Alternative content

AZƏRBAYCAN RESPUBLİKASI MİLLİ MƏCLİSİNİN ORQANI

Şərqin Qərbə açılan elm və zəka qapısı

16 Dekabr 2016
 

Respublikamızın təhsil ictimaiyyəti bu günlərdə əlamətdar bir yubileyi qeyd edir: görkəmli ədib Məhəmməd Hadinin təbirincə desək, “xalqımızın imzasının imzalar içində” tanınmasında, milli təhsil sisteminin şanlı salnaməsinin yazılmasında, dövlətimizin hərtərəfli tərəqqisi yolunda özünün dəst-xətti ilə böyük rol oynamış, gənc nəslin tale yoluna işıq salaraq onları cəmiyyətə layiqli şəxsiyyət kimi yetişdirmiş Bakı Slavyan Universitetinin yaranmasından 70 il ötür. 

Əcnəbi dillərin tədrisi və ictimai humanitar həyatın müxtəlif sahələri üzrə ixtisaslaşmış flaqman ali müəssisələr sırasında özünün sanbalı, nüfuzu və mövqeyi ilə seçilən bu yenilikçi elm və təhsil məbədi öz yubileyini inkişafının keyfiyyətcə yeni mərhələsində qarşılayır. Düşünürəm ki, ötən 70 il təkcə möhtəşəm mövcudluq tarixi deyil, həm də addım-addım keçilən şərəfli yolda qazanılan böyük səriştə, təcrübə və xalqın hörmətidir.
Universitetin əsası 70 il bundan əvvəl, Böyük Vətən müharibəsinin yaraları və dağıntıları hələ aradan getmədiyi bir vaxtda, 1946-cı ildə qoyulmuşdur. Bəşər tarixinin ən dağıdıcı müharibəsi təzəcə bitmişdi, insanlar yeməyə çörək, geyinməyə paltar tapmırdı. Hələ hamı əli çatan hərbi paltarlarda gəzirdi. Amma adamların arzu və ümidləri hədsiz idi. İnsan təbiəti qəribədir. O, hər müharibədən sonra daha böyük arzu və planlarla yaşayır. Görünür, insanın nikbin təbiəti tükənməzdir və həyat sınaqları bu nikbinliyi daha da artırır.
Ən çətin, cəmiyyətin böyük ehtiyaclara məruz qaldığı bir dövrdə SSRİ Xalq Komissarları Sovetinin 2 fevral 1946-cı il tarixli sərəncamı ilə Bakıda M.F.Axundov adına İkiillik Azərbaycan Dövlət Müəllimlər İnstitutunun təməli qoyuldu. Qərarın icrası üçün may ayında Azərbaycan SSR Xalq Komissarları Sovetinin müvafiq sərəncamı verildi. Bu sərəncama səbəb müharibəyə gedən ziyalıların, müəllimlərin kütləvi halda geri qayıtmaması, ölkənin maariflənməsi ehtiyacının kəskin şəkildə meydana çıxması idi.
Bu qərarlar müharibədən çıxmış dövlətin öz tərəqqisində təhsilə və elmə söykənmək xətti idi. Birinci qəbulda instituta daxil olan 108 tələbənin çox hissəsi cəbhədən qayıtmış əsgərlər idi. Rus dili müəllimi çatışmayan bütün ucqar rayonlara, bir qayda olaraq, güzəştli yerlər də ayrılmışdı. Həmin dövrdə institut cəmiyyətdə rus dilində təhsilin ehtiyacları səbəbindən yarandı. Məktəblərdə rus dilinin tədris səviyyəsini qaldırmaq lazım idi. Bu məqsəd yeni səviyyəli kadr hazırlığına yol açmalı idi. 1958-ci ilə qədər Azərbaycan məktəbinin yerli rus dili müəllimləri ilə təmin edilməsi problemi əsasən həll olundu. Kənardan rus dili müəllimləri dəvət etmək qaydası keçmişdə qaldı. Belə müəllimlərin sosial qayğılarının həlli təhsil və icra orqanları üçün ağır bir yük idi.
