Alternative content

AZƏRBAYCAN RESPUBLİKASI MİLLİ MƏCLİSİNİN ORQANI

Haqqın yolu xeyirxahlıqdan, nəciblikdən keçir

18 Dekabr 2016
 

Sumqayıtda doğulub boya-başa çatmışam. Həyatım boyu böyüklərdən savab əməllərə çağırış eşitmişəm. Milli-mənəvi dəyərlər əsasında tərbiyə şübhəsiz ki, cəmiyyəti saflaşdırır. Əgər insan xeyirxahlığa meyillidirsə, deməli, ən azı ondan başqalarına ziyan dəyməyəcək.

Bir müddət əvvəl mətbuatda yas mərasimlərinin dinimizin təməl prinsipləri əsasında keçirilməsi ilə bağlı silsilə yazılar dərc olunurdu. İsrafçılığa yol verməmək, əlavə borca-xərcə düşməmək, eləcə də dini ayinlərin düzgün icra olunması üçün yas mərasimlərinin sadə təşkili tövsiyə edilirdi. Əhali tərəfindən bəyənilən bu təkliflər real həyatda da gerçəkləşməyə başlamışdı. Doğrudur, hələ də təmtəraqlı yas mərasimləri keçirməyi özünə “şərəf” bilən, bu “ənənə”lərdən imtina etməyi bacarmayan insanlar var.

Amma məsələyə yeni gözlə baxmağa çalışan ailələr də kifayət qədərdir. Onlardan biri - Əzimovlar ailəsinin təqdirəlayiq təşəbbüsü haqqında danışmaq istərdik. Çünki onların əməli nümunə götürüləcək qəbildəndir.  Xalqımız həmişə - istər xoş, istərsə də dərdli günlərində  ailələrə elliklə dəstək olmaq ənənəsinə malikdir. Toyda da, yasda da maddi vəsait toplanması  bununla əlaqəlidir. Əzimovlar ailəsi yaxın qohumlarının yasında pul yığmamağa qərar versələr də, insanlar onların xərclərini yüngülləşdirmək, hüzür sahibinə kömək məqsədilə müəyyən məbləğdə vəsait toplamışdılar.

 Əzimovlarınsa bu vəsaitə münasibətləri fərqli oldu. Onlar bu pulu daha xeyirxah, nəcib məqsədə yönəltməyə qərar verdilər. Sumqayıt Şəhər Onkoloji Dispanserdən evdə müalicə alan bir neçə xəstənin ünvanını götürdülər. Həmin ünvanlara gedərək xəstələrə həm mənəvi dəstək verdilər, həm də maddi yardım göstərdilər. O ailələrin ağrı-acısı, xəstələrin müalicə xərcələrinin ağırlığı onlara yaxşı bəlli idi...

İbrətamiz əməldir. Haqqa qovuşmağın, savab qazanmağın  doğru və rahat yolu humanizmdən, xeyirxahlıqdan, nəciblikdən keçir. Bunu bizdən həm dövlət, həm də islam qanunları tələb edir.

 

Əjdər HÜSEYNOV,

Sumqayıt sakini