Alternative content

AZƏRBAYCAN RESPUBLİKASI MİLLİ MƏCLİSİNİN ORQANI

Vətənin fəxri və vüqarı

25 Dekabr 2016
 

Bu il noyabr ayının 18-də Prezident İlham Əliyev görkəmli dövlət və elm xadimi Əziz Məmmədkərim oğlu Əliyevin anadan olmasının 120 illik yubileyinin dövlət səviyyəsində keçirilməsi haqqında sərəncam imzalamışdır. Bununla əlaqədar ölkə miqyasında, o cümlədən Azərbaycan Respublikasının Səhiyyə, Təhsil və Xarici İşlər nazirliklərinin, həmçinin Milli Məclisin Səhiyyə komitəsi tərəfindən alimin yubiley təntənələrinin geniş surətdə qeyd olunması məqsədilə xüsusi tədbirlər planı işlənib hazırlanmışdır.

Əziz Əliyev XX əsrin əvvəllərindən ömrünün sonuna qədər dövlət quruculuğu işlərində, eləcə də səhiyyə, tibb elmi və təhsili sahələrində əldə etdiyi elmi bilik və bacarıqlarını dövlət idarəçiliyinin təkmilləşdirilməsinə, Azərbaycan səhiyyəsinin təşəkkül tapıb inkişaf etdirilməsinə, milli tibb kadrlarının hazırlanmasına, tibb elmi və təhsilinin tədrisi sistemlərinin maddi-texniki bazalarının möhkəmləndirilməsinə həsr edərək, təkcə ölkəmizdə deyil, onun hüdudlarından kənarda, beynəlxalq aləmdə də tanınaraq xalqımıza nüfuz qazandırmış, bəşərilik rəmzinə çevrilmişdir.
1897-ci il yanvar ayının 1-də İrəvan Quberniyasının Hamamlı kəndində dünyaya göz açan Əziz Əliyev ibtidai və orta təhsilinin bir hissəsini İrəvanda, sonra Çitadakı (Rusiyada) gimnaziyada, bir hissəsini də İrəvandakı kişi gimnaziyasında almışdır. O vaxtlar Əziz Əliyevin bacılarından Göyçək xanım ailəsi ilə birlikdə Çita şəhərində yaşayırdı və o da bir müddət bacısıgildə qaldığından həmin vaxtlar təhsilini orada davam etdirməli olmuşdur. 1914-cü ildə yay tətili günlərində İrəvana gəlmiş, I Dünya müharibəsinin başlanması, gediş-gəlişin çətinləşməsi ilə əlaqədar Çitaya qayıda bilməmiş, məcburən 1914-1917-ci illərdə İrəvandakı kişi gimnaziyasında təhsil almışdır. 1917-ci ildə həmin gimnaziyanı əla qiymətlərlə başa çatdırmışdır. Azərbaycanın görkəmli şəxsiyyətlərindən, elm xadimlərindən Heydər Hüseynov, Mustafa bəy Topçubaşov, Səid Rüstəmov və digərləri kimi tanınmış alimlər, ziyalılar da bu gimnaziyanın məzunları olmuşlar.
Əziz Əliyev uşaqlıqdan həkim peşəsinin vurğunu olub. 1917-ci ildə xeyriyyəçi Hacı Zeynalabdin Tağıyevin istedadlı və bacarıqlı Azərbaycan gəncinə göstərdiyi maddi yardım sayəsində o, Sankt-Peterburqa gedib və orada dünyanın ən məşhur tibb ocaqlarından sayılan Hərbi Tibb Akademiyasına qəbul edilib. O, bu ali tibb təhsili ocağında yüksək səviyyədə təhsil almaqla yanaşı, dərsdənkənar vaxtlarda səpgili yatalaq əleyhinə təşkil edilmiş sanitariya-dezinfeksiya briqadasında işə düzələrək həm tibbi-təcrübi vərdişlərə yiyələnib, həm də aldığı məvaciblə özünün və ailəsinin minimal xərclərini ödəyə bilib.
