Alternative content

AZƏRBAYCAN RESPUBLİKASI MİLLİ MƏCLİSİNİN ORQANI

Ölkəmizi indi daha yaxşı tanıyırıq

18 Dekabr 2016
 

“Ölkəmizi tanıyaq” tur-aksiyasında iştirak etmək xoşbəxtliyi bizə də nəsib oldu. Bu ilin  noyabr ayında 40 nəfər X-XI sinif şagirdi və 5 nəfər müşayiətçi müəllim  ilə respublikamızın şimal zonasına - Quba, Xaçmaz və Qusar rayonlarına gəzməyə getdik. Üç gün ərzində gördüklərimiz, şahidi olduqlarımız, müşahidə etdiklərimiz dünyagörüşümüzü xeyli zənginləşdirdi.

Bizə deyirdilər ki, ölkəmiz dünyada tolerantlıq nümunəsi kimi tanınır. Qubada - Xınalıqda, Qırmızı qəsəbədə, Qusarda bunun əyanı şahidi olduq. Şimal bölgəsində müxtəlif millətlərin birgə sülh və əmin-amanlıq şəraitində yaşadıqlarını gözlərimizlə gördük. Onların mədəniyyətləri, adət-ənənələri ilə tanış olduq. Yol boyu keçdiyimiz  yaşayış məntəqələrində və qonaq olduğumuz rayonlarda abadlıq- quruculuq işləri gedirdi. Rayon mərkəzləri, eləcə də kəndlər çox gözəl idi. Yeni  və müasir tikililər göz oxşayırdı. 

Muzeylərə, qədimi yerlərə də baş çəkdik. Bu rayonlar, burada yaşayan xalqlar haqqında xeyli məlumat topladıq. Təbiətin gözəlliyindən zövq aldıq. Bir sözlə, səfərimiz çox maraqlı və faydalı keçdi.

Qayıdıb dərslərimizə başlamışıq. Təəssüratlarımızı ailə üzvlərimiz, sinif yoldaşlarımız, dostlarımızla bölüşməkdən doymuruq. Vətənimiz Azərbaycanla fəxr edir, müstəqil dövlətin azad vətəndaşları olmağımızdan qürur duyuruq. Şübhəsiz, məsuliyyətimizi də dərk edirik: ölkəmizin daha da çiçəklənməsi, güclənməsi və  tərəqqisi üçün daha yaxşı oxumalı, elmimizi, savadımızı artırmalı, Vətənə layiqli vətəndaş olmalıyıq.

 

Kainat MURADLI,

İsmayıllı məktəblisi