Alternative content

AZƏRBAYCAN RESPUBLİKASI MİLLİ MƏCLİSİNİN ORQANI

Rusiya mətbuatında Bakı şəhərinin turizm imkanlarından bəhs edən məqalələr dərc olunub

09 Dekabr 2016
Rusiyanın məşhur “Business traveller” biznes səyahətçiləri jurnalında Azərbaycanın turizm imkanlarından bəhs edən məqalə dərc edilib. “Ağ şəhər” başlıqlı məqalənin müəllifi Anna Semida qeyd edir ki, Rusiya vətəndaşları üçün Azərbaycan Asiya ilə assosiasiya edilsə də, bu gün Bakı Avropaya daha çox yaxındır. Turistlərin Heydər Əliyev Beynəlxalq Hava Limanından başlanan təəssüratları Bakının mərkəzinə doğru getdikcə daha da zənginləşir. Məqalədə paytaxtımızın yeni yolları, taksi xidmətləri, şəhərdəki ərəb turistlərin sayının çoxluğu xüsusi vurğulanır.

Qeyd edilir ki, Şərq ölkələrindən turist axınının əsas səbəbi Azərbaycanın müsəlman ölkəsi olaraq tolerant və azad dünyəvi baxışının olmasıdır. Yazıda bildirilir ki, Bakı Asiya şəhəri olsa da, öz komfortu və müasir öz koloriti ilə Avropanı xatırladır. Məşhur “Əli və Nino” romanından sitat gətirən müəllif əsərin qəhrəmanı Əlinin o dövrdə öz doğma diyarını Asiya ilə Avropanın birləşdiyi məkan adlandırdığını yada salır. İçərişəhərin əsrarəngiz gözəlliyi, həmçinin Bakının uğurla ev sahibliyi etdiyi I Avropa Oyunları, “Formula-1” Qran-pri yarışları, Ümumdünya Şahmat Olimpiadası haqqında məlumat da məqalədə yer alıb. “İlk neft buruğu, Nobellərin Azərbaycanda fəaliyyəti, “Ağ şəhər” layihəsi, dəbdəbəli hotellər, hündürmərtəbəli binalar və müasir arxitektura bütün bunlar gözqamaşdıran Bakının simasıdır”, - deyə yazıda vurğulanır.

Dənizkənarı Milli Parkı paytaxtımızın vizit kartı adlandıran müəllif Dövlət Bayrağı Meydanı, Alov qüllələrini simvol kimi təqdim edir: “Rusiyalı turist Bakıda səfərdədirsə, mütləq “Brilliant əl” filminin çəkildiyi küçəni ziyarət edəcək”.

Məqalədə Azərbaycanın milli adət-ənənələri də diqqətdən kənarda qalmır. Bu sıradan çay mədəniyyətimizin özünəməxsusluğu xüsusi qeyd edilir. Yazının “Ağ futurizm” yarım başlığında Heydər Əliyev Mərkəzinin möhtəşəmliyindən söz açılır: “Hər şəhərə “ulduz arxitektor” nümunələr qismət olmur. Bakını bu səbəbdən bəxti gətirən şəhərlərdən saymaq olar”.

Bakıda olarkən nəyə baxmalı və harada yaşamalısan sualına cavab olaraq Anna Semida Qız qalası və “Qobustan” Dövlət tarixi-bədii qoruğunu və “Holiday İnn Baku”, “Boulevard Hotel” və “Autograph Collection by Marriott” hotellərini nişan verir. Yazıda həmçinin “Şahdağ” Turizm Mərkəzinin imkanları haqqında da geniş məlumat verilir.

Bununla yanaşı, Rusiyanın roomguru.ru saytında da paytaxtımızın turistlər üçün əlverişli istiqamət olmasından bəhs edilir. Bildirilir ki, Bakı rus turistlər arasında ən populyar istiqamətlərdən olaraq qalır. Paytaxtımız bu ilin nəticələrinə əsasən MDB ölkələri üzrə turizm həvəskarlarının ən çox müraciət etdiyi ilk beşlikdə (Minsk, Tbilisi, Batumi və s.) yer alıb. Reytinq siyahısı hotel axtarışları üzrə yekun hesabatda bu il yanvarın 1-dən dekabrın 31-dək olan dövrü əhatə edir. MDB və yaxın şəhərlər sırasında hotel bronlaşması üzrə reytinqdə isə Bakı 4-cü yerdə qərarlaşıb. Saytın məlumatına görə, rusiyalı turistlər Bakıda üçgünlük istirahət üçün 158 dollar xərcləməli olurlar.

“ТурСтат” agentliyinin məlumatında isə qeyd edilir ki, 2016-cı ildə Azərbaycana səfər edən turistlərin sayının artdığı qeyd edilib. Rus turistlərin öz ölkəsində ən çox üz tutduğu şəhərlərin ilk beşliyinə isə Moskva, Sankt-Peterburq, Soçi, Kazan və Anapa daxildir.

Ətraflı məlumatı aşağıdakı linklərdən əldə edə bilərsiniz:

 

http://ru.sputnik.az/economy/20161207/407991484/baku-rejting-rossijskie-turisty-top.html#ixzz4SDyA1kmH

http://www.businesstraveller.com.ru/articles/belyy-gorod/