Birinci kursu müvəffəqiyyətlə başa vurduqdan sonra Əziz Əliyev 1918-ci ilin yay tətili günlərində doğma yurdu İrəvana qayıdır və orada erməni daşnaklarının azərbaycanlıların başlarına gətirdikləri işgəncələr, soyqırımı aktları, vandalizm, deportasiyalarla üzləşir, erməni millətçilərinin törətdiyi vəhşiliklərin canlı şahidi olur. Həmin illərdə ermənilər Azərbaycan torpağında azərbaycanlılara qarşı əsl soyqırımı aktları törədiblər. Tarixi mənbələrə görə, XIX əsrin sonlarında (1897-ci ildə) aparılan siyahıyaalma məlumatları göstərir ki, İrəvan Quberniyasında yaşayan əhalinin 87 faizini yerli xalq, yəni Azərbaycan türkləri, çox cüzi bir hissəsini isə ermənilər və digər millətlərin nümayəndələri təşkil edib. Daşnaksütyun partiyası yaradıldıqdan sonra 1905-1907 və 1917-1918-ci illərdə bu rəqəm erməni zorakılıqları nəticəsində 50 faizə qədər azalıb. Azərbaycan torpaqlarına zorla miqrasiya etdirilən gəlmə ermənilər tədricən, mərhələlərlə planlı surətdə havadarlarının köməyi ilə yerli xalqı - azərbaycanlıları öz dədə-baba yurdlarında soyqırımına uğradıblar və salamat qalan əhalinin didərgin düşməsinə məcburi vəziyyət yaradıblar. Həmin illərin məcburi köçkün qurbanlarından biri də gələcəkdə bəşər tarixinin parlaq simalarından birinə çevriləcək Əziz Əliyev və onun ailə üzvləri olub.
Deportasiyadan sonrakı 5 il ərzində gənc Əziz erməni vandalizminə görə Sankt-Peterburqdakı təhsilini bitirməkdən məhrum olub, Naxçıvanın Şərur rayonunda, Cənubi Azərbaycanın Ərəblər kəndində, sonra yenidən Naxçıvanın Şahtaxtı kəndində ağır məcburi köçkünlük həyatı yaşayıb. Bu illər ərzində ən çətin anlarda belə xalqa xidmətini dayandırmayan Əziz Əliyev harada olmasından asılı olmayaraq həkim köməkçisi, əczaçı köməkçisi vəzifələrini yerinə yetirərək, xalqın hörmət və izzətini qazanıb.
Böyük alim 1923-cü ildə ali tibb təhsilini davam etdirə bilmək məqsədilə ailəsini götürüb Naxçıvandan Bakıya köçüb. Həmin andan etibarən onun həyat və yaradıcılığının mühüm bir mərhələsinin təməli qoyulub. O, Bakıya gəldikdən sonra Azərbaycan Xalq Komissarları Şurasında işə düzəlib və ona tapşırılan bütün işlərin öhdəsindən layiqincə gəlib. Orada iş icraçısı, ümumi şöbə müdirinin müavini, katib köməkçisi və katib vəzifələrində çalışaraq özünü mükəmməl təşkilatçı kimi göstərə bilib. Əziz Əliyev 1923-cü ildə həm də qəbul imtahanlarını müvəffəqiyyətlə verərək, 1919-cu ildən fəaliyyət göstərən Bakı Dövlət Universitetinin tibb fakültəsinə daxil olub. 1927-ci ildə çoxdan bəri arzusunda olduğu ali tibb təhsilini əla qiymətlərlə başa çatdırıb. Elə həmin ildə Xalq Komissarları Şurasının göndərişi əsasında klinikada elmi-pedaqoji işə başlayıb. Əziz Əliyevin fenomen bir şəxsiyyət kimi formalaşdığını təsdiqləyən universitet rəhbərliyi onun tibb fakültəsini bitirdikdən sonra daxili xəstəliklər kafedrasında saxlanılması haqqında qərar qəbul edib. O, bu dövrdə özünü artıq püxtələşmiş, bacarıqlı bir təşkilatçı kimi də göstərə bilmişdi və buna görə də həkimlik fəaliyyəti ilə yanaşı ona ən məsuliyyətli ictimai və dövlət əhəmiyyətli işlər də tapşırılırdı. Gənc həkim tibb fakültəsini bitirdikdən sonra apardığı elmi-pedaqoji işlərlə yanaşı, 1928-1929-cu illərdə Xalq Səhiyyə Komissarlığında işə cəlb olunub və orada müalicə şöbəsinin müdiri vəzifəsini yerinə yetirib.
