Alternative content

AZƏRBAYCAN RESPUBLİKASI MİLLİ MƏCLİSİNİN ORQANI

Birlik nümunəsi

27 Dekabr 2016
 

Azərbaycanı özünə tarixi Vətən bilən hər bir şəxsin həmrəylik nümayiş etdirməsi dövrün tələbi, zamanın çağırışıdır

 

Tarixi təcrübə göstərir ki, mütərəqqi ideyalar olmadan insanları konkret məqsədlər ətrafında səfərbər etmək mümkün deyil. Bütün ruhu və canı ilə özünü azərbaycanlı sayan ümummilli lider Heydər Əliyev cəmiyyətin bütövləşməsi, azərbaycançılıq ideologiyasının milli həmrəyliyin aparıcı amilinə çevrilməsi istiqamətində mühüm işlər görərək ümumxalq birliyinin dərin politoloji-nəzəri əsaslarını irəli sürmüşdür.
Böyük strateq azərbaycançılığın tarixən formalaşmış ayrı-ayrı komponentlərini vahid konsepsiyada birləşdirərək onu dövlət idarəçiliyinin elmi-nəzəri bazasına çevirmiş və praktikada tətbiq etmişdir.
Azərbaycan müstəqillik əldə etdikdən sonrakı ilk illərdə müxtəlif səbəblərdən, əsasən də sosial-iqtisadi, siyasi və mənəvi böhran üzündən respublikamızdan xarici ölkələrə gedənlər olmuşdur. Bununla əlaqədar diaspor quruculuğu Azərbaycanda müstəqilliyin ilk illərindən aktuallıq kəsb etməyə başlasa da, bu taleyüklü vəzifənin yerinə yetirilməsinə dövlətin xüsusi diqqət göstərməsi məhz ümummilli lider Heydər Əliyevin 1993-cü ilin iyununda xalqın təkidli tələbi ilə hakimiyyətə gəlişindən sonra mümkün olmuşdur. Çətin bir şəraitdə respublikanı böhranlı vəziyyətdən qurtaran, müdrik qərarları ilə vətəndaş qarşıdurmasının qarşısını alan, ictimai-siyasi sabitliyi, qanunçuluğu təmin edən ulu öndər ilk gündən diaspor quruculuğunu da qarşıda ciddi vəzifələrdən biri kimi müəyyənləşdirmişdir.
Ulu öndər Heydər Əliyevin təşəbbüsü ilə ilk dəfə 1991-ci il dekabrın 16-da Naxçıvan Muxtar Respublikası Ali Məclisi “Dünya azərbaycanlılarının həmrəylik və birlik günü haqqında” tarixi qərarında 31 dekabr tarixinin respublikada bayram kimi qeyd olunması ilə bağlı Azərbaycan Respublikasının Milli Məclisi qarşısında vəsatət qaldırmışdı. Ulu öndərin Azərbaycanda siyasi hakimiyyətə qayıdışından sonra isə müstəqil Azərbaycan Respublikası dünya azərbaycanlılarının mənafe və maraqlarının təminatçısı olduğunu rəsmən bəyan etmiş və xaricdə yaşayan azərbaycanlılarla sistemli iş aparılmağa başlanmışdır.
Dünya azərbaycanlılarının konkret milli ideya ətrafında sıx birləşdirilməsi ideyasını irəli sürən ulu öndər Heydər Əliyev 1993-2003-cü illərdə xaricdə yaşayan soydaşlarımızın təşkilatlanması məsələsini daim diqqət mərkəzində saxlamış, onların tarixi Vətənlə əlaqələrinin genişlənməsinə çalışmışdır. Dünyanın müxtəlif ölkələrində yaşayan soydaşlarımızın və həmvətənlərimizin müstəqil Azərbaycan Respublikası ilə əlaqələrinin daha da möhkəmləndirilməsi, onların arasında birliyin və həmrəyliyin təmin olunması ilə bağlı məsələlərin birgə müzakirəsi məqsədilə 2001-ci il noyabrın 9-10-da Bakıda tarixi bir toplantı - Dünya Azərbaycanlılarının I Qurultayı keçirilmişdir. Ümummilli lider Heydər Əliyevin I qurultaydakı dərin məzmunlu nitqində söylədiyi “Fəxr edirəm ki, mən azərbaycanlıyam!” sözləri dünya azərbaycanlıları üçün milli qürur simvoluna çevrilmişdir. 2002-ci ilin dekabrında “Xaricdə yaşayan azərbaycanlılarla bağlı dövlət siyasəti haqqında” Azərbaycan Respublikası Qanununun qəbulu diasporumuzun təşkilatlanması, dünya azərbaycanlıları birliyinin yaranmasına və dövlətin bu sahədə apardığı məqsədli siyasətin uğurla həyata keçirilməsinə nail olmaq üçün geniş imkanlar açmışdır.
