Alternative content

AZƏRBAYCAN RESPUBLİKASI MİLLİ MƏCLİSİNİN ORQANI

Milli Məclisdə 2017-ci ilin dövlət büdcəsi haqqında qanun layihəsi ilə bağlı müzakirələr davam edir

07 Dekabr 2016
Dekabrın 7-də Milli Məclisin spikeri Oqtay Əsədovun sədrliyi ilə parlamentdə “Azərbaycan Respublikasının 2017-ci il dövlət büdcəsi haqqında” qanun layihəsinin müzakirəsi davam etdirilib.

AZƏRTAC xəbər verir ki, iclasda 98 il əvvəl – 1918-ci il dekabrın 7-də Şərqdə ilk parlament olan Azərbaycan parlamentinin ilk iclasının açılışı münasibətilə Milli Məclisin rəhbərliyinə və deputatlara təbriklər ünvanlanıb.

Gündəlikdəki məsələ ətrafında çıxış edən deputatlar Jalə Əliyeva, Tahir Rzayev, Musa Quliyev, Yevda Abramov, Məlahət İbrahimqızı, Aqiyə Naxçıvanlı, Elmira Axundova, Ağalar Vəliyev, Tahir Mirkişili, Elçin Quliyev, Əhliman Əmiraslanov, Çingiz Qənizadə, Siyavuş Novruzov, Əflatun Amaşov və başqaları 2017-ci ilin büdcəsini yüksək dəyərləndiriblər. Layihənin mükəmməl sənəd olduğu vurğulanıb. Qeyd edilib ki, gələn ilin dövlət büdcəsi mövcud reallıqlar, neft gəlirlərinin azalması, dünyada dərinləşən maliyyə-iqtisadi böhranın təsirləri nəzərə alınmaqla tərtib olunmuş yığcam büdcədir. Peşəkarlıqla hazırlanmış bu maliyyə sənədi növbəti ildə iqtisadiyyatın inkişafına və sosial müdafiənin təmin edilməsinə, eyni zamanda, ölkənin müdafiə qüdrətini artırmağa, beynəlxalq aləmdə Azərbaycanın müsbət imicini daha da möhkəmləndirməyə imkan verəcək. Büdcənin sosialyönümlülüyü sayəsində hər bir ailə dövlət qayğısı ilə əhatə olunacaq. Büdcədə sosial xərclərin 40,3 faiz təşkil etməsi sosial rifahın yaxşılaşdırılmasının dövlətin diqqət mərkəzində olduğunu bir daha sübut edir.

Müzakirə zamanı 2017-ci ilin büdcə zərfinə daxil olan sənədləri yüksək səviyyədə hazırlamağa nail olmuş Maliyyə Nazirliyinin peşəkar kollektivinə minnətdarlıq ünvanlanıb. Eyni zamanda, “Azərbaycan Respublikasının 2017-ci il dövlət büdcəsi haqqında” qanun layihəsinə dair Hesablama Palatasının Milli Məclisə təqdim etdiyi rəy elmi əsaslara və ciddi analizə söykənən rəy kimi yüksək qiymətləndirilib.

Səslənən təkliflərdə icbari tibbi sığortanın tətbiqinə başlanmasının vacibliyi, ünvanlı sosial yardımdan imtina olunaraq həmin məqsəd üçün ayrılmış vəsaitin pensiyalara, əlil və uşaq müavinətlərinə əlavə edilməsi, kiçik və orta sahibkarlığın inkişafı üçün daha münbit şəraitin yaradılması, gender bərabərliyinin təmin edilməsi istiqamətində davamlı addımların atılması, qaçqın və məcburi köçkünlərin kommunal xərcləri üçün nəzərdə tutulmuş güzəştlərin müavinətlərlə əvəzlənməsi, KİV-lərin inkişafına dövlətin maliyyə dəstəyinin artırılması və digər mühüm məqamlar önə çəkilib.

Fasilədən sonra iclasda deputatlar Eldar Quliyev, Gövhər Baxşəliyeva, Elman Nəsirov, İqbal Məmmədov, Səməd Seyidov, Sevinc Hüseynova, Elşən Musayev, İlham Məmmədov, Mirzəcan Xəlilov, Rauf Əliyev çıxış ediblər.