Görkəmli elm xadimi 1929-cu ildə Azərbaycan Kliniki İnstitutun direktoru vəzifəsinə təyin edilib. Alim 1932-ci ilə qədər bu instituta rəhbərlik edib. 1930-cu il may ayının 9-da Azərbaycan Dövlət Universitetinin tibb fakültəsi nəzdində Azərbaycan Dövlət Tibb İnstitutu yaradılıb. ADTİ-nin təşkili məsələsi çox mürəkkəb bir proses olduğundan mahir təşkilatçı kimi Əziz Əliyev də bu mühüm prosesin icrasına cəlb edilib. O, 1932-ci il iyun ayının 1-dən 1938-ci ilə qədər Azərbaycan Tibb İnstitutunun rektoru vəzifəsini böyük bacarıq və uğurla yerinə yetirib.
Görkəmli alim və dövlət xadimi işə başlamazdan əvvəl bütöv bir həyat məktəbi keçmiş, kifayət qədər təcrübə əldə etmişdi. Azərbaycan Dövlət Tibb İnstitutunun rektoru təyin olunarkən o, yəqin etmişdi ki, ölkədə milli həkim, milli elmi işçi kadrlarının yetişdirilməsi üçün ilk növbədə tələbələrə təlim-tərbiyə verməyi bacaran milli kadrlar və ana dilində dəyərli tibb ədəbiyyatı olmalıdır. Ədəbiyyatsız, dərsliklərsiz tibbi fənləri nə tədris etmək, nə də onu lazımınca mənimsəmək mümkün deyil. Ona görə də, Əziz Əliyev tibbin müxtəlif ixtisasları üzrə səriştəsi olan azərbaycanlı alimləri qısa müddətdə səfərbər edərək, onları ana dilində dərsliklər yazmağa sövq edib. Az vaxt içərisində, bilavasitə onun rəhbərliyi altında ana dilində 55 adda dərslik çap edilərək tələbələrin və müəllimlərin ixtiyarına verilib. Əziz Əliyevin təşəbbüsü ilə işıq üzü görən əsərlərdən biri də onun özünün yazdığı “Klinik analizlər” kitabı olub. Bu təşəbbüsə qoşulan ilk alimlərdən K.Ə.Balakişiyevin “İnsanın normal anatomiyası”, M.Qəniyevin “Mikrobiologiya kursu”, C.Hüseynovun “Patoloji anatomiya”, Y.Qazıyevin “Ağciyər vərəmi”, Ü.Musabəylinin “Göz xəstəlikləri”, Ə.Talışinskinin “Travmatologiya”, Q.Səfərov və Ə.Həsənovun “Bioloji kimya” və digər dərslikləri, eləcə də M.Mirqasımovun, M.Topçubaşovun, M.Mirsəlimovun, M.Əfəndiyevin, Z.Məmmədovun və başqalarının ana dilində çap olunan əsərləri Azərbaycanın tibb təhsili tarixində abidəyə çevrilmiş orijinal nəşrlərdən hesab edilirlər. Bu kitablar indi də dəyərini saxlayır və onların hər birinin işıq üzü görməsində böyük alim Əziz Əliyevin müstəsna rolu olub. Görkəmli elm xadiminin adı qısa müddətdə rus dilində olan tibbi kitablardan ən vaciblərinin Azərbaycan dilinə tərcüməsinin də təşəbbüskarı və təşkilatçısı kimi tarixə düşüb. O vaxtlar kitab çap etdirmək üçün texniki təchizat yox dərəcəsində idi. Ümumiyyətlə, ADTİ-nin maddi-texniki bazası çox zəif idi. Bakı Dövlət Universitetinin tibb fakültəsində milli kadrların yetişdirilməsinə bir o qədər də ciddi diqqət göstərilməmişdi və həmin fakültədə təhsil alanların içərisində başqa millətlərin nümayəndələri üstünlük təşkil edirdi. Odur ki, Əziz Əliyev ADTİ-yə rəhbərlik etdiyi ilk illərdə hər işi sıfırdan başlamalı olurdu ki, bu da çox vaxt tələb edirdi.