Bizim də bu gün yubileyini qeyd etdiyimiz təhsil ocağı xalqımızla, cəmiyyətimizlə birgə çətin, lakin şərəfli bir yol keçdi. Biz dönüb arxaya baxanda böyük fəxarət duyğuları yaşayırıq. Çünki ən çətin dövrlərdə Azərbaycan müəllimlərinin taleyi zaman-zaman sınağa çəkilsə də, ziyalıların həyatı aclığın, səfalətin sərt sınaqlarına məruz qalsa da, onlar öz amallarından, əqidələrindən dönməmişdilər. Qısa vaxtda instituta ixtisaslı müəllim heyəti cəlb edildi. İlk müəllim kollektivinin sayı cəmi 28 nəfər idi. Bu gün isə universitetimizdə 50-dən çox elmlər doktoru və professor, 200-dən çox fəlsəfə doktoru və dosent, 200-dən yuxarı baş müəllim və gələcəyin alimləri çalışırlar. Hazırda beş fakültədə mütəxəssis hazırlığı aparılır.
1952-ci ildə M.F.Axundov adına Müəllimlər İnstitutu rus dili müəllimləri hazırlığı üzrə dördillik, 1956-1957-ci tədris ilində isə beşillik təhsil sisteminə keçdi. Bu yeniliklər tələbələrə rus dilini daha dərindən öyrənməyə, əməli dərslərdə pedaqoji vərdişlər toplamağa istiqamət verdi.
Ölkəyə ikinci dəfə rəhbərliyə gəldiyi vaxtdan Heydər Əliyev universitetin xeyirxah hamisi oldu. Bu hamilik SSRİ dağılandan sonra yaranan mürəkkəb tarixi şəraitdə, xüsusilə taleyüklü məsələyə çevrildi. Həmin dövrdə təhsilin çətinlik və problemləri, ortaya gələn əyintilər keçid dövrünün mirası idi. Müstəqilliyə keçid ölkənin təhsil problemlərinə tarixi perspektivdə baxmağı və onları uzunmüddətli inkişaf strategiyası və geniş planlar əsasında həll etməyi tələb edirdi.
Belə bir vaxtda Heydər Əliyev təhsil sahəsində geniş islahatlara şəxsən rəhbərlik etməyə başladı. Bu tarixi iş müstəqillik şəraitində milli təhsilimizin formalaşması ilə nəticələndi.
Ulu öndər öyrədirdi ki, təhsili müasirləşdirmədən müstəqil dövlətin sürətli tərəqqisinə, dünya standartlarına yaxınlaşmasına nail olmaq mümkün deyil. Sovet dönəmindən qalan böyük maddi baza var idi. Lakin müstəqillik, plüralizm, xüsusi mülkiyyət şəraitində bu böyük təsərrüfatı necə inkişaf etdirmək sahəsində aydınlıq yox idi. Keçmişi, sovet totalitarizmini tənqid etmək tərəqqi yaratmır. Köhnəlmiş mirasdan uzaqlaşmaq üçün yeni biliklərlə silahlanmaq, yeniləşmək, qabaqcıl ölkələrin təcrübəsindən istifadə etmək zərurəti yaranırdı. Böyük rəhbər insanları məhz bu yöndə işləməyə, islahatlar aparmağa və rəqabətqabiliyyətli olmağa istiqamətləndirirdi. 1990-cı illərin ortalarından Heydər Əliyevin imzaladığı qərar və fərmanlar, təhsil problemləri barədə proqram xarakterli çıxışları hansı istiqamətlərdə islahatlar aparmaq lazım olduğunu qətiyyətlə müəyyən etdi.
Bu xətt Prezidentin 2000-ci il 13 iyun tarixli Azərbaycan Respublikasında təhsil sisteminin təkmilləşdirilməsi haqqında sərəncamı ilə təsdiq edildi. Bu sərəncam İslahat Proqramı idi. Bu proqramın qəbulu dövlətimizin misilsiz bir tərəqqi potensialına malik olduğunu təsdiqlədi, bu yolda ardıcıl iradə ortaya qoyacağını bildirdi.