Qeyd olunub ki, Azərbaycan Prezidentinin yürütdüyü çevik və uzaqgörən siyasət nəticəsində ölkədə qeyri-neft sektoru inkişaf etdirilir, əsaslı iqtisadi islahatlar aparılır. Azərbaycanın qlobal dünya sistemində mövqeyi durmadan möhkəmlənir. Dünyanı bürüyən siyasi və hərbi böhranın genişləndiyi mürəkkəb zamanda uğurlu dövlət siyasəti Azərbaycanı inkişaf fenomeninə çevirib. Antiböhran xarakterli tədbirlər paketi müsbət nəticələr verməkdədir. Son illərdə müasir texnologiyalarla təchiz edilmiş sənaye və aqrar müəssisələr yaradılıb, çoxsaylı iş yerləri açılıb. Bütün bunlar büdcəyə əlavə vəsaitin cəlb edilməsi və mövcud potensialın getdikcə genişlənməsi deməkdir.

Vurğulanıb ki, 2017-ci ildə Azərbaycanda 61,4 milyard manat həcmində ümumi daxili məhsul istehsalı gözlənilir və bu da cari illə müqayisədə xeyli çoxdur. Ümumi daxili məhsulun artımı gələn il 1 faiz, 2020-ci ilədək 2,4 faiz proqnozlaşdırılır. Bu göstəricilər ölkədə makroiqtisadi sabitliyin təmin olunmasına xidmət edəcək.

Deputatlar ölkədə insan kapitalından səmərəli istifadə edilməsi, ixrac və rəqabət imkanlarının genişləndirilməsi, xüsusilə gənclər arasında işsizliyin qarşısının alınması, elmi potensialın qorunması, elmin inkişafına diqqətin və maliyyənin artırılması kimi bir sıra mühüm məsələləri hökumətin diqqətinə çatdırıblar.

Milli Məclis sədrinin müavini Bahar Muradova deyib ki, Azərbaycanın müdafiə qabiliyyətinin artırılması gələn ilin büdcəsində də əsas prioritet kimi qarşıya qoyulub. 2017-ci il dövlət büdcəsi xərclərinin 24 faizi milli təhlükəsizliyin, ölkənin müdafiə qabiliyyətinin gücləndirilməsi və maddi-texniki bazasının möhkəmləndirilməsi, məhkəmə hakimiyyəti, hüquq-mühafizə və prokurorluq orqanlarının saxlanılmasına ayrılıb. Həmin məbləğ cari illə müqayisədə 2,1 faiz çoxdur.

Qaçqın və məcburi köçkünlərə dövlət qayğısından söz açan Bahar Muradova bu yaxınlarda Füzuli rayonu ərazisində istifadəyə verilən 400 evdən ibarət şəhərcik barədə də danışıb. Bildirib ki, həyata keçirilən tədbirlər sayəsində Azərbaycan hazırda qaçqın, köçkün və miqrasiya problemi yaşayan bütün dünyaya çox ciddi bir nümunə kimi göstərilir.

Sonra iclasda Baş nazirin müavini, Qaçqınların və Məcburi Köçkünlərin İşləri üzrə Dövlət Komitəsinin sədri Əli Həsənov parlamentə bu sahədə görülən işlər barədə ətraflı məlumat verib.

İclasda təhsil naziri Mikayıl Cabbarov və iqtisadiyyat naziri Şahin Mustafayev deputatları narahat edən bir sıra məsələlərə aydınlıq gətiriblər, təkliflərə münasibət bildiriblər.

Yekunda maliyyə naziri Samir Şərifov parlamentdə aparılan səmərəli müzakirələrə, aktual məsələlərə dair çoxsaylı təkliflərə görə Milli Məclisin rəhbərliyinə və üzvlərinə təşəkkür edib. Bildirib ki, Milli Məclisdə səslənmiş bütün təkliflər hökumət tərəfindən öyrəniləcək, büdcə layihəsində nəzərə alınması imkanları təhlil ediləcək və parlamentin növbəti iclasında bu barədə deputatlara məlumat veriləcək.

Milli Məclisin sədri Oqtay Əsədov komitələrdə və plenar iclaslarda aparılan müzakirələrdə ümumən 70-dən çox deputatın 2017-ci ilin dövlət büdcəsinə dair fikirlərini açıqladığını və təkliflərini diqqətə çatdırdığını qeyd edib.

Parlamentdə qaldırılmış məsələlərə münasibət bildirilməsi üçün hökumətə on gün vaxt verilib.