Alternative content

AZƏRBAYCAN RESPUBLİKASI MİLLİ MƏCLİSİNİN ORQANI

Qripdən qorunmağın ən yaxşı yolu peyvəndlərdir

29 Dekabr 2016
Havanın soyuması ilə əlaqədar qripə yoluxma halları da artır. Günlərlə keçməyən və bütün bədənə təsir edən qrip epidemiyalarında ən çox quru öskürək, boğazda quruluq və yanma, bəzən qızdırma və tez-tez asqırma hallarına rast gəlinir. Bəs qripdən necə qorunaq?

Bununla bağlı Azərbaycan Tibb Universitetinin Tədris Terapevtik Klinikasının pulmonologiya, allerqologiya, nefrologiya şöbəsinin müdiri Kəmalə Ağayeva öz tövsiyələrini verib. O bildirib ki, qripdən qorunmağın ən yaxşı yolu vaxtında peyvəndlərdən istifadə etməkdir. Bu vaksinlərin sentyabr-oktyabr aylarında vurulması daha məqsədəuyğundur, çünki vaksinlər insanları 6 ay müddətində qripə yoluxmaqdan qoruyur. Əgər peyvənd olmuş şəxs qripə yoluxarsa, bu zaman xəstəliyi daha yüngül formada keçirəcək. Qripə yoluxmaq istəməyənlər elə indi də bu peyvəndləri vurdura bilərlər.

Onun sözlərinə görə, qripi yüngül formada keçirməyin yollarından biri də tərkibində C vitamini ilə zəngin olan qidalara üstünlük verilməsidir. Eyni zamanda, qripə yoluxmuş şəxs çoxlu miqdarda maye qəbul etməlidir. Çünki maye toksinlərin tez bir zamanda bədəndən xaric olunmasına kömək edir.

Antibiotiklərin istifadəsinə gəlincə, həkim vurğulayıb ki, virus infeksiyası zamanı hərarət bir qədər yüksələn kimi antibiotikdən istifadə etmək olmaz. Əgər qrip olan şəxsdə hərarət 5-7 gündən çox çəkirsə və düşmürsə, onda mütləq xəstə müayinə olunmalıdır. Əgər bakterial ağırlaşmalar varsa, o zaman antibiotik vurula bilər. Lakin 38 dərəcəyədək olan hallarda orqanizm immun sistemi hesabına virusla mübarizə apardığı üçün bədən temperaturunu endirmək məsləhət görülmür. İndi xəstələr özbaşına qeyri-adekvat dozada antibiotiklərdən istifadə edirlər. Bu da gələcəkdə mikroorqanizmlərin antibiotiklərə qarşı rezistententliliyinin yaranmasına gətirib çıxarır.