Keçid illərində dövlət təhsilinin problemləri az deyildi. Sovet idarəçiliyi vaxtındakı təhsil sistemi və proqramları, tədris qaydaları müstəqil dövlətin və özəl iqtisadiyyatın tələblərinə uyğunlaşmalı idi. Bəzi humanitar ixtisaslar yeni dövrün tələblərinə uyğun gəlmirdi. Özəl təhsilin idarə olunmasının qanuni prosedurları yox idi. Dövlət təhsilinin sovetlərdən qalan böyük maddi bazasından məqsədyönlü istifadə olunmurdu. Peşə təhsilinin maddi bazası aradan çıxmaq üzrə idi. Nəticədə təhsilin sosial və iqtisadi tərəqqiyə təsir potensialı aşağı düşürdü. Ulu öndərin bu məsələlərlə bağlı konseptual niyyətləri “Azərbaycan Respublikasında təhsil sisteminin təkmilləşdirilməsi haqqında” fərmanında öz geniş əksini tapdı. Bu fərman, ilk növbədə, müstəqillik dövründə dövlətin milli təhsil siyasətinin əsaslarını ortaya qoydu. Yəni müstəqillik və təhsildə plüralizm şəraitində dövlətin milli təhsilin keyfiyyətinə görə məsuliyyəti nəinki azalmır, əksinə artır. Ölkədə aparılan düzgün islahat xətti aydın oldu: təhsilin keyfiyyəti, tədris proqram və standartları, bunların dünya təcrübəsinə uyğunluğu həmişə dövlət siyasətinin ayrılmaz hissəsi olaraq qalacaqdır. Çünki həmin məsələlər millətin və onun müstəqil dövlətinin hansı istiqamətdə tərəqqi etməsinə aid məsələdir, bütün cəmiyyətin mənafelərinə bağlıdır. Yəni universitet bitirən kadrların ixtisas səviyyəsi, vətəndaş siması ölkənin sabahını müəyyən edən prioritet məsələdir, bütün cəmiyyətə və deməli, dövlətə aiddir.
Hazırda bu xətt Prezident İlham Əliyev tərəfindən uğurla davam etdirilir. Azərbaycan təhsili dünya standartlarına yaxınlaşır, öz milli ənənələrini qoruyaraq dünyaya inteqrasiya edir. Dövlətimiz qabiliyyətli gənclərin ən yaxşı xarici universitetlərdə təhsilinə böyük sərmayə ayırır. Bu da Prezident İlham Əliyevin təhsilə verdiyi böyük önəm, xalqımızın firavan sabahı barədə arzularının həyata keçməsidir. Müasir Azərbaycanın iqtisadi və mənəvi yüksəlişi, regionda lider dövlətə çevrilməsi ölkə başçısı İlham Əliyevin siyasi xəttinin əsasıdır. Azərbaycan təhsili də hər addımda Prezidentin misilsiz qayğısını hiss edir, bundan bəhrələnir və qürur duyur. Hazırda ölkə başçısı dünya təhsilinin ən mütərəqqi ənənələrinin və prinsiplərinin milli təhsil sisteminə inteqrasiya xəttini himayə edir. Bu, yeganə düzgün siyasətdir. Çünki bəşəri tərəqqinin bircə magistral istiqaməti vardır.
İctimai-siyasi xəttin davamlı xarakter daşıması, respublika iqtisadiyyatının yüksək inkişaf tempi, təhsilin və elmin dünya standartları səviyyəsinə yüksəlməsi üçün respublikamızda daha çevik islahatlar aparılır. Sivilizasiyaların tarixi təcrübəsi göstərir ki, elmə, təhsilə yüksək qiymət verən dövlət başçıları bununla nəinki öz ölkələrinin iqtisadi və mədəni yüksəlişini təmin edir, həm də dünya elminə və təhsilinə böyük töhfələr verirlər.
Bu xətt təhsildə ulu öndər Heydər Əliyevin də himayə etdiyi vacib məqam idi.
Ümummilli liderin 2000-ci il iyun fərmanı ilə yenidən təşkil olunan təhsil qurumlarından biri də Bakı Slavyan Universiteti oldu. Bu universitet rus dili müəllimləri hazırlayan M.F.Axundov adına Rus Dili və Ədəbiyyatı İnstitutunun bazasında yaradıldı və müstəqil ölkəmizin təhsil sistemində öz yerini tapdı. Başlıcası isə, Azərbaycan cəmiyyətindəki yeni reallıqlara, yeni sosial və iqtisadi şəraitə uyğunlaşdı. Universitet Prezident fərmanındakı islahatların həyata keçirilməsi istiqamətində konkret işlər gördü. Universitetin beynəlxalq əlaqələri genişləndi, elmi işlərin aparılması, elmi-ədəbi əsərlərin nəşri prosesi aşkar bir təmayülə çevrildi. 1950-ci illərdən universitet rus-Azərbaycan və Azərbaycan-rus lüğətçiliyinin əsas mərkəzinə çevrildi. Professor M.T.Tağıyevin rəhbərliyi ilə iki və üç cildlik Azərbaycanca-rusca və digər lüğətlər elmi ictimaiyyətin rəğbətini qazanıb, insanların stolüstü kitabına çevrilib. Hazırda universitet Azərbaycanda və MDB-də rusistikanın aparıcı mərkəzlərindən biri kimi tanınır.
