Alternative content

AZƏRBAYCAN RESPUBLİKASI MİLLİ MƏCLİSİNİN ORQANI

Azərbaycan ilə Rusiya arasında ikitərəfli münasibətlər müxtəlif sahələrdə uğurla inkişaf edir

06 Dekabr 2016
Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev dekabrın 6-da Rusiya Federasiyasının daxili işlər naziri Vladimir Kolokoltsevi qəbul edib.

AZƏRTAC xəbər verir ki, görüşdə Azərbaycan ilə Rusiya arasında ikitərəfli münasibətlərin müxtəlif sahələrdə, o cümlədən hüquq-mühafizə orqanları, Daxili İşlər nazirlikləri arasında uğurla inkişaf etdiyi bildirildi, bu sahədə əməkdaşlığın daha da genişləndirilməsinin zəruriliyi qeyd olundu. Səfər zamanı Daxili İşlər nazirlikləri arasında qarşılıqlı fəaliyyət və əməkdaşlıqla bağlı məsələlərin müzakirə ediləcəyi vurğulandı, əlaqələrimizin gələcəkdə daha da möhkəmləndiriləcəyinə əminlik ifadə olundu.

Rusiya Federasiyasının daxili işlər naziri Vladimir Kolokoltsev ölkələrimizin daxili işlər orqanları arasında əməkdaşlığa göstərdiyi diqqətə görə Prezident İlham Əliyevə minnətdarlığını ifadə etdi. Azərbaycan-Rusiya-İran prezidentlərinin birinci Bakı Sammitinə toxunan Vladimir Kolokoltsev Sammitdə dövlət başçıları tərəfindən imzalanan Bəyannamənin qarşılıqlı faydalı əməkdaşlıq və birgə fəaliyyətlə bağlı məsələlərin müzakirəsi zamanı əlaqələrin inkişafı üçün əlavə stimul yaratdığını dedi.

Azərbaycan-Rusiya-İran prezidentlərinin birinci Bakı Sammitinin əhəmiyyətini yüksək qiymətləndirən Prezident İlham Əliyev bu formatın artıq formalaşdığını və bunun, həmçinin regionda təhlükəsizlik tədbirlərinin möhkəmləndirilməsi işinə istiqamətləndiyini dedi.