Heç bir çətinlikdən çəkinməyən Əziz Əliyev möhkəm iradə və dözüm nümayiş etdirərək Azərbaycan Dövlət Tibb İnstitutunun nəzdində tibbi kitabxana yaratmaq ideyasını reallaşdırmağa başlayır. Onun səyi nəticəsində professor P.Rostovtsevin sədrliyi altında “Kitabxana komissiyası” yaradılır və komissiya səmərəli fəaliyyət göstərərək, 1936-cı ildə (ATU-da tibbi kitabxananın təməlinin qoyulmasının üçüncü ilində) oxuculara belə bir təlimat göndərir: “Kitabxana plan üzrə SSRİ-də nəşr olunan bütün təzə kitabları, o cümlədən dövri tibbi-bioloji ədəbiyyatı alır. Bunlardan əlavə kitabxana SSRİ-nin 231 elmi müəssisəsi və 87 xarici ölkə ilə kitab mübadiləsi aparır”. Bundan sonra tibbi kitabxananın əsasının möhkəmləndirilməsində, inkişafında və formalaşmasında ciddi dönüş yaranmışdır.
Əziz Əliyev institut kollektivinin köməyi ilə 1934-cü ildə “Tibb nəşriyyatı” yaradır. Onun təşəbbüsü və redaktorluğu ilə ilk dəfə “Praktiki və nəzəri tibb jurnalı”nın nəşrinə başlanılır. 1929-cu ildən etibarən o, “Azərbaycan Tibb Jurnalı”nın məsul katibi vəzifəsində çalışır, 1935-ci ildə isə həmin jurnalın baş redaktoru təyin edilir. Bu dövrdə jurnal ADTİ-də yenicə təşkil edilmiş “Tibb nəşriyyatı”nda çap olunurdu. 1933-cü ildə yenə də Əziz Əliyevin təşəbbüsü ilə Azərbaycan Dövlət Tibb İnstitutunda “Tibb kadrları uğrunda” adlı çoxtirajlı qəzetin çapına başlanılır. Hazırda bu qəzet “Təbib” adı altında Azərbaycan Tibb Universitetində çap olunmaqdadır və həmin qəzet bu ali məktəbin mətbu orqanıdır. 2003-cü ildə ATU-da “Təbib” qəzetinin yaradılmasının 70, 2013-cü ildə isə 80 illik yubileyləri təntənəli surətdə qeyd edildi və bu təntənələrdə qəzetin ilk yaradıcısı Əziz Əliyevin adı bir daha böyük ehtiramla yad olundu. Həmçinin nəzərə çatdırıldı ki, bu təkcə “Təbib” qəzetinin yubileyi deyil, həm də Azərbaycan Tibb Universitetinin Əziz Əliyev mərhələsinin şərəfli yubileyidir.
