Alternative content

AZƏRBAYCAN RESPUBLİKASI MİLLİ MƏCLİSİNİN ORQANI

Müasir qəsəbəyə qaranlıq küçələr yaraşmır...

06 Yanvar 2017
 

Dağlıq Qarabağ münaqişəsi başlayandan biz kəlbəcərlilər də olmazın əziyyətlər çəkdik: əzizlərimizi, torpağımızı itirdik, ata-baba yurdumuzdan didərgin düşdük. İndi respublikamızın müxtəlif bölgələrində məskunlaşıb geri dönəcəyimiz günü səbirsizliklə gözləyirik.

İlk illər çox ağır keçsə də, dövlətimiz dirçəlib gücləndikcə diqqət və qayğı ilə əhatə olunduq. Məcburi köçkünlər üçün müasir qəsəbələrin salınması həyatımızı xeyli yüngülləşdirib. Belə qəsəbələrdən biri Gəncə ərazisindədir. 1500 ailəlik və hər bir infrastrukturu olan qəsəbədə  mənim də ailəmə ev verilib.

Hörmətli redaksiya!

Artıq üç ilə yaxındır ki, burada yaşayırıq. Qeyd etdiyim kimi, yaşayış məntəqəsinin  hər cür şəraiti, rahatlığı var. Amma təəssüf ki, axşam düşəndə qəsəbənin gözəl və yaraşıqlı küçələri qaranlığa qərq olur. Xüsusilə qış aylarında - günün işıqlı vaxtının  az olduğu dövrlərdə bu hal sakinlər arasında çox narahatlıq doğurur.

Bununla əlaqədar bir neçə dəfə Kəlbəcər Rayon İcra Hakimiyyətinə müraciət etmişik. Orada bizə küçə işıqlarının Gəncə regional elektrik şəbəkəsi tərəfindən söndürüldüyü bildirilib. Səbəbini də qəsəbənin küçələrinin işıqlandırılması üçün vəsaitin idarənin hesabına  köçürülməməsi ilə izah ediblər. İndi  bilmək istəyirik, bu vəsaiti hansı təşkilat  köçürməlidir və nəyə görə bu vaxta qədər bunu etməyib? Ən başlıcası isə nəhayət, nə vaxt qəsəbədə küçələr  işıqlandırılacaq?

Müasir görkəmli qəsəbəyə belə qaranlıq küçələr heç yaraşmır. Xahiş edirik, bu problemin həllində qəsəbə sakinlərinə kömək edəsiniz.

 

Musa ƏZİZOV,

kəlbəcərli məcburi köçkün