müəssisəsinin yaradılmasının mərhələli şəkildə icrası planlaşdırılır. Birinci mərhələdə həb və kapsul, ikinci mərhələdə ampul və flakon, üçüncü mərhələdə isə daha geniş çeşiddə antibiotik dərmanların istehsalı planlaşdırılır. Layihənin birinci mərhələsinin dəyəri 20,5 milyon ABŞ dolları təşkil edəcək. Bu zaman 54 təsiredici maddə üzrə 84 çeşiddə ağrıkəsici, vitamin, iltihab əleyhinə vasitə və antibiotik, kardiovaskulyar, antihistamin və antiallergik, qan təzyiqi problemləri, göbələk, sinir sistemi və qastroenteroloji xəstəliklərə qarşı dərman vasitələri istehsal ediləcək” - deyə Ş.Mustafayev bildirir.

Əczaçılıq məhsullarının birgə istehsalı üzrə Türkiyə və Ukraynanın bir neçə şirkəti ilə də danışıqlar aparılır. Artıq həmin şirkətlər tərəfindən müvafiq biznes plan və əsaslandırma sənədləri hazırlanır. Eyni zamanda, Azərbaycanda əczaçılıq sənayesinin təşkilinə aparıcı Avropa şirkətlərinin cəlb edilməsi istiqamətində işlər görülür. Belə ki, İqtisadiyyat Nazirliyinin nümayəndə heyəti Almaniya və İsveçrəyə səfər edərək potensial tərəfdaş şirkətlərlə müzakirələr aparıb. Onlar Azərbaycanda əczaçılıq məhsullarının istehsalı sahəsində əməkdaşlığa dair maraqlarını ifadə ediblər. 

Əczaçılıq zavodları ilə yanaşı, tibbi təyinatlı digər məhsulların da ölkəmizdə istehsalına investorlar tərəfindən maraq var. Hazırda birdəfəlik şprislərin istehsalı layihəsinin icrası ilə bağlı işlər aparılır. Ümumiyyətlə, Azərbaycanda yaradılacaq dərman istehsalı zavodları ölkəmizin əczaçılıq sənayesinin inkişafında və məşğulluğun təmin olunmasında əhəmiyyətli rol oynamaqla, yerli istehsal hesabına əhalini keyfiyyətli dərman məhsulları ilə təmin edəcək, bu sahədə idxaldan asılılığı azaldacaq və ixrac potensialını artıracaq.

Dərman vasitələrinin qiymətlərinin tənzimlənməsi davamlı prosesdir. Bütün bunlar həm vətəndaşların maraqlarına uyğundur, həm də əczaçılıq sahəsində yerli istehsalın inkişafına, icbari tibbi sığorta sisteminin tətbiqinə öz töhfəsini verməkdədir. Ən əsası bu islahatlar Prezident İlham Əliyevin rəhbərliyi ilə həyata keçirilən və əhalinin sosial müdafiəsinin daha da gücləndirilməsinə yönəlmiş kompleks və ardıcıl tədbirlər sisteminin mühüm tərkib hissəsidir.