Görkəmli alim hansı ictimai, inzibati, təşkilati işlərdə çalışsa da, elmi axtarışlarını bir an belə dayandırmayıb. Alim 1933-cü il avqustun 4-dən Almaniyada elmi ezamiyyətdə olub. Əziz Əliyev oradan qayıtdıqdan sonra doktorluq dissertasiyasını müdafiə edib. Azərbaycanda ilk dəfə olaraq onun dissertasiya işi 1937-ci ildə Moskvada gənc alimlər müsabiqəsində SSRİ Elmlər Akademiyasının və ÜİLKGİ Mərkəzi Komitəsinin mükafatına layiq görülən dəyərli elmi iş kimi fərqlənib. Əziz Əliyev 1941-ci il mayın 13-də (Azərbaycan SSR Xalq Səhiyyə Komissarı vəzifəsində işləyərkən) SSRİ Elmlər Akademiyasının Azərbaycan filialının Rəyasət Heyəti nəzdində təşkil edilmiş Elmi Şuranın üzvü olub, 1956-cı ildə professor vəzifəsinə seçilib və həmin ildə də onun professor elmi adı təsdiq edilib.
Böyük alimin Azərbaycan Dövlət Tibb İnstitutuna rəhbərlik etdiyi dövrdə qələmə alınmış “Klinik analizlər” adlı kitabı tələbələr və gənc həkimlər tərəfindən rəğbətlə qarşılanıb və onların stolüstü kitablarından birinə çevrilib. Onun bir neçə elmi əsəri “Azərbaycan Tibb Jurnal”ında çap edilib. Bunların ilk illərdə çap olunanlarına “Həzm zamanı qanın xloridləri” (1928), “Malyariyanın Karno metodu ilə müalicəsi” (1932), “Klinik analizlər üzrə rəhbərlik” (1933) və s. aiddir. Əziz Əliyev uzun müddət eksperimental nefritin öyrənilməsi problemi ilə də məşğul olub, elmi işlərinin əsas məğzini bu istiqamətə yönəldib. Alim məharətlə elmi işlərini pedaqoji sahə ilə uzlaşdıra bilib və fakültə terapiyası kafedrasında müəllimlik fəaliyyətini davam etdirib. Belə ki, o, 1 noyabr 1927-ci ildən BDU-nun tibb fakültəsinin diaqnostika kafedrasında ordinator və aspirant, 17 oktyabr 1930-cu ildən isə yenicə təşkil edilmiş Azərbaycan Dövlət Tibb İnstitutunun birinci terapiya və diyar patologiyası kafedrasında assistent və dosent vəzifələrində çalışıb.
Əziz Əliyev tibb sahəsi üzrə milli kadr hazırlığını daim ön plana çəkib və gənclərin yüksək səviyyəli həkim kimi yetişmələrində müstəsna rol oynayıb. Onun Azərbaycan Dövlət Tibb İnstitutuna rəhbərlik etdiyi 6 il müddətində 11 doktorluq, 30 namizədlik dissertasiyası müdafiə edilib ki, onların da əksəriyyəti milli kadrlar olub. O, Azərbaycan Dövlət Tibb İnstitutunda təhsil alan tələbələrin həyatı ilə yaxından maraqlanıb, gənclərlə bağlı problemlər onu ciddi düşündürüb. 1933-cü ildə Əziz Əliyevin təşəbbüsü və bilavasitə iştirakı ilə indiki Kliniki Tibbi Mərkəzin yaxınlığında “Tibb şəhərciyi”nin inşasına başlanılıb. Sonralar həmin “şəhərcik”də tələbə yataqxanaları ilə birlikdə nəzəri kafedralar üçün tədris korpusları tikilib. Son illərdə isə burada dörd unikal klinika inşa edilərək istifadəyə verilib.
