Alternative content

AZƏRBAYCAN RESPUBLİKASI MİLLİ MƏCLİSİNİN ORQANI

TürkPA parlamentlərarası ünsiyyətin demokratik forumuna çevrilib

21 Dekabr 2016
Dekabrın 21-də Azərbaycan Respublikası Milli Məclisinin sədri Oqtay Əsədov Türkdilli Ölkələrin Parlament Assambleyasının (TürkPA) Beynəlxalq Katibliyinin mənzil-qərargahının rəsmi açılışı mərasimində iştirak etmək üçün ölkəmizə səfərə gələn Qırğızıstan Joqorku Keneşinin sədri Çınıbay Tursunbekov ilə görüşüb.

Milli Məclisin mətbuat xidmətindən AZƏRTAC-a verilən məlumata görə, Türkdilli Ölkələrin Parlament Assambleyasının fəaliyyətindən söz açan Oqtay Əsədov vurğulayıb ki, bu qurum yarandığı gündən böyük inkişaf yolu keçib və parlamentlərarası əlaqələrimizdə yeni mərhələ açıb. TürkPA bundan sonra da geniş coğrafi ərazini əhatə edən türk dünyasının qarşılaşdığı problemlərin həllinə öz töhfəsini verəcək. Müasir dövrün çağırışları fonunda türkdilli dövlətlərin və parlamentlərin daha sıx birləşməsi vacibdir. Sevindirici haldır ki, eyni kökdən olan, ortaq milli-mədəni dəyərləri bölüşən türkdilli dövlətlər bütün sahələrdə qarşılıqlı faydalı əməkdaşlığı gündən-günə gücləndirirlər.

Söhbət zamanı türk dünyasının birliyini möhkəmləndirmək istiqamətində Azərbaycanın irəli sürdüyü təşəbbüslərdən və həyata keçirdiyi tədbirlərdən danışan Oqtay Əsədov türk sivilizasiyasının bərpası və inkişafı üçün türkdilli xalqların mədəni irsinin qorunmasının vacibliyini vurğulayıb.

Görüşdə Joqorku Keneş sədrinin diqqətinə çatdırılıb ki, Azərbaycan Qırğızıstan ilə əlaqələrin daha da möhkəmlənməsinə və dərinləşməsinə mühüm əhəmiyyət verir. Dövlətlərarası əlaqələrimizdə son illər müşahidə olunan intensivlik siyasi dialoqun davam etdirilməsinə və əməkdaşlığın inkişafına möhkəm zəmin yaradır.

Qonağa ölkəmizdə həyata keçirilən siyasi-iqtisadi islahatlar barədə məlumat verilib, indiyədək Azərbaycan ilə Qırğızıstan arasında dövlətlərarası və hökumətlərarası səviyyədə 38 sənədin imzalandığı xatırladılıb. Azərbaycan-Qırğızıstan münasibətlərində mədəni-humanitar əlaqələrin rolu xüsusi vurğulanıb, TÜRKSOY-un bu sahədəki fəaliyyəti yüksək qiymətləndirilib. Hazırda parlamentlərarası əlaqələrimizin daha dinamik xarakter aldığı və deputatlarımızın müxtəlif beynəlxalq təşkilatlarda fəal əməkdaşlıq etdiyi qeyd edilib. Milli Məclisdə və Joqorku Keneşdə fəaliyyət göstərən dostluq qruplarından bəhs olunub.

Söhbət əsnasında Ermənistan–Azərbaycan, Dağlıq Qarabağ münaqişəsinə də toxunulub.

Görüşdə Qırğızıstan Joqorku Keneşinin sədri Çınıbay Tursunbekov Azərbaycana səfərindən məmnunluğunu bildirib. O, TürkPA-nın Bakıda mənzil-qərargahının açılışını yüksək dəyərləndirib, Qırğızıstan parlamentində Milli Məclislə əlaqələrin inkişafına xüsusi diqqət yetirdiklərini deyib. Türkdilli xalqların birliyinə və inkişafına nail olmaq üçün TürkPA çərçivəsində bütün imkanlarını səfərbər edəcəklərini vurğulayib.

Görüşdə tərəfləri maraqlandıran bir sıra məsələlər ətrafında fikir mübadiləsi aparılıb.