Bu gün universitetdə magistratura və qiyabi təhsil şöbələri, məktəb-lisey kompleksi fəaliyyət göstərir. Burada 200-dən çox xarici tələbə təhsil alır. Universitet yenidən qurulandan qeyri-pedaqoji ixtisaslar üzrə regionşünas və filoloq ixtisası üzrə kadr hazırlığına keçib. Ölkəmiz müstəqil olandan sonra slavyandilli ölkələrlə iqtisadi-siyasi, diplomatik əlaqələrin qurulması nəticəsində məhz belə ixtisaslara ehtiyac yaranmışdı. İndi universitetdə Azərbaycan, rus, polyak, çex, bolqar, Ukrayna, Belarus, yunan, fransız, alman, ingilis dilləri üzrə filoloq və tərcüməçi kadrları hazırlanır. Həmçinin beynəlxalq münasibətlər, türkiyəşünaslıq, rusiyaşünaslıq, ukraynaşünaslıq, polşaşünasılq, bolqarşünaslıq, jurnalistika ixtisasları ilə yanaşı, həm Azərbaycan və rus bölmələrində məktəbəqədər təlim və tərbiyə üzrə pedaqoji kadrlar, həm də ibtidai sinif müəllimləri hazırlanır.
Əlbəttə, xarici dillərin tədrisi üzrə ixtisaslaşan universitet üçün beynəlxalq fəaliyyət sahələrini mənimsəmək, müxtəlif xalqların mədəniyyətinə və tarixinə hörmətlə yanaşmaq, bu sahədəki qabaqcıl təcrübəni öyrənmək, müəllim və tələbə mübadilələri yaratmaq tədrisin tərkib hissəsidir. Bu baxımdan, bizim qarşımızda parlaq bir nümunə var: Heydər Əliyev Fondunun prezidenti, ölkənin birinci xanımı Mehriban Əliyevanın zəngin humanitar-siyasi fəaliyyəti. Bu fəaliyyət Azərbaycanı tanıtmaq və sevdirmək, dövlətimizin və xalqımızın nüfuzuna yorulmadan xidmət etmək nümunəsidir. Mehriban xanımın xeyriyyəçi və mədəniyyət himayədarı kimi nüfuzu UNESCO xətti ilə belə etiraf olunub, bu nüfuz hər görüşdə, hər tədbirdə xalqımıza xidmət edir. Mehriban xanım ilk növbədə Azərbaycan mədəniyyətinin səfiridir və bu, onun fəaliyyətinə xüsusi miqyas və çəki gətirir, diplomatik dairələri, dünya xeyriyyə hərəkatını heyrətdə qoyur. Lakin onun Azərbaycan təhsilinə verdiyi miqyası görünməyən nadir töhfələr əsl maarifçilik fəaliyyətinin əsasını təşkil edir. Yüzlərlə inşa edilmiş yeni məktəb binaları, uşaq evləri, internat məktəbləri, uşaq bağçaları onun adı ilə bağlıdır. O, xalqımızın başını uca edir, xalqımız da onu sevir və onunla fəxr edir. Tələbələrimiz isə onun təcrübəsini öyrənir, yaratdığı xeyriyyəçilik hərəkatını təqlid etməyə çalışırlar.