Tarixi mənbələrə görə, 1933-1934-cü illərdə ölkədə çörək qıtlığı yarandığından tələbələrin güzəranı xeyli ağırlaşıb. Həmin dövrdə Əziz Əliyevin qayğısı sayəsində “Azad qadın” heykəlinin yaxınlığındakı orta məktəbin birinci mərtəbəsində tələbə yeməkxanası təşkil edilib. Orada tələbələrə gündə 500-600 qram çörəklə bərabər pulsuz yemək verilib və onlar ağır vəziyyətdən çıxa biliblər. Görkəmli alim Azərbaycan Dövlət Tibb İnstitutunda rektorluq fondu yaradıb və həmin fondun hesabına ehtiyacı olan tələbələr üçün hər il pal-paltar, ayaqqabı aldırarmış ki, bu da bir növ onları daha yaxşı oxumağa sövq edər və həvəsləndirici stimula çevrilərdi.
Əziz Əliyev hər il Azərbaycan Dövlət Tibb İnstitutunun son kurs tələbələrinin ən bacarıqlılarını Moskvanın və Sankt-Peterburqun məşhur ali tibb məktəblərinə ezam edər, onlara təcrübə toplamaları üçün əlverişli şərait yaradardı. Belə vaxtlarda o, özünü hərtərəfli xeyriyyəçi kimi aparar, ölkədən xaricə gedən tələbələrə yardım edər, onları öz hesabına geyindirərdi. Həmin tələbələrin əksəriyyəti sonralar tibbin müxtəlif sahələrində məşhur alim kimi formalaşaraq Əziz Əliyevin yolunu davam etdiriblər.
Böyük alimin fəaliyyət dairəsi olduqca rəngarəng və çoxcəhətli olub. O, müəyyən müddətdə Azərbaycan Dövlət Tibb İnstitutunun rektoru olmaqla yanaşı, Əczaçılıq İnstitutuna da rəhbərlik edib və 1937-ci ildə eyni zamanda həm ATİ-nin, həm də Bakı Dövlət Universitetinin rektoru vəzifəsində çalışıb. Bir müddət Azərbaycan SSR Elmi-Tədqiqat Ortopediya və Bərpa Cərrahlığı İnstitutunun direktoru vəzifəsində fəaliyyət göstərib.
1934-cü ildə Bakı şəhər səhiyyəsində böyük problemlər olduğu bir vaxtda Əziz Əliyev oraya rəhbər təyin edilib və qısa müddətdə - 8 ay ərzində vəziyyətin köklü şəkildə dəyişilməsinə nail olub, Azərbaycanın paytaxtı yoluxucu xəstəliklərin epidemiyasından xilas edilib. Bundan sonra o, yenidən ATİ-yə rəhbərliyə qayıdıb. Azərbaycan səhiyyəsinin böyük inkişaf mərhələsi bu görkəmli şəxsiyyətin adı ilə bağlı olub.
Əziz Əliyev 1939-1941-ci illərdə Azərbaycan SSR Xalq Səhiyyə Komissarı vəzifəsində çalışdığı dövrdə respublikanın ən ucqar rayonlarını kəndbəkənd gəzərək misilsiz xidmətlər göstərmişdir. O dövrdə Azərbaycanda tüğyan edən son dərəcə təhlükəli yoluxucu xəstəliklərə qarşı mübarizə proqramı hazırlanıb və bu proqram dövlət səviyyəsində Əziz Əliyevin rəhbərliyi altında həyata keçirilib. Onun başçılığı ilə ölkədə xüsusi dispanserlər, şəhər və kəndlərdə 50 yerlik göz xəstəxanaları açılıb. Tezliklə traxoma, malyariya və s. kimi xəstəliklərin qarşısı alınıb və bir çox ciddi infeksion xəstəliklərin kökü tamamilə kəsilib. Əziz Əliyevin təcrübəsi o vaxtlar SSRİ Xalq Səhiyyə Komissarlığında müzakirə olunub və bu təcrübənin SSRİ miqyasında yayılması tövsiyə edilib.
