Alternative content

AZƏRBAYCAN RESPUBLİKASI MİLLİ MƏCLİSİNİN ORQANI

Kitab bilik mənbəyi, ruhi dinclik vasitəsidir

18 Dekabr 2016
 

Mənəvi sərvətlərimizi, tariximizi, ümumiyyətlə, bəşəri dəyərləri  qoruyub saxlayan, onu nəsildən-nəslə ötürən mənbələrdən biri də kitabxanalardır. Kitabxanalar xalqımızın milli sərvətidir. Amma təəssüf ki, bu sərvətdən bəhrələnənlərin sayı arzu olunan səviyyədə deyil. Ötən əsrdə kitabxanaya gedənlər, mütaliə edənlər indikindən qat-qat artıq olub. Doğrudur, indi insanlar daha çox  müasir informasiya-kommunikasiya texnologiyaları vasitələrindən istifadə edirlər. Bununla belə,  mütaliə mədəniyyətinin yüksəldilməsinə böyük ehtiyac var. Bu gün çoxumuzu düşündürən əsas problemlərdən biri gənclər arasında kitaba, mütaliəyə marağın azalmasıdır. Gənclər bir neçə saat vaxt ayırıb kitabxanaya getməkdənsə, həmin vaxtı mobil telefonla sosial şəbəkələrdə boş, mənasız şeylərə sərf edirlər. Bunun qarşısını almaq, yeni nəsildə mütaliəyə həvəsi yüksəltmək vacibdir.

Şabran rayonunda kitaba maraq  hələ də var: insanlar kitabxanaya getməyi unutmayıblar. Rayon mərkəzindəki kitabxana bir neçə bölmə üzrə fəaliyyət göstərir. Ümumilikdə, 27 mindən çox  kitab fondu olan  kitabxanada əvvəllər bundan iki dəfə az kitab olub. Kitabxana fondu mütəmadi olaraq yeni nəşrlərlə zənginləşdirilir. Rayonun elə sakinləri var ki, bura gələrək gündəlik qəzetləri oxuyurlar. Onlar  gənclərimizə nümunədir. Bu, təsirsiz ötüşmür, gənclər də həvəslənərək kitabxanaya meyil edirlər.  Doğrudur, onların arasında  əsasən ali məktəblərə hazırlaşan məktəblilər daha çoxdur. Bununla belə, bu vərdiş digər uşaqlara da sirayət edir. Təsadüfi deyil ki, indi kitabxanaya ay ərzində 400 nəfərdən çox oxucu müraciət edir. Onların yarısı daimi oxucularımızdır. İl ərzində 70 000 müraciət üzrə  kitabxanamız xidmət göstərib. Arzu edirik ki, gələcəkdə bu rəqəm yüz minlərlə ifadə olunsun. Axı, kitab təkcə bilik mənbəyi deyil, həm də daxili rahatlıq, ruhi dinclik vasitəsidir.

 

Zivər QULİYEVA,

Şabran rayonu, kitabxanaçı