Alternative content

AZƏRBAYCAN RESPUBLİKASI MİLLİ MƏCLİSİNİN ORQANI

İlham Əliyev “Made in Azerbaijan”ı dünya brendinə çevirir

28 Dekabr 2016
 

Modern sənayeləşmə yeni mərhələyə qədəm qoyub

 

Azərbaycanda qlobal trendlərə uğurla uyğunlaşdırılan çevik iqtisadi siyasətin prioritet sahələrindən biri də sənaye sektorudur. “Azərbaycan 2020: gələcəyə baxış” İnkişaf Konsepsiyasının əsas istiqamətlərindən olan sənayenin davamlı inkişafının təmin edilməsi məqsədilə dövlət tərəfindən çoxsaylı layihələr hazırlanır, ən müasir infrastruktur, texnoparklar yaradılır və islahatlar aparılır.
Prezident İlham Əliyevin 6 dekabr tarixli fərmanı ilə təsdiq edilmiş ağır sənaye və maşınqayırmanın inkişafına dair Strateji Yol Xəritəsində ölkə sənayesinin inkişafının pioritet istiqamətləri öz əksini tapıb. Dövlət başçısının 2014-cü il 26 dekabr tarixli sərəncamı ilə təsdiqlənmiş “Azərbaycan Respublikasında sənayenin inkişafına dair 2015-2020-ci illər üçün Dövlət Proqramı”na uyğun olaraq ölkəmizdə sənaye parkları fəaliyyətə başlayıb. Onlardan biri də Sumqayıt Kimya Sənaye Parkıdır. Prezident İlham Əliyevin 21 dekabr 2011-ci il tarixli, 548 nömrəli fərmanının 1-ci hissəsinə əsasən, Sumqayıt şəhərində yaradılan Kimya Sənaye Parkının ərazisində fəaliyyət göstərən zavodlarda dünya standartlarına cavab verən müxtəlif çeşidli məhsullar istehsal edilir. Parkın ilk rezidentlərindən olan “Azertexnolayn” Məhdud Məsuliyyətli Cəmiyyətinin bəzi məhsulları isə MDB və Yaxın Şərq regionunda yalnız Azərbaycanda istehsal olunur. Bu səbəbdən də qərara gəldik ki, “Azertexnolayn” MMC-nin istehsal fəaliyyəti, məhsulların hazırlanma prosesi ilə yaxından tanış olaq.

 

Müasir texnologiyalara əsaslanan eksport potensialına malik məhsullar istehsal olunur

 

“Azertexnolayn” MMC-nin direktoru Vüsal Ruzmanov qeyd etdi ki, 2013-cü ilin sentyabr ayında şəhadətnamə alaraq Kimya Sənaye Parkının rezidenti kimi fəaliyyətə başlayan “Azertexnolayn” ölkəmizdə sənaye infrastrukturunun inkişafı, onun mövcud potensialının daha da möhkəmlənməsi və müasirləşdirilməsi istiqamətində professional səylərini göstərməkdədir. Müəssisə bu gün müasir texnologiyalara əsaslanan, ölkəmiz üçün mühüm əhəmiyyət kəsb edən və eksport potensialına malik məhsulların istehsalı ilə məşğuldur. Müəssisə ildə 150 min ton müxtəlif diametrli polad borular, 5 min ton müxtəlif diametrli və yüksək təzyiqə davamlı hidrotexniki avadanlıqlar, 500 min m2 metal tel tor, 12 min ton xüsusi təyinatlı müxtəlif diametrli polietilen borular və injeksiya məhsulları istehsal edir. Həmin müəssisələrdə əksəriyyəti (75 faiz) Sumqayıt şəhərinin sakinləri olmaqla 755 nəfər işləyir.
Qeyd edək ki, “Azertexnolayn” MMC-nin hazırda 3 zavodu - Polad Boru Zavodu, Polietilen Məmulatları Zavodu və Texniki Avadanlıqlar Zavodu fəaliyyət göstərir. “Azertexnolayn” MMC həm yerli müəssisələrin, həm də xarici şirkətlərin müvafiq məhsula olan tələbatını ödəməklə önəmli addımlar atmaqdadır: “Şirkətimiz Türkmənistan Respublikasında infrastrukturun icra layihələri ilə, həm də Gürcüstan Respublikasına ixrac etdiyimiz məhsullarla ölkə büdcəsinə əhəmiyyətli gəlirlər gətirir. “Türkmənbaşı” limanının tikintisi üçün Türkmənistana svay borularının satışı ilə bağlı qarşı tərəf ilə imzalanmış müqaviləyə əsasən, ümumilikdə 2016-cı ilin sonuna qədər 60.000 ton svay boruların satışı həyata keçirilib. Bu il ərzində istehsal edilmiş və ümumi dəyəri 55 mln manat olan məhsulumuzun 95 faizi ixrac edilib. Ötən ilin noyabr ayının əvvəllərindən isə Türkmənistanda su borularının dəyişdirilməsi və yenilərinin çəkilməsi ilə əlaqədar yeni bir şirkət tərəfindən su borularının alışı ilə bağlı danışıqlara başlanıb. Nəhayət, ümumi dəyəri 20 mln. dollar olan müqavilə imzalanmışdır. Müqaviləyə əsasən, bir il ərzində 25.000 ton su borusunun ixrac edilməsi nəzərdə tutulur. Bu layihələrdən əlavə, Gürcüstan Respublikası ilə bağlanmış müqaviləyə əsasən, keçən ilin sentyabr ayından bu ilin fevral ayına qədər ümumilikdə 185 ton çılpaq paya təyinatlı borular Gürcüstana ixrac edilib”.
Şirkət istehsal etdiyi məhsulların dünya standartlarına uyğunluğuna və yüksək keyfiyyət səviyyəsinə, həmçinin gigiyenik və təhlükəsizlik göstəricilərinə görə API (American Petroleum İnstitute), ISO 9001, OHSAS 18001, ISO 14001, ISO 29001, GOST, AZS sertifikatlarını əldə edib.