Hazırda slavyan dilləri üzrə ixtisaslar universitetin əsas profili olaraq qalır. Bununla yanaşı, universitet bakalavr səviyyəsində 15-dək, magistratura səviyyəsində isə 35 ixtisas üzrə mütəxəssis hazırlayır. Bakı Slavyan Universitetində 25 kafedra, 5 elmi-tədqiqat laboratoriyası, 12 tədris-mədəniyyət mərkəzi, Dissertasiya Şurası fəaliyyət göstərir. Son yetmiş ilə yaxın müddətdə burada yüksək ixtisaslı və peşəkar professor-müəllim heyəti ərsəyə gəlmişdir. Hazırda bu potensialdan daha səmərəli istifadə etmək yollarını axtarırıq. Bu axtarışın məqsədi universitetdə müəllimlərin peşəkarlıq səviyyəsinin artırılmasını təmin edən informasiya resursları, normativ-hüquqi mexanizmləri tətbiq etmək, dünya səviyyəsinə çıxmış, ölkənin modernləşdirilməsi prosesinə insan kapitalı töhfələri verə biləcək mükəmməl elm və təhsil ocağı yaratmaqdır. Bu məqsədlə Azərbaycanın təhsil sisteminə dünya təhsilinin ən yaxşı ənənələrinin uğurla tətbiqi, elektron universitet sisteminin yaradılması, xarici ölkə universitetləri ilə mövcud olan partnyor müqavilələrin həyata keçirilməsi, beynəlxalq təhsil və elmi layihələrdə iştirak etmək, xarici dillərdə mühazirə kurslarının təşkili, TEC-nin fəaliyyətinin genişləndirilməsi, qrant layihəli beynəlxalq konfranslarda, forumlarda iştirak etmək və s. kimi yollar və üsullar bu gün BSU-nun təcrübəli professor-müəllim heyətinin yüksək peşəkarlığı ilə həyata keçirilir.
Müstəqillik illəri göstərir ki, yaxın qonşu dövlətlərlə ikitərəfli dostluq münasibətləri ölkəmizin sabit inkişafına xidmət edir. Rusiya Federasiyası bizim yaxın qonşumuz və dost ölkə kimi öz əhəmiyyətini nəinki azaltmır, hətta artırır. Azərbaycanın Rusiya ilə qədim elmi-mədəni əlaqələri var. Azərbaycan XIX əsrdən Rusiya mədəni mühitinə inteqrasiya edib, təhsilimiz, elmimiz, məlumat və kitabxana bazalarımız bu ölkə ilə bağlıdır. Rusiyada bizim üçün bir sıra dövlət əhəmiyyətli ixtisaslar üzrə kadrların hazırlanması davam edir. BSU-nin məzunları bu əlaqələrin inkişafında mühüm rol oynayırlar.
Universitetin kollektivi onun modernləşmiş müasir elm və təhsil mərkəzi olmasına çalışır. Zəruri yenidənqurmalar aparılır. Təzəlik, həmişə olduğu kimi müxtəlif rəylər yaradır. Sağlam mühafizəkarlıq hissi bizdən bu rəylərə hörmətlə yanaşmağı tələb edir. Bilirik ki, insanların düşüncə və vərdişlərini dəyişmək dünyada ən çətin işlərdən biridir. Buna görə də gənclərin tərbiyəsi, onlarda ictimai fəallıq, ünsiyyət və liderlik cəhətlərinin formalaşması, tərbiyənin dövlət və cəmiyyətin həyatı ilə əlaqəsinin, vəhdətinin yaradılması, onlar üçün yüksək mənəvi keyfiyyətlərə, vətənpərvərlik duyğularına təkan verən proqramların tərtib edilməsi, Azərbaycanın dünya miqyasında və regionda siyasi rolu haqqında gənclərin məlumatlılığının təmin edilməsi, ekspertiza və proqnozlaşdırma sisteminin yaradılması məqsədilə tədris ilinin əvvəlindən 51 adda müxtəlif yönümlü tədbirlər keçirilmişdir. Bu tədbirlər BSU-nun tədris və mədəniyyət mərkəzlərində, multikulturalizm çərçivəsində tolerantlıq, xalqların dilinə, dininə, mədəniyyətinə dərin hörmət və etimad duyğuları yaratmaq məqsədi daşımışdır. Tolerantlıq gününün ölkədə qeyd olunduğu ərəfədə “Azərbaycan və Avropa: multikulturalizm, tolerantlıq və birgə yaşayışın problemləri və perspektivləri” mövzusunda tələbə, magistr və şagirdlərin respublika elmi-praktik konfransı, “Tolerantlıq Azərbaycanda həyat tərzidir” adlı ictimaiyyətin nümayəndələrinin iştirakı ilə geniş tədbir keçirilmişdir. Cəmiyyətimizin xeyirxahları görülən işləri təqdir edirlər. Biz onlara təşəkkür edirik.
