Alternative content

AZƏRBAYCAN RESPUBLİKASI MİLLİ MƏCLİSİNİN ORQANI

Dərman preparatlarından özbaşına istifadə etmək yolverilməzdir

06 Yanvar 2017
 

Elə televiziya verilişləri var ki, onların sponsorları və reklam sifarişçiləri arasında dərman  istehsalçıları da var.  Gündəlik yayımlanan belə verilişlərdə konkret bir dərman preparatı dəfələrlə “sponsor vaxtı”nda, eləcə də reklam bloklarında tanıdılır, bir sözlə, reklam edilir.

Məqsəd əlbəttə ki, həmin preparatın satışını genişləndirmək, artırmaqdır. Qanunvericilik bunu qadağan etmir. Ancaq “Reklam haqqında” qanunda dərman preparatlarının reklamı üçün müəyyən tələblər  qoyulub. Məsələn, 29-cu maddə - “Dərman vasitələrinin, tibbi təyinatlı texnikanın və məmulatların, tibbi xidmətlərin reklamı” buna həsr olunub. Qanunun bu maddəsinə görə həkim resepti olmadan buraxılan dərmanların reklamına müəyyən şərtlərlə icazə verilir.  29.2.5 bəndinə əsasən,  dərman reklamında “həkimə müraciət etməyin gərəksiz olmağı barədə təsəvvür yaratmaq”  yolverilməzdir. Təəssüf ki, televiziya, eləcə də digər KİV vasitələrində sinir-əsəb sisteminə təsir üçün nəzərdə tutulmuş  dərmanın  reklamında bu bəndin tələbləri nəzərə alınmır. Tamaşaçı və ya dinləyicidə elə təsəvvür yaradılır ki, “Stress, həyəcan, yuxusuzluq” hallarında gedib rahatlıqla bu dərmanı alıb qəbul etmək olar. Preparatın reklamlarında həkimə müraciət etməyin, həkimlə məsləhətləşmənin vacibliyi dilə gətirilmir. “Təbii əsaslı”dır deyə  təhrikedici elementlərə daha çox üstünlük verilir. Dərmanın əks təsirləri barədə məlumat  isə açıqlanmır. Belə təəssürat yaradılır ki, dərman universaldır və heç bir əks təsiri yoxdur. Preparatın mənşəyi də şübhə doğurur. Amerikada istehsal olunduğu bildirilsə də, müstəqil mənbələrdə bu dərman (həmçinin istehsalçısı) haqqında mötəbər informasiya tapmaq mümkün deyil. 

Onu da qeyd edək ki, rus dilindəki  kənar tibb mənbələrində bu dərmanın tərkibində 38-40% etanol -  spirt olduğu göstərilir.  Deməli, bu hal xüsusi nəzərə alınmalı, sürücülərə və işində həssas dəqiqlik  tələb edən peşə sahiblərinə ondan istifadənin fəsadları xatırladılmalıdır. Preparatın əks təsiri də mövcuddur: allergiya yarada bilər. Hamilə  qadınlara və körpə əmizdirən analara bu dərmandan istifadə etmək olmaz. Dərmanın asılılıq yaratmadığı söylənilsə də,  istifadəçilər arasındakı rəylər birmənalı deyil - bu preparatdan asılılıqdan əziyyət çəkənlər də kifayət qədərdir.  

Ümumiyyətlə, dərman preparatlarından həkimlə məsləhətləşmədən, müalicə kursundan kənar və istənilən vaxt istifadə etmək yolverilməzdir. Bunu reklam verən və edənlər  diqqətdən qaçırmamalı, istehlakçılar da unutmamalıdırlar.

 

Ülviyyə QƏNBƏRLİ,

həkim