Alternative content

AZƏRBAYCAN RESPUBLİKASI MİLLİ MƏCLİSİNİN ORQANI

2017-ci ilin dövlət büdcəsi makroiqtisadi sabitliyi təmin edəcək

06 Dekabr 2016
 

Bu gün Milli Məclisdə gələn ilin əsas maliyyə sənədinin müzakirəsi başlayır

 

Hər bir ölkənin iqtisadi siyasətində və bütövlükdə inkişaf kursunda mühüm əhəmiyyət kəsb edən məsələlərdən biri dövlət büdcəsində qarşıya qoyulan vəzifələrdir. Ona görə dövlət büdcəsinin layihəsinin və bununla bağlı digər məsələlərin müzakirəsi hər bir ölkədə ictimaiyyət tərəfindən diqqətlə izlənilir.
Azərbaycanda da belədir. Hər il uğurla tərtib olunan dövlət büdcəsi sözün əsl mənasında, ölkəmizin milli maraqlarına və iqtisadi təhlükəsizliyinə cavab verir. Azərbaycan dövlətinin büdcəsi iqtisadiyyatdakı pozitiv meyilləri nəzərə alır. Eyni zamanda, büdcənin tərtibi zamanı dünya iqtisadiyyatında və beynəlxalq maliyyə bazarlarında baş verən meyillər də diqqətlə təhlil edilir.
Azərbaycan Respublikasının 2017-ci il üçün dövlət büdcəsinin layihəsi və büdcə zərfinə daxil olan digər məsələlər Milli Məclisin komitələrinin birgə iclaslarında ətraflı müzakirə olundu. Bu gün isə büdcə zərfinə daxil olan məsələlər parlamentin plenar iclasında müzakirə ediləcək.
Gələn ilin dövlət büdcəsi layihəsi “Büdcə sistemi haqqında” Azərbaycan Respublikasının Qanununa, ölkənin iqtisadi və sosial inkişaf konsepsiyasına uyğun olaraq hazırlanıb. Layihə tərtib edilərkən ölkəmizin mövcud sosial-iqtisadi vəziyyəti və orta müddət inkişafına təsir göstərən daxili və xarici amillər nəzərdən keçirilib, o cümlədən dünyadakı şərait, dünya iqtisadiyyatında baş verən tənəzzül, beynəlxalq maliyyə bazarlarında böhranla əlaqədar yarana biləcək risklərin Azərbaycan iqtisadiyyatına təsirinin neytrallaşdırılması imkanları təhlil edilib.
Bu il ərzində dünyada gedən makroiqtisadi proseslər Azərbaycan iqtisadiyyatına da öz təsirini göstərib, ölkəmizdə mahiyyət etibarilə əvvəlki illərdən fərqli makroiqtisadi vəziyyət yaranıb. Dünya enerji bazarlarında təklifin artması, tələbin isə həmin artımla zəif ayaqlaşması ölkə iqtisadiyyatı üçün əsas gəlir və valyuta daxilolması mənbəyi olan neftin qiymətinin son günlərədək aşağı səviyyədə qalmasını şərtləndirib. Bu, öz növbəsində xarici valyutada daxilolmaların azalmasına səbəb olub. Bütün bunlardan irəli gələrək bu ilin əvvəlindən etibarən struktur və institusional islahatların sürətləndirilməsi istiqamətində mühüm tədbirlər həyata keçirilməkdədir. Bunlar ölkə əhalisinin həssas sosial qruplarının müdafiəsinin gücləndirilməsi, iqtisadiyyatın şaxələndirilməsi, qeyri-neft ixracının artırılması, kənd təsərrüfatının, sənayenin inkişaf etdirilməsi kimi tədbirləri özündə birləşdirir.
Bununla yanaşı, Azərbaycanda həyata keçirilən iqtisadi siyasətin əsas məqsədlərindən biri dünya iqtisadiyyatında baş verən qlobal proseslərin və meyillərin yaratdığı risklərin ölkəmizə təsirlərini, həmçinin respublikamızın sosial-iqtisadi inkişafının prioritet istiqamətlərini nəzərə almaqla makroiqtisadi sabitliyin təmin edilməsidir. Ona görə növbəti il və sonrakı 3 ildə fiskal yığcamlaşdırma siyasətlərinin davam etdirilməsi, dövlət büdcəsi xərclərinin optimallaşdırılaraq daha qənaətlə icrası, dövlət sektorunda xərclərin səmərəliliyinin daha da artırılması, dövlətin borc və öhdəliklərinin vaxtında və tam həcmdə yerinə yetirilməsi, dövlət büdcəsinə ARDNF-dən transfertin az proqnozlaşdırılması və növbəti illərdə tədricən azaldılması, qeyri-neft sektoru və onun aparıcı sahələrində qabaqlayıcı iqtisadi artımın, habelə dövlət investisiyaları deyil, qeyri-neft ixracına əsaslanan iqtisadi artım modelinə keçidin dəstəklənməsi istiqamətində siyasət davam etdiriləcək.
