Alternative content

AZƏRBAYCAN RESPUBLİKASI MİLLİ MƏCLİSİNİN ORQANI

Milli Məclisin iqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsinin iclası keçirilib

20 Dekabr 2016
Dekabrın 20-də Milli Məclisin iqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsinin iclası keçirilib.

AZƏRTAC xəbər verir ki, iclasda çıxış edən komitə sədri Ziyad Səmədzadə bu günlər ölkə həyatında intensiv dəyişikliklərin baş verdiyini deyib. O, Prezident İlham Əliyevin iqtisadi islahatlarla əlaqədar müəyyən etdiyi tədbirlərin uğurla həyata keçirildiyini bildirib.

Gündəlikdəki məsələ barədə məlumat verən komitə sədri vurğulayıb ki, iclasda “Vergi ödəyicilərinin 2017-ci ilin 1 yanvar tarixinə mövcud olan vergi borclarının tənzimlənməsi haqqında” qanun layihəsi müzakirə ediləcək. O deyib ki, təqdim edilmiş qanun layihəsi Azərbaycanın iş adamları, istər dövlət, istər özəl sektor tərəfindən müsbət qarşılanacaq.

Vergilər Nazirliyinin vergi siyasəti və strateji araşdırmalar Baş idarəsinin rəisi Natiq Şirinov diqqətə çatdırıb ki, artıq bir neçə ildir ardıcıl Vergi Məcəlləsində dəyişiklik aparılır. Bu dəyişikliklərin əsas prinsipi vergi güzəştlərinin daha da genişləndirilməsindən, vergi ödəyicilərinin iqtisadi aktivliyinin artırılmasından ibarətdir. 2017-ci ilin yanvarın 1-dən qüvvəyə minəcək Vergi Məcəlləsində də sahibkarlıq subyektləri üçün kifayət qədər vergi güzəştləri nəzərdə tutulub ki, bu da investisiyanın təşviqi, iqtisadi aktivliyin artırılmasına xidmət edir.

Qanun layihəsi barədə məlumat verən N.Şirinov qeyd edib ki, sənədə əsasən vergi ödəyicilərinin vergilərin Azərbaycan Respublikasının Vergi Məcəlləsi ilə müəyyən edilmiş müddətdə ödənilməməsinə görə hesablanmış faizlər üzrə 2017-ci ilin 1 yanvar tarixinə vergi orqanlarındakı şəxsi hesab vərəqələrində mövcud olan borcları müvafiq icra hakimiyyəti orqanı tərəfindən silinir. Qanun layihəsinə görə vergi borcları əsasən iki hissəyə bölünüb. Birinci hissədə vergi ödəyiciləri tərəfindən vergilərin vaxtında ödənilməməsinə görə hesablanmış faizlərin silinməsindən söhbət gedir. İkinci hissədə isə maliyyə sanksiyalarının müəyyən ardıcıllıqla silinməsindən bəhs olunur. Hesablanmış faizlərin 2017-ci ilin yanvar vəziyyətinə əsasən istisnasiz olaraq silinməsi təklif olunur. Tərkibindən asılı olaraq maliyyə sanksiyalarının 2017-ci ilin yanvarın 1-dən məbləğindən asılı olmayaraq, istisnasız şəkildə silinməsi təklif edilir. Eyni zamanda, Vergi Məcəlləsinin 58-ci və digər maddələrində nəzərdə tutulmuş maliyyə sanksiyalarının isə ardıcıl silinməsi nəzərdə tutulur.

Sənədə görə vergi orqanları tərəfindən aparılmış digər vergi nəzarəti tədbirləri və yoxlamalar zamanı vergi ödəyicilərinə tətbiq edilmiş maliyyə sanksiyaları üzrə yaranmış vergi borcları vergi ödəyiciləri tərəfindən 2017-ci ilin yanvar ayı ərzində həmin maliyyə sanksiyalarının 30 faizi ödənildikdə maliyyə sanksiyalarının ödənilməmiş 70 faizi müvafiq icra hakimiyyəti orqanı tərəfindən silinir.

Qeyd edilib ki, vergi ödəyiciləri tərəfindən 2017-ci ilin yanvar-fevral ayları ərzində həmin maliyyə sanksiyalarının 50 faizi ödənildikdə maliyyə sanksiyalarının ödənilməmiş 50 faizi müvafiq icra hakimiyyəti orqanı tərəfindən silinir. Vergi ödəyiciləri tərəfindən 2017-ci ilin yanvar-mart ayları ərzində həmin maliyyə sanksiyalarının 70 faizi ödənildikdə maliyyə sanksiyalarının ödənilməmiş 30 faizi müvafiq icra hakimiyyəti orqanı tərəfindən silinir.

N.Şirinov diqqətə çatdırıb ki, qanun layihəsi 44704 vergi ödəyicisini əhatə edəcək ki, onların 1037-si dövlət sektorunda 43667-si isə qeyri-dövlət sektorunda fəaliyyət göstərir. Faizlərin silinməsi nəticəsində 386,4 milyon manat məbləğin silinməsi təmin olunacaq. Bunun da 125,5 milyon manatı dövlət, 260,9 milyon manatı isə qeyri-dövlət sektoruna aiddir. Eyni zamanda, nağd pul hesablaşmalarının qaydalarının pozulmasına görə 6304 vergi ödəyicisinin 3 milyon manat məbləğində maliyyə sanksiyasının 2017-ci ilin 1 yanvar vəziyyətində silinməsi nəzərdə tutulur. Digər maliyyə sanksiyalarının silinməsi ilə bağlı yanvar, fevral, mart ayları ərzindəki ödənişlərinə adekvat olaraq qalan maliyyə sanksiyasının silinməsi nəticəsində 13780 vergi ödəyicisinin 234 milyon manat məbləğində maliyyə sanksiyası silinəcək. Bu qanun layihəsinin qüvvəyə minməsi nəticəsində 44704 vergi ödəyicisinin təxminən 624 milyon manat vəsaitinin silinməsi təmin olunacaq. Faiz məbləğlərinin silinməsi nəticəsində Bakı şəhəri üzrə 288,3 milyon manat, regionlar üzrə isə 98 milyon manat məbləğin silinməsi təmin ediləcək.

Sonra deputatlar qanun layihəsi barədə fikirlərini səsləndiriblər, sənədin qəbulunun əhəmiyyətini qeyd ediblər.

Sonda qanun layihəsi Milli Məclisin plenar iclasına tövsiyə edilib.