Alternative content

AZƏRBAYCAN RESPUBLİKASI MİLLİ MƏCLİSİNİN ORQANI

Muxtar respublikanın təbiətində 800-dək dərman bitkisi yetişir

27 Dekabr 2016
Naxçıvan Muxtar Respublikasında flora biomüxtəlifliyində faydalı bitkilər, xüsusi ilə müalicəvi təsiri olan 800-dək dərman bitkisi var. Onlardan 30 növü dərman bitkisi olmaqla bərabər, həm də təbii ehtiyatı çoxdur.

AMEA Naxçıvan Bölməsinin Bioresurslar İnstitutunun əməkdaşları 2003-cü ildən muxtar respublika ərazisinə təşkil edilən ekspedisiyalarda həmin dərman bitkilərinin yayılma zonalarını müəyyənləşdirib, belə bitkilərin tərkibindəki bioaktiv maddələri aşkarlayıb və bu maddələrin ayrı-ayrı xəstəliklərdə müalicəvi əhəmiyyətlərini öyrəniblər. Bu istiqamətdə aparılan tədqiqatların əsasında “Naxçıvan Muxtar Respublikasının dərman bitkiləri” adlı kitab nəşr edilib.

Hazırda institutun bir qrup əməkdaşı gigiyenik qaydada, müxtəlif xəstəliklərin müalicəsində istifadə edilməsi üçün xüsusi təcrübələrlə yoxlanılmış reseptlər əsasında təxminən 100-dən çox bitkidən istifadə edərək dərman bitkisi qarışığı hazırlayır. Bu dərmanlar Bioresurslar İnstitutunun Naxçıvan şəhərində fəaliyyət göstərən Yaşıl Əczaxanada, əhali arasında dərman bitkilərinə tələbat artdıqda isə regionlarda müxtəlif əczaxanalarda satışa çıxarılır. Əvvəllər kağız paketlərdə satışa verilən dərman paketləri artıq müasir qablaşdırma ilə təqdim edilir.

Qeyd edək ki, hazırlanan dərman bitkilərinin qarışıqları hələlik 16 adda - ürək və qan-damar sistemi, mədə-bağırsaq, qaraciyər, duzlaşma, şəkər və digər xəstəliklərin müalicəsində istifadə olunur.

AZƏRTAC-ın Naxçıvan Muxtar Respublikasındakı bürosu