Alternative content

AZƏRBAYCAN RESPUBLİKASI MİLLİ MƏCLİSİNİN ORQANI

Məktəbdə müəllimdir, təsərrüfatda kümçü

06 Yanvar 2017
 

Kəndimiz Balakən rayonunun ən iri yaşayış məntəqələrindəndir. Bu ilin əvvəlində ölkə Prezidenti İlham Əliyevin ənənəvi kənd təsərrüfatı sahələrinin inkişaf etdirilməsi ilə bağlı göstərişlərinə kənddə də qoşulanlar çox oldu.

Onlardan biri Məryəm Umrayevadır. Onu nümunə göstərməyim də səbəbsiz deyil, ziyalı təbəqəsini təmsil edir. Katex tam orta məktəbinin rus dili və ədəbiyyatı müəllimidir, eyni zamanda, psixoloq ştatı üzrə də fəaliyyət göstərir. 16 illik pedaqoji təcrübəyə malikdir. Dolanışığı da pis deyil.  Bununla belə, aqrar-təsərrüfat işləri ilə də məşğul olmaq, ipəkqurdu bəsləmək qərarına gəlib.  Ailə üzvləri də ona dəstək verib. 

Beləliklə,  ipəkqurdu toxumu götürüb işə başladı. Tək çətinliyi tut ağaclarının azlığı, yəni, qurdların yemlənməsi ilə  bağlı oldu.  İmkan daxilində biz ona  yemlə bağlı  yardım etdik. Təxminən 40 gün ərzində çəkilən zəhmət bəhrəsini verdi: 170 kiloqram barama istehsal edildi. Bu da təxminən 1400 manat gəlir deməkdir. Az müddət ərzində bu qədər vəsaitin qazanılması kəndli ailəsi üçün böyük stimuldur. 

Müəllimliklə bərabər, Məryəm Umrayevanın ölkə iqtisadiyyatına öz töhfəsini verməyə, bununla həm də ailə rifahını yüksəltməyə   çalışması təqdirəlayiq haldır. O, bu təşəbbüsü ilə digərlərinə nümunədir.

Məryəm müəllim bu il də təkrar ipəkqurdu bəsləmək niyyətindədir. Yem təminatı yaxşılaşacağı təqdirdə istehsal həcmini artırmağı planlaşdırır. Biz də öz növbəmizdə ona əlimizdən gələn köməyi göstərməyə hazırıq.

 

Məmməd İSAYEV,

Katex kənd inzibati ərazi dairəsinin nümayəndəsi