Alternative content

AZƏRBAYCAN RESPUBLİKASI MİLLİ MƏCLİSİNİN ORQANI

Azərbaycanda təhsilin inkişafı ümummilli lider Heydər Əliyevin adı ilə bağlıdır

10 Dekabr 2016
 

Azərbaycan Memarlıq və İnşaat Universitetində ümummilli lider Heydər Əliyevin xatirəsini anma günü ilə bağlı tədbir keçirilib. 

Əvvəlcə ulu öndərin xatirəsi bir dəqiqəlik sükutla yad olunub. Sonra çıxış edən universitetin rektoru, professor Gülçöhrə Məmmədova Heydər Əliyev irsinin təbliği və bu dahi şəxsiyyətin nurlu xatirəsinin anılması məqsədilə keçirilən tədbirlərin ulu öndərin irsinin öyrənilməsi və təbliğinin, ideyalarının gələcək nəslə ötürülməsinin əhəmiyyətindən danışıb. 

Rektor ümummilli liderin əbədiyaşar ideyaları, dövlətçiliyimizin möhkəmləndirilməsində əvəzsiz xidmətləri barədə geniş məruzə ilə çıxış edib. Bildirilib ki, görkəmli dövlət xadimi Heydər Əliyevin zəngin irsində və möhtəşəm fəaliyyətində təhsil həmişə xüsusi yer tutub. Heydər Əliyevin Azərbaycana ilk rəhbərliyi dövrünü əhatə edən 1969-1982-ci illər respublikamızın intibah dövrü olmuşdur. Həmin illər Azərbaycanda orta ümumtəhsil məktəblərinin şəbəkəsi 3 dəfə genişləndirilərək 765-dən 2117-yə, ali təhsil alanların sayı 70 mindən 100 minə çatmış, 6 yeni ali təhsil müəssisəsi açılmışdır. 1970-ci ildən başlayaraq hər il 800-900 Azərbaycan gənci SSRİ-nin nüfuzlu ali təhsil məktəblərində təhsil almağa göndərilmişdir.

Azərbaycan müstəqilliyini bərpa etdikdən sonra ulu öndərin xidmətləri sayəsində bütün sahələrdə olduğu kimi, təhsildə də müşahidə olunan davamlı nailiyyətlərdən danışan professor G.Məmmədova müdrik siyasətçi Heydər Əliyevin hakimiyyətə qayıdışından sonra təhsil müəssisələri üçün yeni bina və korpusların  tikildiyini, onların maddi-texniki baza ilə təmin olunduğunu, özəl ali təhsil müəssisələrinin açıldığını xatırladıb.

Digər çıxış edənlər ulu öndərin Azərbaycan dövləti və xalqı qarşısındakı əvəzsiz xidmətlərindən, dövlət müstəqilliyinin möhkəmləndirilməsindəki müstəsna rolundan, milli-mənəvi dəyərlərimizin təbliği və qorunması sahəsində həyata keçirdiyi tədbirlərdən, dövlət gənclər siyasətinin uğurlu nəticələrindən danışıblar.

 

“Azərbaycan”