Alternative content

AZƏRBAYCAN RESPUBLİKASI MİLLİ MƏCLİSİNİN ORQANI

Bura sənətkarlar məskənidir

06 Yanvar 2017
 

Tale elə gətirib ki, uşaqlığım və gəncliyim qədim Cəngəmiran kəndində keçib. Ecazkar təbiətə malik kənddə tarixi abidələr, uzaq və yaxın keçmişin izləri çoxdur. Bu abad oba el sənətkarları - qalayçıları, nalbəndləri, dülgərləri, daşyonanları, xalça, cecim və palaz toxuyucuları ilə tanınıb.

Keçmişdə qalayçı Mirzəbala kişinin körüyü səhərdən axşamadək işləyirdi. Su dəyirmanı dayanan kimi Əbülfəz əmini çağırırdılar. O da gəlib pərləri nizamlayıb işə salırdı. Əllinci illərdə zəmilərin məhsulu Məmməd kişinin düzəltdiyi at arabalarında da xırmana daşınardı. Rəmyəli dayının əlindən çıxan ağac tabaqlar bərəkətlə dolurdu. Düzəltdiyi xörək qaşıqları, çömçələr, vərdənə və oxlovlar qonum-qonşuya paylanırdı. O illərdə məktəb müəllimi İbad İbadovun ağacdan yonduğu heykəllər indi də evlərdə yadigar kimi saxlanılır.

Ənənələr bu gün də yaşadılır: Cəngəmiranda toxunan xalçalar gəlin köçən qızlara cehiz verilir, otaqları bəzəyir, alanı razı salır. Qış günlərində evlərdən kirkirələrin səsi gəlir - xalça-palaz, corablar, xurcunlar toxunur. İncəsənət məktəbinin müəllimi Sərhəng Qafarov sələflərinin sənətini davam etdirir. Uzun illərdir musiqi alətləri - tar, kamança, nağara, tütək düzəldib şagirdlərinə bağışlayır. O, peşəsini övladlarına da öyrədib. Oğlu Familin bu sahədə uğurları ürəkaçandır. Payızda kötükləri, ağac köklərini, əzgil, palıd, fısdıq budaqlarını toplayıb qurudur. Əllərinin hərarəti quru ağaclara sanki can verir. Heykəllər yonur, quş və heyvan fiqurları hazırlayır, musiqi alətləri düzəldir. Onun fısdıq ağacından düzəltdiyi “Lakto”  musiqi aləti iki çubuqla çalınır, oynaq tembri ilə seçilir.   Famil Qafarovun kiçik emalatxanasına turistlər, kəndə yolu düşən qonaqlar, məktəblilər tez-tez baş çəkir. Onlar ustanın əl işlərinə məftun olurlar.

 

Həmzə VƏLİMƏMMƏDOV,

Lerik rayon sakini