Böyük Vətən müharibəsi dövründə Əziz Əliyev Ordu hərbi şurasının üzvü kimi İrana ezam olunub, 1941-1942-ci illərdə orada sovet qoşun hissələrinin siyasi komissarı vəzifəsində çalışıb. Görkəmli dövlət xadiminin həyatındakı mühüm dövrlərdən biri də Dağıstana rəhbərlik etdiyi illərdir. Qonşu muxtar respublikanın ağır vəziyyətində - 1942-ci ildə Əziz Əliyevin Dağıstan vilayət partiya komitəsinin birinci katibi seçilməsi onun təkcə Azərbaycanda deyil, keçmiş SSRİ-də də böyük nüfuza malik olduğunu sübut edirdi. Altı il bu vəzifədə çalışan Əziz Əliyev Dağıstanın həyatının bütün sahələrində böyük irəliləyişə nail olmuş, Azərbaycan-Dağıstan dostluğunun daha da möhkəmlənməsinə əvəzsiz töhfə vermişdir. Əziz Əliyevin 100 illik yubileyində ulu öndər Heydər Əliyev demişdir: “Əziz Əliyev Azərbaycan və Dağıstan dostluğunun inkişafı sahəsində çox böyük xidmətlər göstərmiş, çoxsahəli fəaliyyəti və humanizmi sayəsində o, Azərbaycan-Dağıstan dostluğunun rəmzinə çevrilmişdir”. Əziz Əliyevin xatirəsi həm Azərbaycanda, həm də Dağıstanda əbədiləşdirilmiş, Bakının və Mahaçqalanın mərkəzi küçələrinin birinə, Azərbaycan Dövlət Həkimləri Təkmilləşdirmə İnstitutuna, Sumqayıt və Kaspiysk şəhərlərinin tibb məktəblərinə bu böyük şəxsiyyətin adı verilmişdir.
Görkəmli alim və dövlət xadimi I-II çağırış SSRİ Ali Sovetinin, I-III çağırış Azərbaycan SSR Ali Sovetinin, II çağırış Dağıstan MSSR-in Ali Sovetinin deputatı olub. Böyük şəxsiyyətin vətən və xalq qarşısındakı misilsiz xidmətləri yüksək qiymətləndirilib. O, iki dəfə “Lenin” ordeni, daha sonra “Qırmızı Əmək Bayrağı”, “I dərəcəli Vətən müharibəsi” ordenləri, “Səhiyyə əlaçısı” döş nişanı, bir çox medallar, o cümlədən 1948-ci ildə “Moskvanın yaranmasının 800 illik” xatirə medalı və çoxsaylı fəxri fərmanlarla təltif edilib. 1960-cı ildə Əziz Əliyevə “Azərbaycan SSR əməkdar həkimi” fəxri adı verilib.
Əziz Əliyev Azərbaycan SSR Ali Soveti Rəyasət Heyətinin katibi, Azərbaycan Kommunist Partiyası Mərkəzi Komitəsinin katibi, Azərbaycan SSR Nazirlər Soveti sədrinin birinci müavini vəzifələrində çalışdığı dövrlərdə də respublikada elmin, səhiyyənin, təhsilin inkişafına daim qayğı və kömək göstərmişdir.
Əziz Əliyev böyük təşkilatçı, görkəmli dövlət xadimi olmaqla yanaşı, həm də çox qayğıkeş və gözəl ailə başçısı olmuşdur. Bu ailədən dünya şöhrətli oftalmoloq-alim Zərifə xanım Əliyeva kimi şəxsiyyət çıxmışdır. O, uzun müddət Azərbaycan Dövlət Həkimləri Təkmilləşdirmə İnstitutunun Göz xəstəlikləri kafedrasına rəhbərlik etmiş, Azərbaycan SSR Elmlər Akademiyasının həqiqi üzvü olmuş, SSRİ Tibb Elmləri Akademiyasının akademik M.İ.Averbax adına mükafatına layiq görülmüşdür.