Bu gün universitetin yenidən qurulması məqsədilə maddi-texniki bazada və tədrisdə görülən işlər dövlətimizin və respublikanın təhsil rəhbərliyinin maddi və mənəvi qayğısı sayəsində baş tutur. Ümumiyyətlə, fəxrlə deyə bilərik ki, Azərbaycanın milli təhsil quruculuğu bu gün təhsil sistemində hər bir yeniləşmənin təkamül yolu ilə həyata keçirilməsi, dünya təcrübəsinin öyrənilməsinin vacibliyi, milli və ümumbəşəri dəyərlərə əsaslanan, beynəlxalq standartlara uyğun, xalqın sabahkı tərəqqisinin bütün şərtləri nəzərə alınaraq təmin edilməkdədir.
Tərəqqinin yolu islahatlardır. Bütün dünya sürətlə irəliyə doğru gedir, yeni texnologiyalar hər şeyi dəyişir. Biz bir millət kimi bu yeniləşmədən kənarda qala bilmərik. Bu gün dünya açıqdır, bizim övladlarımız qabaqcıl ölkələrin gəncləri kimi yaşamaq istəyirlər və buna haqları var. Biz gəncliyimizə inanırıq və onu himayə edirik, kamil insanlar kimi yetişmələri üçün əlimizdən gələni edirik.
Fəxr edirik ki, dövlət müstəqilliyinin 25 ilində ölkəmizdə yeni bir nəsil yetişib. Mən cəsarətlə deyərdim ki, tolerant, qabaqcıl dəyərləri və mədəniyyətləri mənimsəmiş, eyni zamanda, Vətənini, xalqını sevən zəkalı, kamil bir nəsil yetişib. Onlar Azərbaycanı dərin məhəbbətlə sevirlər, onların sevgisi əməllərdə, torpaq uğrunda lazım gəldikdə şəhid olmağı bacarmaqda özünü büruzə verir. Bu nəsil Avropa dəyərlərinə və mədəniyyətlərinə yiyələnmək məqamında daha artıq bağlılıq göstərirlər. Bu, ölkəmizin sabahına xidmət edən, yüksək vətəndaş mövqeyi sərgiləyən və qürur gətirən bir haldır.
Biz sürətlə dünyaya inteqrasiya edirik. Bu inteqrasiyanın önündə gəncliyimiz gedir. Lakin Qərbə inteqrasiyanın xüsusi tarixi dövr tələb edəcəyini də unutmayırıq. Xaricdə təhsilə gənclərimizin ən istedadlılarını yollayaq ki, dövlətin etimadını doğruldaq. Çünki istedad, insan resursu ən əsas investisiyadır, milli tərəqqinin əsasıdır.
Vəziyyət bizdən mövcud kitab və məlumat bazasına, xüsusilə rusdilli məlumat bazasına, kitabxanalara, elmi informasiya mübadiləsinə qayğı ilə yanaşmağı tələb edir. Avropa təhsilli gənc kadrlar bizim real ehtiyaclarımızdan qat-qat azdır. Ona görə düşünürük ki, öz universitetlərimizdə kadr hazırlığının səviyyəsi milli tərəqqinin strateji məsələsi kimi himayə edilməlidir. Bunun üçün universitetlərimizin bütün dünya, eləcə də MDB ölkələri ilə əlaqələri xüsusi önəm daşıyır. Universitetlərin beynəlxalq əlaqələri dünyaya inteqrasiyanın mühüm forması kimi diqqət mərkəzində olmalıdır. Tədris ilinin əvvəlindən insan resurslarının optimallaşdırılması və stimullaşdırılması, perspektivdə kadr ehtiyaclarının müəyyənləşdirilməsi, şəffaf və səmərəli idarəetmə mexanizminin yaradılması, hər bir müəllimin fərdi qabiliyyət və bacarığını nəzərə almaqla peşə sertifikatlaşdırma sisteminin yaradılması, səriştəli təhsilverənin formalaşdırılması istiqamətində tədbirlər həyata keçirildi. Bu məqsədlə ilin əvvəlindən indiyədək müxtəlif kurslarda təlim keçmiş müəllimlərə və tyutorlara müvafiq sertifikatlar verilmişdir.