Azərbaycançılıq ideologiyası bu gün ilk növbədə etnik-dini tolerantlığın və milli həmrəyliyin başlıca təminatçısı kimi çıxış edir. Milli-mənəvi, islami-əxlaqi, dünyəvi-humanitar dəyərləri, Şərq və Qərb mədəniyyətlərinin dialoqunu, türkçülük və avropaçılıq meyillərini, tarixi təkamüldə varislik və tərəqqiçiliyi, ünsiyyət birliyini ahəngdar şəkildə ehtiva edən azərbaycançılıq ideologiyası məhz buna görə də müxtəlif coğrafi regionlarda, sosial-siyasi sistemlərdə, mədəni mühitlərdə formalaşmış diasporumuz üçün cəlbedicidir.
Xalqımızın əvəzsiz sərvəti olan və böyük qurbanlar hesabına əldə edilmiş dövlət müstəqilliyinin son illər əzmlə qorunub möhkəmləndirilməsi, demokratik, hüquqi, dünyəvi dövlət quruculuğu prosesinin dönmədən həyata keçirilməsi, vətəndaşların təhlükəsizliyinin, rifahının təmini sahələrində qazanılan uğurlar Azərbaycanın sürətli dirçəliş dövrünə qədəm qoymasına səbəb olmuşdur. Əminliklə deyə bilərik ki, ulu öndər Heydər Əliyevin böyük müdrikliklə irəli sürdüyü mütərəqqi həmrəylik ideyaları ötən müddətdə ictimai şüurda daha da möhkəmlənmiş, yeni dövrün tələblərinə uyğun zənginləşdirilmiş, vətəndaş sülhü üçün möhkəm təmələ çevrilmişdir.
Ötən 13 ildə milli maraqlara əsaslanan xarici siyasət yürüdən, uğurlu diplomatiya ilə respublikamızın beynəlxalq mövqelərini gücləndirən Prezident İlham Əliyev diaspor və lobbi quruculuğu yönümündə sistemli iş aparır. Dövlət başçısı ölkədəki sosial-iqtisadi inkişafın tempinə uyğun olaraq diaspor quruculuğu sahəsində dövrün tələbləri ilə səsləşən genişmiqyaslı tədbirlərin həyata keçirilməsini son dərəcə vacib sayır. Bu istiqamətdə aparılan dövlət siyasətinin mahiyyəti dünya azərbaycanlılarının potensial imkanlarını müstəqil dövlət quruculuğu prosesində meydana çıxan müxtəlif problemlərin həlli naminə səfərbər etmək, milli birliyə, həmrəyliyə və mütəşəkkilliyə nail olmaqdır.
Prezident İlham Əliyev 31 Dekabr - Dünya Azərbaycanlılarının Həmrəylik Günü ilə əlaqədar dünya azərbaycanlılarına müraciətində bildirib: “İnanıram ki, bütün soydaşlarımızın əlbir fəaliyyəti, doğma Azərbaycan torpağına sarsılmaz sədaqəti gücümüzü daha da artıracaq, inkişafımıza əngəl törədən yeganə ağrılı problemi - Ermənistanın hərbi təcavüzünü tezliklə aradan qaldırmağa, ölkəmizin ərazi bütövlüyünü bərpa etməyə imkan yaradacaq. Bu ilin aprel ayında Ermənistanın hərbi təxribatı nəticəsində cəbhədə baş vermiş hadisələr zamanı Azərbaycan Silahlı Qüvvələri düşmənin məkrli niyyətlərinin qarşısını qətiyyətlə aldı və torpaqlarımızı istənilən an işğaldan azad etməyə hazır olduğunu sübut etdi.
Azərbaycanın haqlı mövqeyi getdikcə beynəlxalq ictimaiyyətin daha çox dəstəyini qazanır. Ölkəmizin mədəniyyətlərarası dialoqun təşviqinə və qlobal humanitar problemlərin həllinə verdiyi töhfələr, multikultural dəyərlərə hörməti və tolerantlıq ənənələri xalqımıza dünyada dərin rəğbət oyatmışdır.
Hazırda Azərbaycan Respublikası öz inkişafının çox məsuliyyətli bir dövrünə qədəm qoymuşdur. Biz Vətənimizin çiçəklənməsi, qüdrətinin artırılması və suverenliyinin möhkəmləndirilməsi məqsədilə qarşımıza böyük vəzifələr qoymuşuq. Həmin vəzifələrin həlli üçün bütün həmvətənlərimiz, o cümlədən xaricdə yaşayan soydaşlarımız sıx birləşməli, harada yaşamalarından asılı olmayaraq milli maraqlarımızı qətiyyətlə qorumalı, antiazərbaycan dairələrin təxribatçı əməllərinə qarşı prinsipial mübarizə aparmalıdırlar”.
