Alternative content

AZƏRBAYCAN RESPUBLİKASI MİLLİ MƏCLİSİNİN ORQANI

Gəncə ilə Varna şəhərləri arasında əməkdaşlığa dair xartiya imzalanıb

21 Dekabr 2016
Azərbaycanın Gəncə şəhəri ilə Bolqarıstanın Varna şəhəri arasında əməkdaşlığa dair xartiya imzalanıb.

AZƏRTAC xəbər verir ki, ölkəmizdə səfərdə olan Varna şəhərinin meri İvan Portnihin rəhbərlik etdiyi nümayəndə heyətinin Gəncə Şəhər İcra Hakimiyyətinin başçısı Elmar Vəliyev ilə görüşündə qonaqlara Gəncənin tarixi, müasir infrastrukturu, sənaye potensialı və turizm imkanları barədə ətraflı məlumat verilib.

Bildirilib ki, Gəncə 2016-cı ildə Avropanın Gənclər Paytaxtı (AGP) titulunu qazanıb. İl ərzində bu layihə çərçivəsində 250-dən çox yerli və beynəlxalq tədbir, müxtəlif müsabiqələr, seminarlar, konfranslar, təlimlər və sərgilər təşkil olunub. Həmçinin şəhərin çoxəsrlik tarixi, zəngin mədəniyyəti, tarixi şəxsiyyətləri haqqında bir sıra Avropa ölkələrində təqdimatlar keçirilib.

Elmar Vəliyev deyib ki, AGP paytaxtı olmuş şəhərlərlə gənclər sahəsində birgə layihələrin icrası, bu sahədə Gəncənin təcrübəsinin paylaşılması gələcək planlara daxildir.

Varna şəhərinin meri İvan Portnih il ərzində AGP adını layiqincə daşıyan və layihəyə yüksək səviyyədə ev sahibliyi edən Gəncə kimi qədim, eyni zamanda, müasir infrastruktura malik şəhərdən bu titulu qəbul etdiklərinə görə sevincli və bir o qədər də məsuliyyətli olduğunu bildirib.

Sonra İvan Portnih Avropanın ən qədim qızıl emalı mədənlərinin yerləşdiyi Varna şəhərinin tarixi və keçdiyi inkişaf yolu, həmçinin müasir sosial-iqtisadi, mədəni potensialı haqqında məlumat verib.

Görüşdə hər iki tərəf gələcəkdə elm və təhsil sahəsində əməkdaşlıq etməkdə və bu şəhərlərdə fəaliyyət göstərən elm-təhsil müəssisələri, xüsusilə universitetlər arasında tələbə mübadiləsi həyata keçirməkdə maraqlı olduqlarını qeyd ediblər.

Şəhər rəhbərləri ikitərəfli əlaqələrin inkişaf etdiriləcəyini, gələcək əməkdaşlığın və dostluq münasibətlərinin möhkəmləndirilməsi istiqamətində səylərini birləşdirəcəklərini bildiriblər.

Sonda iki şəhər arasında gələcək əməkdaşlığa dair xartiya imzalanıb.