Biz universitetin dövlətimizin həyatı, kadrlara olan ehtiyacları ilə əlaqələrini bundan sonra da inkişaf etdirməyə, ölkənin tərəqqisinə kadr töhfələri verməyə daha artıq fikir verəcəyik. Universitetdə tələbə-gənclərin vətənpərvərlik tərbiyəsinə xüsusi qayğı və diqqət yetiririk. Dağlıq Qarabağda Ermənistanın fitnəkar əməlləri davam edir. Aprel döyüşləri ordumuzun artmış qüdrətini, Ali Baş Komandanın bütün əmrlərini uğurla yerinə yetirməyə qadir olduğunu göstərdi. Ölkə rəhbəri dəfələrlə qeyd edir ki, Azərbaycan problemi sülh yolu ilə, beynəlxalq qanunlar çərçivəsində həll etmək istəyir. Yaxşı deyiblər: sülh istəyirsənsə, müharibəyə hazırlaş. Prezidentin müdrik siyasəti də belədir, ordumuz hər şeylə təmin olunur. Biz ordumuzu sevirik, şəhidlərimizin ruhunu ümumxalq məhəbbəti ilə əhatə edirik. Bu şəhidlərin içində bizim çoxsaylı məzunlarımız da var, onlardan 3 nəfər - Vüqar Süleymanov, Mübariz Əhmədov, Ülfət Əliyev Azərbaycanın Milli Qəhrəmanı adına layıq görülüb.
Bu gün Qarabağ torpaqlarında müharibənin getdiyi bir şəraitdə xalqımız üçün vətənpərvərlik tərbiyəsi mühüm bir cəhətdir. Amma biz bu problemi bəsit, emosional tərbiyə səviyyəsində həll etmirik. Emosional vətənpərvərlik Vətənin müdafiəsində acizliyə səbəb ola bilər.
Bu gün texniki biliklərə yaxşı bələdlik orduda olduğu qədər məişətdə də zəruridir. Ona görə də dərsliklərdə, proqramlarda millilik prinsipi ilə yanaşı, qloballaşmanın problemlərini də nəzərə almaq və təhsil ocaqlarımızın maddi-texniki bazasını möhkəmləndirmək lazımdır. Bu, yetişməkdə olan nəslin həm də multikulturalizm ruhunda tərbiyəsi konsepsiyasının ümdə tələbi və prinsipidir. Bu tələbin yerinə yetirilməsində Azərbaycanda, o cümlədən Bakı Slavyan Universitetinin təşkilatçılığı ilə son illər keçirilən beynəlxalq tədbirlərin xüsusi yeri var. Gənclərimizi bəşəri dəyərlərə, dünya xalqlarının mədəniyyətinə maraq göstərmək, bu dəyərlərdən nələri isə əxz etmək, multikulturalizm prinsiplərinin əsas məqamı kimi diqqətdə saxlanılır. Fərəhləndirici haldır ki, son dövrdə universitetin fəaliyyəti, burada qısa müddət ərzində görülən işlər barədə ABŞ-ın, Polşanın, Bolqarıstanın və Rusiyanın ən nüfuzlu mətbuat orqanlarında məqalələr dərc olunub. MDB-nin yaranmasının 25 illiyi münasibətilə BSU rus dilinin tədrisi, qorunub saxlanılması və təbliği istiqamətində fəaliyyətinə görə Rusiya Xarici İşlər Nazirliyinin “Rossotrudniçestvo” agentliyi tərəfindən fəxri fərmanla təltif edilib.
Bu gün Azərbaycan öz quruculuq işləri, iqtisadi tərəqqisi ilə dünya ölkələrinin önündə gedən bir dövlətə çevrilib. Belə mühitdə təhsilimiz də inkişaf edir, keyfiyyətini yüksəldir. İndi bizim təcrübəmiz nümunə kimi öyrənilir. Xalqımız və Slavyan Universitetinin tələbə və müəllim heyəti Azərbaycan Prezidentinin sabitlik və tərəqqi xəttini ürəkdən bəyənir və himayə edir. Dövlətimizin, xalqımızın gücü də bundadır: cəmiyyətdəki nikbin birliyin əsası da budur. Bu birlik təhsil və iqtisadiyyatda uğurlarımıza, dünyada artan nüfuzumuza, bugünkü gəncliyin gələcəkdə daha firavan yaşayacağına ən yaxşı təminatdır.

Nurlana ƏLİYEVA,
Bakı Slavyan Universitetinin rektoru, filologiya elmləri doktoru, professor, əməkdar müəllim