Prezident İlham Əliyev xarici ölkələrə səfərləri zamanı soydaşlarımızla görüşlərə xüsusi diqqət ayırır, Azərbaycanla bağlı həqiqətlərin dünya ictimaiyyətinə çatdırılması işində xaricdəki soydaşlarımızı daha fəal olmağa çağırır. Azərbaycançılıq ideologiyasının xaricdə yaşayan soydaşlarımızın mənəvi-siyasi birliyinin əsas istinad nöqtəsinə çevrilməsi istiqamətində məqsədyönlü iş aparılır. Bu baxımdan dövlət başçısının sərəncamı əsasında 2006-cı il martın 16-da Dünya Azərbaycanlılarının II Qurultayının keçirilməsini xüsusi vurğulamaq lazımdır.
Şübhəsiz ki, ölkəmizin hər bir uğuru dünyanın hansı ərazisində yaşamasından asılı olmayaraq, həmvətənlərimizin qəlblərində böyük qürur və iftixar hissi doğurur. Müstəqil Azərbaycan dünyanın ayrı-ayrı ölkələrinə səpələnmiş soydaşlarımızın doğma vətənidir və öz övladlıq borclarını layiqincə yerinə yetirə bilmələri üçün onlara lazımi imkanların yaradılmasına səy göstərir. Bununla belə, müxtəlif ölkələrdə yaşayan azərbaycanlıların Azərbaycan dilini, mədəniyyətini, incəsənətini, mütərəqqi ənənələrini yaşadaraq inkişaf etdirməsi tarixi zərurətdir. Hər bir xalqın mövcudluğunun ideoloji-siyasi və mənəvi təməl prinsipi kimi nəzərdən keçirilən bu meyarlar xaricdəki soydaşlarımız üçün də əsas olmalı, daim diqqətdə saxlanılmalıdır. Bu, dünyada yaşayan soydaşlarımızın mədəni-mənəvi birliyinin təminatı baxımından bəlkə də ən mühüm şərtdir.
Dünya Azərbaycanlılarının 2011-ci il iyunun 4-də keçirilmiş III Qurultayı göstərmişdir ki, Azərbaycanın inamla irəliləyərək Cənubi Qafqazda əsas söz və nüfuz sahibi kimi çıxış etməsi dünyanın müxtəlif ölkələrinə səpələnmiş həmvətənlərimizi daha da ruhlandırmış, onların müstəqil dövlətin xoşbəxt sabahına inamını artırmışdır. Dövlət başçısı İlham Əliyev bütün sahələrdə davamlı inkişaf edən Azərbaycanın beynəlxalq arenadakı nüfuz və mövqelərinin daha da gücləndirilməsini, respublikamız haqqında obyektiv, dolğun informasiyaların dünya ictimaiyyətinə çatdırılmasını milli diaspor təşkilatları və xaricdəki səfirliklərimiz qarşısında vacib məsələ kimi müəyyənləşdirmişdir.
2016-cı il iyunun 2-3-də Bakıda Dünya Azərbaycanlılarının IV Qurultayı keçirildi. Tədbirdə 49 ölkədən 500-dən çox diaspor nümayəndəsi və qonaq iştirak etdi. Qonaqların içərisində xarici ölkələrin Azərbaycana dost münasibətilə tanınan nüfuzlu siyasətçiləri, ictimai xadimləri, elm adamları və bir neçə ölkənin yüksək vəzifəli şəxsləri, parlament üzvləri də var idi. Qurultayda diaspor rəhbərləri müasir dövrdə informasiya müharibəsi, bu sahədə yeni fəaliyyət mexanizmlərinin tətbiqi, Azərbaycan diaspor hərəkatında gənclərlə bağlı yeni strategiyanın hazırlanması, yeni qlobal iqtisadi tendensiyalar fonunda lobbi quruculuğu, cəmiyyətə inteqrasiya, siyasi həyatda iştirak və digər bu kimi əhəmiyyətli mövzularda fikir mübadiləsi apardılar, rəy və təkliflərini səsləndirdilər. Dünya Azərbaycanlılarının IV Qurultayında Azərbaycan həqiqətlərinin dünya ictimaiyyətinə çatdırılması sahəsində qarşıda duran vəzifələr, təbliğat işində müasir metodların və informasiya texnologiyalarının tətbiqi, soydaşlarımızın hüquq və azadlıqlarının qorunması istiqamətində mövcud problemlər və onların həlli yolları müzakirə predmeti oldu.
Bu gün əqidəsindən, dünyagörüşündən asılı olmayaraq, Azərbaycanı özünə tarixi Vətən bilən hər bir şəxsin vahid amal və ideologiya ətrafında birləşməsi, həmrəylik nümayiş etdirməsi dövrün tələbi, zamanın çağırışıdır. Bunun üçün isə ilk növbədə dünyanın müxtəlif ölkələrində, tarixi vətəndən uzaqda yaşayan azərbaycanlılar arasında həmrəyliyin, strateji məqsəd birliyinin yaradılması və möhkəmləndirilməsi son dərəcə zəruridir.

Elnur HACALIYEV,
“Azərbaycan”