Alternative content

AZƏRBAYCAN RESPUBLİKASI MİLLİ MƏCLİSİNİN ORQANI

Rusiyanın “Pobeda.aero” jurnalı paytaxtımızın turistlər üçün cazibəsindən yazır

08 Dekabr 2016
“İstirahət gününü xoş və unudulmaz etmək üçün mütləq günəşli və qonaqpərvər Bakını seçməyiniz məsləhətdir. Bu şəhər həyat eşqini artırır, insana xoşbəxt anlar və böyük təəssüratlar bəxş edir. Bakıya səyahət sizin həyatınızda müsbət dönüş yaradacaq. Buna görə də istirahət marşrutunuza Bakını əlavə etməkdən çəkinməyin...”

Bu fikir Rusiyanın “Pobeda.aero” jurnalında paytaxtımız haqqında məqalədə yer alıb.

Mədəniyyət və Turizm Nazirliyindən AZƏRTAC-a bildirilib ki, müəllif “İlk görüş” rubrikasında Heydər Əliyev Beynəlxalq Hava Limanının memarlıq və dizayn baxımından təkrarsızlığını qeyd edir. Müasir tendensiyalara cavab verən, memarlıq baxımından yeniliyi özündə əks etdirən möhtəşəm bina Azərbaycana gələn turistlərə ölkəyə qədəm basdıqları ilk andan xoş təəssürat bəxş edir.

Məqalədə Bakının hər bir qonağı doğma insan kimi qəbul etməsi vurğulanır, qədimliklə müasirliyin qovuşduğu şəhərin keçmişinə ekskurs edilir. Bakı milyonçularının tikdirdikləri binalar, Şərqdə ilk operanın burada meydana gəldiyi oxucuların nəzərinə çatdırılır.

Müəllif turistləri şəhərin gəzməli-görməli yerlərindən zövq almağa səsləyir və Bakıda əyləncəli vaxt keçirmək üçün emosiyaları cəmləməyi məsləhət görür. Yazıda ötən əsrin əvvəllərində İosif Ploşko tərəfindən inşa edilən Səadət sarayının tarixi və müasir zamanda istifadəsinə, milyonçu, milli mesenat Murtuza Muxtarovun qazma avadanlığı sahəsindəki fəaliyyətinə də yer verilir.

“Milli mətbəx” rubrikasında dolma, sac qutabı, təndir çörəyi, kabablar, ağ gilas və qoz mürəbbəsi, kəklikotunun dadının özünəməxsusluğu qeyd edilir. Məqalədə Bakıda fəaliyyət göstərən milli mətbəx nümunələri təklif edən restoranlar və onların ünvanları da dəqiqliklə göstərilib.

“İşıqlı şəhəri daha da parlaq edən Alov qüllələri Bakıya bir başqa gözəllik bəxş edir. Onunla üzbəüz isə Avropa və Şərqin bir araya gəlməsini sübut edən məscid turistlərdə qəribə duyğular yaşadır. Burada əksəriyyət ya rus dilində danışır, ya da bu dili başa düşür. Ona görə də Azərbaycanda rusiyalı turistlərə hər zaman kömək edəcək biriləri var”, - deyə məqalədə vurğulanır.

Məqalədə Bakının turizm marşrutları, sərnişindaşıma xidmətləri, valyuta əməliyyatları, bir sözlə, turistləri maraqlandıran bütün zəruri suallara cavab tapmaq mümkündür.

Qeyd edək ki, yazının sonunda @kukubaku instagram səhifəsində Bakı və Azərbaycan haqqında bütün məlumatları əldə etmək məsləhət görülür.

Yazı ilə bağlı daha ətraflı məlumatlar bu linkdə:

http://cdn.pobeda.aero/media/magazine/VP_11_2016.pdf