Alternative content

AZƏRBAYCAN RESPUBLİKASI MİLLİ MƏCLİSİNİN ORQANI

Sözdən keçən ömür

28 Dekabr 2016
 

25 ildən çoxdur “Azərbaycan” qəzetində çiyin-çiyinə çalışdığımız Raqif Məmmədovu peşəkar jurnalist kimi dəyərləndirərkən ilk növbədə bu iki kəlmə yada düşür - söz zərgəri.

Zərgər sözünün arxasında dayanan maddiyyat, zənginlik mənası qoy bir anlıq belə çaşqınlıq yaratmasın. Çünki taleyini jurnalistika ilə bağlayan əsl peşəkarlar kimi, Raqif də nə şan-şöhrətə can atandır, nə ad-san dalınca qaçan, nə də var-dövlət üçün özünü oda-közə vuran... Jurnalistin nəyi varsa, o da sözüdür, sənətidir. Qazandıqları da - istər maddi, istərsə də mənəvi mənada - sözünün dəyərinə, sənətinin nüfuzuna məhz zərgər dəqiqliyi ilə yanaşmasının bəhrəsidir.

Raqif Məmmədovun keçdiyi həyat yolunda qeyri-adi heç nə olmayıb. Tərcümeyi-halı da elə yaşıdlarının çoxunun ömürnaməsindən bir o qədər fərqlənmir. Önəmlisi odur ki, Raqif bu yollardan zəhmətlə, ləyaqətlə keçib və arxada qara bir iz qoymayıb.

Azərbaycanın Ağdaş bölgəsində ziyalı ailəsində dünyaya göz açıb. Atası Məmməd kişi iqtisadçı, anası Nahidə xanım müəllim olublar. Orta məktəbi bitirəndən sonra qısa müddət istehsalatda çalışıb, sonra da BDU-nun jurnalistika fakültəsinə qəbul olunub. Raqif böyük jurnalistikaya gəlib çatanadək 10 illik uzun məsafə qət edib. Bu yolda addım-addım püxtələşib, peşə ustalığını, jurnalist təcrübəsini artırıb. 1991-ci ildən isə həmin vaxt “Həyat” adı ilə çıxan indiki “Azərbaycan”da əvvəl müxbir, sonra bölgə müxbiri kimi çalışmağa başlayıb. 2002-ci ildən bu günəcən qəzetimizin iqtisadiyyat şöbəsinin redaktoru və aparıcı əməkdaşlarındandır.

Sovet dönəmində hər sənaye müəssisəsində “OTK”, yəni, texniki nəzarət şöbəsi fəaliyyət göstərirdi. İstehsal edilən bütün məhsullar bu şöbədən keçərək satışa göndərilirdi. Lakin hər müəssisənin özünün elə mahir ustaları olurdu ki, onların dəzgahından çıxan məhsul “OTK”-ya göndərilmədən beşguşəli keyfiyyət nişanı ilə möhürlənirdi. Əgər bu prosesi jurnalistikaya şamil etsək, belə deyə bilərik: Raqif Məmmədov o jurnalistlərdəndir ki, onun yazdıqlarını redaktə etmədən, bəzən əlyazmasını heç oxumadan dərc üçün imzalamaq olar. İstər özünün qələmə aldığı, istərsə də redaktə etdiyi yazılarda hər sözün dərinliyinə varmaq, hər vergülün yerində olmasına diqqət yetirmək həmkarımızın dəyişməz iş xüsusiyyətlərindəndir. Bunu həssaslıq kimi də, məsuliyyət hissi kimi də qiymətləndirmək olar. Əslində isə bu, peşəkarlıqdır, əsl jurnalist səriştəsi, bacarığıdır. Raqif Məmmədova görə jurnalistikada xırda heç nə yoxdur. 10-15 cümlədən ibarət bir xəbərin başlığını da “yüz ölçüb bir biçir”.

Adi statistik şərhlərdə də, problematik mövzuların işıqlandırılmasında da Raqifin qələminin sanbalını görmək çətin deyil. Raqif Məmmədov iqtisadiyyatın ayrı-ayrı sahələrində gündəmdə dayanan, həllini tələb edən məsələlərin çözülməsinə aid mövzular üzərində xeyli düşündükdən, nə yazacağını, necə yazacağını dəqiq müəyyənləşdirəndən sonra əlinə qələm götürür. Onun mövzuya baxış bucağı, problemin təhlil və təqdimat üsulları təkcə peşəkar jurnalist olmağından irəli gəlmir. Bunlar həm də onun toxunduğu mövzuları, başqa sözlə, iqtisadiyyatın ayrı-ayrı sahələrində gedən islahatları, həlli vacib məsələləri dərindən bilməsinin nəticəsidir.

Təcrübəli jurnalistin qələmindən çıxan, baxış bucağından işıq alan, ağlından, məntiqindən güc toplayan yazılar aidiyyəti qurumlarda, cəmiyyət arasında, hətta bütün ölkədə rezonans doğurur. Təsadüfi deyil ki, bir sıra digər qəzet və agentliklər bu yazıları “Azərbaycan”a istinad edərək öz səhifələrində verir, saytlarında yerləşdirir, onlara münasibət bildirirlər.

R.Məmmədovun rəhbərlik etdiyi şöbədə həmişə yaradıcılıq, işgüzarlıq mühiti hökm sürür. O, birgə çalışdığı işçilərlə dost, mehriban həmkar kimi davranır. Şöbə redaktoru olduğunu heç vaxt büruzə vermir. Lakin yazıların keyfiyyətinə, səviyyəsinə gəldikdə işçilərindən məsuliyyət, dəqiqlik və konkretlik tələb edir. Onun bu idarəetmə üsulu heç də pis nəticə vermir.

Raqif Məmmədov maraqlı həmsöhbət, ətrafındakılara əlindən gələn köməyi əsirgəməyən insandır. Buna görə də redaksiya kollektivi arasında böyük hörmətə malikdir. Onun əməyi dövlət tərəfindən də yüksək qiymətləndirilib - 2005-ci ildə Prezident İlham Əliyevin sərəncamı ilə “Tərəqqi” medalı ilə təltif olunub.

Açıq fikirli, hər müsbət yeniliyi rəğbətlə qarşılayan Raqif Məmmədovun köhnə kişilərə məxsus bir sıra xüsusiyyətləri də var. Məsələn, böyük-kiçik yanında, işdə, cəmiyyət arasında ailəsindən-uşağından danışmaz, yəni, “mənim evim mənim qalamdır” prinsipinə sadiq qalar. Amma nəvə doğrudan da böyük qüvvə imiş! İndi Camal və Kamran onun dilindən düşmür. Bu il kiçik nəvəsi Kamran birinci sinfə getmək üçün müsabiqədən keçəndə, az qala, özü universitetə qəbul imtahanı verirmiş kimi həyəcanlanmışdı. Bu gün 60 yaşı tamam olan dostumuza və həmkarımıza yalnız belə xoş həyəcanlar, cansağlığı və hələ uzun illər qələmini yerə qoymamağı arzu edirik.

 

“Azərbaycan”