Alternative content

AZƏRBAYCAN RESPUBLİKASI MİLLİ MƏCLİSİNİN ORQANI

BDU-nun sosial elmlər və psixologiya fakültəsinin yaranmasının 25 illiyi qeyd olunub

19 Dekabr 2016
Dekabrın 19-da Bakı Dövlət Universitetində (BDU) sosial elmlər və psixologiya fakültəsinin yaranmasının 25 illik yubileyinə həsr olunan tədbir keçirilib.

Universitetdən AZƏRTAC-a bildiriblər ki, rəsmi hissədə çıxış edən rektor, akademik Abel Məhərrəmov BDU-nun tarixi, beynəlxalq əlaqələri, əldə olunan uğurlar barədə danışıb. Bildirilib ki, sosial elmlər və psixologiya fakültəsi ölkəmizdə baş verən sosial-siyasi hadisələr fonunda suveren dövlətimiz üçün sosial-siyasi münasibətlər ixtisasları üzrə kadr hazırlığına ehtiyacdan yaranıb. Fəaliyyəti dövründə respublikamız üçün minlərlə yüksəkixtisaslı mütəxəssis hazırlayan fakültə həm də uzun illər ərzində bir sıra xarici ölkələr üçün yüzlərlə kadr hazırlayıb, beynəlxalq miqyasda tanınan peşəkar müəllimlərin yorulmaz xidməti sayəsində regionun elmi mərkəzinə çevrilib, ali struktur rəhbərlərinin formalaşmasında müstəsna rol oynayıb. Fakültənin psixologiya, sosiologiya, sosial iş, fəlsəfə və politologiya ixtisaslarının yetirmələri bir çox fəaliyyət sahələrində uğurla çalışır, layiqli vətəndaş və mütəxəssis kimi özlərini təsdiqləyirlər.

Digər çıxış edənlər də bu fakültənin yaradılması ilə universitetin, respublikanın humanitar elm və təhsilinin tarixində yeni bir mərhələ açıldığını diqqətə çatdırıblar. Qeyd olunub ki, sosial elmlər və psixologiya fakültəsi bir çox elmi və tədris istiqamətləri üzrə elmi tədqiqatlar aparıb, cəmiyyətin təfəkkür mədəniyyətini formalaşdırıb. Fakültə çətin bir inkişaf yolu keçib və nəticədə sosiologiya, politologiya, fəlsəfə, psixologiya cəmiyyətimizdə baş verən iqtisadi, sosial-siyasi, mənəvi proseslərin ayrılmaz tərkib hissəsinə çevrilib.

Tədbir bədii hissə ilə davam edib.