 

Yüksək keyfiyyətli xammal seçimi və metaltökmə sahəsində müasir standartlar diqqət çəkir

 

Zavodların istehsal prosesi ilə tanış olduq. 2013-cü ilin oktyabrın 3-də Prezident İlham Əliyevin iştirakı ilə açılan Polad Boru Zavodunda beynəlxalq standartlara cavab verən 3 qat izolyasiyalı spiral tikişli polad borular istehsal olunur.
Zavodda polad boru istehsalı üzrə üç xətt qurulub ki, onun da hər üç xətt üzrə illik istehsal gücü 180-200 min tondur. İstehsal olunan boruların diametri 400-2400 mm, boru ət qalınlığı 6-25 mm, uzunluğu isə 6-16 metr arasındadır. Burada istehsal edilən boruların sahədə qaynaq xidmətləri də eyni zamanda şirkət tərəfindən göstərilir.
Onu da qeyd edək ki, müəssisənin strateji bölməsi laboratoriya hesab olunur. Burada ən müasir, eləcə də müvafiq keyfiyyət standartlarına cavab verən test cihazları mövcuddur. Xammal zavoda daxil olduğu andan, hazır məhsul mərhələsinə gələnə qədər yüksək təhsilli, geniş məlumat bazasına sahib təcrübəli mütəxəssislər tərəfindən ASTM, ISO və QOST standartların tələblərinə uyğun olaraq kimyəvi tərkibin analizi, eləcə də dartma, bükmə, zərbə əyməsi, ağırlıq və bərklik sınaqlarından keçirilir.
“Azertexnolayn” MMC-nin yüksək təzyiqə davamlı hidrotexniki avadanlıqların istehsalı ilə məşğul olan Texniki Avadanlıqlar Zavodu 2015-ci il 25 oktyabr tarixində Prezident İlham Əliyevin iştirakı ilə fəaliyyətə başlayıb. Burada polad və çuqun əritmə üsulu ilə hidrotexniki məhsulların hissələri hazırlanır. Zavodun əritmə gücü 10 ton, illik istehsal gücü 5000 ton təşkil edir. İstehsal olunan məhsulların çeşidlərinə su siyirtməsi (DN 100 < 1400), dairəvi siyirtmə (DN 200<1400), yanğın hidrantları, lyuk qapaqları, siyirtmə qovşağı, flans yığımı (DN100-600, PN10-16) və s. məhsullar daxildir.
Şirkətin digər zavodu isə Polietilen Məmulatları Zavodudur. Adıçəkilən zavodda qofralı boru, plastik injeksiya məhsulları zavodun əsas fəaliyyət sahələrinə daxildir. Qofralı polietilen boruların hazırlanması üçün yüksək keyfiyyətli xammal seçilir. Borular 3 qatdan - 100 faiz yüksək sıxlıqlı polietilen (HDPE) tərkibli daxili qat, polad və yapışdırıcı polietilendən ibarət ara qat, xarici görünüşü hamar göstərən 100 faiz yüksək sıxlıqlı polietilen (HDPE) tərkibli qatdan ibarətdir. Yüksək keyfiyyətli qofralı borular xarici qatındakı büzməli məsamələr sayəsində ağır tonlu yük avtomobillərinə qarşı olduqca dözümlüdür.
Müəssisədə sadalanan istehsal sahələrindən əlavə Plastik İnjeksiya Sexi və Metal tel-tor sexi də fəaliyyət göstərir. Plastik İnjeksiya Sexində alman istehsalı olan ən müasir injeksiya avadanlıqları fəaliyyət göstərir. Bu avadanlıqlarda müxtəlif növ plastiklərdən qəliblərə uyğun çeşidli məhsullar istehsal edilir. Sexdə PE boruları üçün fittinqlər, ABS plastikdən sayğac qutuları və sifarişə uyğun hər çeşiddə plastik qablar istehsal olunur. Sexin illik istehsal həcmi 3 min tondur.
Metal tel-tor sexində isə eni və hündürlüyü 2,5 metrə qədər olan tel hasarlar istehsal edilir. Hasarların hazırlanmasında sinklənmiş tellər istifadə olunduğundan məhsulun korroziyaya davamlılığı olduqca yüksəkdir. Sifarişə əsasən istehsal olunan hasara qəlib vasitəsilə bükülmələr verilir. Sexdə xüsusi olaraq hasarlara uyğun dirək və dayaqlar da hazırlanır. Tel hasarlar bir-birinə dirək və klipslər vasitəsilə bərkidilir. İstehsal olunan hasarların bütün montaj hissələri zavod tərəfindən təmin edilir. Sifarişə uyğun olaraq hasarların üstünə meyillilik vermək və tikanlı məftil əlavə etmək mümkündür.
Onu da vurğulayaq ki, Kimya Sənaye Parkının rezidentləri 7 il müddətinə mənfəət, əmlak və torpaq vergilərindən, həmçinin idxal olunan texnika, texnoloji avadanlıqlar və qurğulara görə ƏDV-dən və gömrük rüsumundan azaddırlar. Bu, respublikada sənayeləşmənin tempinin daha da yüksəlməsinə şərait yaradıb. İqtisadi siyasətin əsas prioritetlərindən olan sənayeləşmə yeni inkişaf mərhələsinə qədəm qoyub.

Rəşad BAXŞƏLİYEV,
Elgün MƏNSİMOV,
“Azərbaycan”