Gələn ilin dövlət və icmal büdcələrinin tərtibi zamanı yuxarıda qeyd olunanlar nəzərə alınıb. Makroiqtisadi proqnozlara uyğun olaraq, aparılan hesablamalara əsasən, dövlət büdcəsinin gəlirlərinin 15 milyard 955 milyon manat səviyyəsində olması nəzərdə tutulur. Büdcə gəlirlərinin 49,2 faizi və ya 7 milyard 855 milyon manatını neft sektorundan, 50,8 faizi və ya 8 milyard 100 milyon manatını qeyri-neft sektorundan gələn gəlirlər təşkil edəcək. Başqa cür ifadə etsək, 2017-ci ildə dövlət büdcəsi gəlirləri üzrə proqnozun 7 milyard 210 milyon manatı Vergilər Nazirliyinin xətti ilə daxilolmaların, 6 milyard 100 milyon manatı Azərbaycan Respublikası Dövlət Neft Fondundan transfertlərin, 2 milyard 200 milyon manatı Dövlət Gömrük Komitəsinin xətti ilə daxilolmaların, 445 milyon manatı isə digər gəlirlərin payına düşür.
Vergilər Nazirliyinin xətti ilə daxilolmaların gələn il cari ilin proqnozu ilə müqayisədə 200 milyon manat, Dövlət Gömrük Komitəsi üzrə daxilolmaların isə 390 milyon manat çox olması nəzərdə tutulur. Azərbaycan Respublikası Dövlət Neft Fondundan dövlət büdcəsinə transfertlərin həcmini tədricən azaltmaqla fondun vəsaitlərinə qənaət etmək və ölkənin valyuta ehtiyatlarını qorumaq isə büdcə-vergi siyasətinin gəlirlər üzrə müəyyən edilmiş əsas istiqamətlərindən biridir. Bununla əlaqədar 2017-ci ildə ARDNF-dən dövlət büdcəsinə transfertlər 2016-cı ilin proqnozu ilə müqayisədə 1 milyard 515 milyon manat və ya 19,9 faiz az olacaq.
Məlum olduğu kimi, Tarif Şurasının qərarı ilə bir sıra enerji məhsulları üzrə diferensiallaşdırılmış tariflərin tətbiq edilməsi məqsədəuyğun hesab olunub. Bununla əlaqədar 2017-ci ilin dövlət büdcəsinin Milli Məclisə təqdim olunmuş layihəsində nəzərdə tutulan gəlirlərin artırılmasına ehtiyac yaranır. Həmin artımın əhəmiyyətli hissəsi Prezident İlham Əliyevin tapşırığı ilə əhalinin aztəminatlı təbəqəsinin sosial müdafiəsinə yönəldiləcək.
Gələn ilin dövlət büdcəsinin gəlirlərinin real vəziyyətinə uyğun olaraq xərclərin strukturunun, səmərəliliyinin və ünvanlılığının artırılmasına xüsusi diqqət yetirilib. Belə ki, büdcə layihəsi hazırlanarkən mövcud makroiqtisadi mühitə uyğun ölkənin uzunmüddətli inkişafının təminatı, regionların inkişafına yönəlmiş tədbirlərin, kənd təsərrüfatının stimullaşdırılmasının və inkişaf etdirilməsinin, təhsil, səhiyyə, sosial, mədəniyyət, idman və fiziki infrastruktur layihələrinin, xarici dövlət borcu və beynəlxalq təşkilatlara üzvlük haqlarının və ölkədə keçiriləcək mühüm tədbirlərin yaratdığı öhdəliklərin maliyyə təminatı diqqətdə saxlanılmışdır. Əvvəlki ilə nisbətən 2017-ci ildə ölkənin milli təhlükəsizliyinin və müdafiə qabiliyyətinin gücləndirilməsinə, “Cənub qaz dəhlizi” layihəsində Azərbaycan tərəfinin iştirak payının ödənilməsinə, kənd təsərrüfatının inkişafına və digər əsaslı xərclərə artım nəzərdə tutulur.
2017-ci il dövlət büdcəsinin xərcləri 16 milyard 600 milyon manat proqnozlaşdırılır. Bu da ÜDM-in 27 faizi səviyyəsində olacaq. Gələn il dövlət büdcəsinin xərclərinin strukturuna daxil olan cari xərclərə ümumi xərclərin 58,7 faizi həcmində və ya 9 milyard 745,2 milyon manat, əsaslı xərclərə ümumi xərclərin 31,4 faizi həcmində və ya 5 milyard 213 milyon manat (əvvəlki ilə nisbətən 598,7 milyon manat və ya 13 faiz çox), dövlət borcuna xidmətlə bağlı xərclərə ümumi xərclərin 9,9 faizi həcmində və ya 1641,8 milyon manat (əvvəlki ilə nisbətən 133,3 milyon manat və ya 7,5 faiz az) vəsait yönəldiləcək.
2017-ci il dövlət büdcəsinin xərclərində sosialyönümlü xərclərin (büdcə xərclərinin iqtisadi təsnifatına uyğun olaraq əməyin ödənişi, pensiya və müavinətlər, dərman, sarğı ləvazimatları və materiallarının, ərzaq məhsullarının alınması üzrə xərclərin cəmi) xüsusi çəkisi 40,3 faiz olmaqla (əvvəlki illə müqayisədə 5,7 faiz çox), 6 milyard 686 milyon manat vəsait proqnozlaşdırılır ki, bu da 2016-cı illə müqayisədə 292,4 milyon manat və ya 4,6 faiz çoxdur. Ölkə əhalisinin həssas sosial qruplarının müdafiəsinin gücləndirilməsi və dövlət büdcəsindən maliyyələşən bir sıra təşkilatlarda çalışanların 2016-cı ildə artırılmış əməkhaqlarının maliyyə təminatı üçün 2017-ci ilin dövlət büdcəsində müvafiq məbləğdə vəsait nəzərdə tutulur.
Növbəti ildə elm xərclərinə 118,5, təhsil xərclərinə 1 milyard 733,4, səhiyyə xərclərinə 745,4, sosial müdafiə və sosial təminat xərclərinə 1 milyard 270 milyon, mədəniyyət, incəsənət, informasiya, bədən tərbiyəsi xərclərinə 282,6 milyon manat vəsait ayrılması nəzərdə tutulur. