Alternative content

AZƏRBAYCAN RESPUBLİKASI MİLLİ MƏCLİSİNİN ORQANI

Ailə tərbiyəsi milli-mənəvi dəyərlər üzərində qurulmalıdır

06 Yanvar 2017
 

Azərbaycanda ailə ənənələri -  valideynlərin övladlara, uşaqların da ata-anaya münasibəti dünyəvi fəzilətlər əsasında formalaşıb. Bu səbəbdən bizim ailə modeli mənəvi dəyərlər toplusu olmaqla yanaşı, kamil sosial-məişət münasibətləri nümunəsidir.

Təəssüf ki, son dövrlər bu fundamental milli-mənəvi ailə institutu modeli kənar və yad təsirlərə məruz qalmaqdadır. Bundan qorunmaq və “müasir” həyatın vurduğu zərəri minimuma endirmək üçün Azərbaycan ailə ənənələri təbliğ edilməli, yaşadılmalıdır. Gənclər ailə münasibətlərinə daha ciddi, özü də böyük məsuliyyətlə yanaşmalıdırlar. Hər bir gənc təkcə ailə qurduğu şəxsin deyil, bütünlükdə millət, cəmiyyət, dövlət qarşısında məsuliyyət daşıdığını bilməlidir. Ölkəmizdə gənclərə örnək olacaq, nümunə götürüləcək qocaman ailələr çoxdur. Onlardan biri bizim kənddə - Bradidə yaşayır. Uzunömürlülər diyarı Lerikin dağlar qoynundakı bu kəndində ailələr də uzunömürlüdür. Hər hansı səbəbdən ailələrin dağılmasına, boşanmalara bizim kənddə rast gəlinməz. Qədimdən davam edən ənənələr bu gün də yaşamaqdadır: ailə müqəddəs və  toxunulmazdır. Ailə üzvləri də həmçinin. Şübhəsiz, bu ənənələr mənəvi dəyərlərə söykəndiyi, əsrlərlə cilalanıb formalaşmış yüksək ailə münasibətlərinə əsaslandığı  üçün  yaşamaqdadır.

Bu yaxınlarda kəndimizdə brilyant toy keçirdik. Elliklə 60 il birgə həyat sürmüş İsaq və Güləkinə Məmmədovların ocağına yığışmışdıq. Onlar kəndimizin hörmətli ağsaqqal və ağbirçəklərindəndirlər. İsaq babanın 85 yaşı var. Gümrah və həyatsevərdir. 60 illik ömür-gün yoldaşı Güləkinə xanımla gənclərə öyüd-nəsihət verməkdən, doğru yol göstərməkdən usanmırlar. Onların həyat təcrübələri və ailə münasibətləri  örnək alınacaq qədər zəngindir.  İsaq kişi ailə xoşbəxtliyini qarşılıqlı sədaqətdə, səmimiyyətdə, zəhmətsevərlikdə və tələbkarlıqda görür. Güləkinə xanım isə bunlarla yanaşı, gənclərə ailə üzvlərinə qarşı səbir, təmkin göstərməyi, çətinliyə düşəndə mətanətli, dözümlü olmağı tövsiyə edir. Dünyagörmüş bu insanlar cavanlarla hər görüşlərində onlara həyatın şirinli-acılı, ağlı-qaralı, enişli-yoxuşlu olduğunu anlatmağa çalışır, gələcək ailə həyatında bunları diqqətdən qaçırmamağı, buna hazır olmağı söyləyirlər. Onların firkincə, ailələrin əsas missiyası layiqli insan, vətəndaş yetişdirməkdir. Bunun üçün də ailə tərbiyəsi milli-mənəvi dəyərlər üzərində qurulmalı, uşaqların sağlam, tərbiyəli, savadlı yetişmələri üçün hər fədakarlıq göstərilməlidir.

 

Zəfər ƏLİYEV,

Lerik rayonu, Bradi kənd sakini