Alternative content

AZƏRBAYCAN RESPUBLİKASI MİLLİ MƏCLİSİNİN ORQANI

Təhlükəli vəziyyətə niyə biganə yanaşılır

06 Yanvar 2017
 

Bakı-Qazax avtomagistralı ölkəmizin  müasir yol infrastrukturlarından biridir. Hər istiqamətə iki zolaq olmaqla ortadan ayırıcı zolaqla -  məhəccərlə ayrılmış yol hamar, rahat və daha təhlükəsizdir.

Amma təəssüf ki, bəzi sürücülər, eləcə də müəyyən şəxslər qanunların, qaydaların tələblərinə zidd olaraq bu yolun müəyyən hissələrində ciddi təhlükə mənbələri yaradırlar. Yol hərəkəti qaydalarına əsasən, avtomagistrallarda dayanmaq qəti qadağandır. Hətta yolun çiynində, hərəkət hissəsindən kənarda belə, dayanmaq olmaz.  Bu statuslu yolların bilavasitə üzərində ticarət qurmaq və ya hər hansı xidmət təklif etmək də yasaqdır. Bütün bunlara, eləcə də avtomobillərin dayanmasına avtomagistraldan müəyyən məzafə zolağından kənarda, xüsusi  yerlərdə və meydanlarda icazə verilir.

Lakin Bakı-Qazax avtomagistralının müxtəlif rayonların ərazisindən keçən hissələrində qanunvericiliyin bu tələbinə məhəl qoyulmur: sürücülər  kefləri istədiyi zaman yolda dayanırlar. Bundan savayı, yolun ciyni  boyu ticarət “obyekt”ləri fəaliyyət göstərir: şıdırğı meyvə-tərəvəz, qarğıdalı və balıq satılır. Bəzən  satıcılar  ticarətlərini yolun hərəkət hissəsinədək “genişləndirmək”dən,  yolun ortasında - ayırıcı zolağın üzərində oturub müştəri cəlb etməkdən belə çəkinmirlər. Bununla da yüksək sürətli yolda hərəkət edənlərə, eləcə də özləri üçün nə dərəcədə təhlükə yaratdıqlarının fərqinə varmırlar. Onu da qeyd edək ki, analoji vəziyyət mütəmadi olaraq şimal istiqamətindəki avtomagistralda, xüsusilə Siyəzən və Şabran ərazilərində müşahidə olunur.

Bu hal illərdir davam edir. Özü də hər kəsin, o cümlədən bilavasitə səlahiyyətli şəxslərin gözləri önündə. Maraqlıdır, bəs niyə bu təhlükəli vəziyyətə biganə yanaşılır, qanunsuzluğa göz yumulur? Məgər sadalanan səbəblər ucbatından avtomagistrallarda azmı qəza baş verib? Bu yaxınlarda  mağistralın Ələt yaxınlığından keçən hissəsində bir minik avtomobili idarəetmədən çıxaraq yolun çiynində dayanmış iri yük maşınlarından birinə çırpılmışdı. Nəticədə avtomobildəki 3 nəfərdən ibarət ailə həlak olmuşdu. Axı, o yük maşını qaydaları pozub orada dayanmasa idi, bəlkə də qəzanın nəticəsi bu qədər faciəli olmazdı...

 

Nicat NƏBİOĞLU,

Bakı şəhər sakini