Alternative content

AZƏRBAYCAN RESPUBLİKASI MİLLİ MƏCLİSİNİN ORQANI

Azərbaycan Texniki Universitetində layihələrin hazırlanması üzrə nəzarət qrupu yaradılacaq

12 Dekabr 2016
Avropa Birliyinin və digər beynəlxalq təşkilatların maliyyələşdirdiyi layihələrdə Azərbaycan Texniki Universitetinin (AzTU) uğurlu iştirakı üçün bu ali məktəbdə layihələrin hazırlanması üzrə nəzarət qrupu yaradılacaq.

Bu məqsədlə Avropa Birliyinin “Horizon-2020” Elmi Tədqiqat və İnnovasiya Çərçivə proqramının Azərbaycanda informasiya-kommunikasiya texnologiyaları (İKT) və FET (Gələcəyin Qabaqcıl Texnologiyaları) üzrə milli təmsilçisi Tofiq Babayev AzTU-da olub.

Universitetdən AZƏRTAC-a bildiriblər ki, AzTU-nun elm və texnika üzrə prorektoru İlham Pirməmmədov alimlərinin bu proqrama qoşulmasının üstünlüklərindən danışıb. Prorektor qeyd edib ki, AzTU proqrama qoşulmaqda maraqlıdı və universitet rəhbərliyi alimlərin bu işə təşviq olunması üçün real addımlar atmaq niyyətindədir.

T.Babayev Avropa Birliyinin qrant layihələri üzrə “Horizon-2020” Elmi-Tədqiqat və İnnovasiya Çərçivə proqamının Azərbaycan alimləri üçün böyük imkanlar açdığını vurğulayıb, proqramın şərtləri haqqında məlumat verib. Bildirilib ki, AzTU bu proqram çərçivəsində təmsil olunmaq üçün böyük bilik potensialına malikdir.

Görüş zamanı layihələrə nəzarət və səmərəli işin təşkili üçün işçi qrupunun yaradılması və “Horizon-2020” Elmi Tədqiqat və İnnovasiya Çərçivə Proqramında AzTU alimlərinin də fəal iştirakı ilə əlaqəli müzakirələr aparılıb.