Əziz Əliyevin oğlu, əməkdar elm xadimi, professor Tamerlan Əliyev uzun illər Azərbaycan Tibb Universitetinin Daxili xəstəliklər kafedrasına rəhbərlik etmiş, yüksək ixtisaslı həkim kadrlarının hazırlanmasına böyük əmək sərf etmişdir. Qızı, əməkdar incəsənət xadimi Gülarə xanım Əliyevanın Azərbaycan musiqisinin, incəsənətinin inkişafı və təbliğində böyük xidmətləri olmuşdur. Qızlarından Ləzifə Əliyeva uzun illər ATU-nun Göz xəstəlikləri kafedrasında aparıcı dosent vəzifəsində çalışıb, gənc tibb kadrlarının yetişdirilməsində böyük xidmətlər göstərib, Dilbər xanım isə adlı-sanlı rabitəçi-mühəndis olub, “Əməkdar rabitəçi” fəxri adına layiq görülüb. Digər oğlu, məşhur cərrah-onkoloq, dünyanın bir çox ölkələrinin akademiyalarının, o cümlədən Rusiya Elmlər Akademiyasının, Azərbaycan Milli Elmlər Akademiyasının həqiqi üzvü, keçmiş SSRİ Elmlər Akademiyasının akademik N.N.Petrov adına mükafatı və diplomuna, eləcə də Azərbaycanın “Şöhrət” və “Şərəf” ordenlərinə layiq görülmüş akademik Cəmil Əliyev hazırda Azərbaycan Respublikasının Prezidenti yanında Tibb Xidmətinin rəisi vəzifəsini yerinə yetirməklə yanaşı, həm də Səhiyyə Nazirliyinin Milli Onkologiya Mərkəzinə, Əziz Əliyev adına Azərbaycan Dövlət Həkimləri Təkmilləşdirmə
İnstitutunun Onkologiya kafedrasına rəhbərlik edir.
Bu gün Əziz Əliyevin nəvə və nəticələri onun yolunu ləyaqətlə davam etdirir, Azərbaycanın hərtərəfli inkişafı və xoşbəxt gələcəyi üçün böyük əmək sərf edirlər. Onların bu istiqamətdə gördükləri işlər yüksək qiymətləndirilir. Bu böyük alimin adını daşıyan və akademik Cəmil Əliyevin oğlu tibb üzrə elmlər doktoru, professor - nəvə Əziz Əliyevin hazırda İ.M.Seçenov adına Moskva Dövlət Tibb Universitetinin Bakı filialının rektoru vəzifəsində böyük müvəffəqiyyətlə fəaliyyət göstərməsi deyilənlərə bariz nümunədir.
Ölkəmizdə elm, mədəniyyət, incəsənət xadimlərinin yubileylərinin keçirilməsi artıq ənənə xarakteri alıb. Bunun təməlini hələ keçən əsrin ikinci yarısında ulu öndər Heydər Əliyev qoyub. Bu gözəl ənənə Prezident İlham Əliyev tərəfindən uğurla davam etdirilir.
Bu il anadan olmasının 120 illik yubileyini qeyd etdiyimiz Əziz Əliyevin əbədiyyətə qovuşmasından 55 il keçir. İllər bizi bu tarixdən uzaqlaşdırdıqca, bu böyük şəxsiyyət insanların gözündə daha da ucalır. Əziz Əliyev Azərbaycanın inkişafında son dərəcə böyük xidmətlər göstərmiş alim, həkim, dövlət xadimidir və müstəqil Azərbaycan Respublikası belə övladları ilə daim fəxr edir. Çünki ölkənin qüruru, vüqarı məhz belə insanlardır.

Əhliman ƏMİRASLANOV,
akademik, Milli Məclisin Səhiyyə komitəsinin sədri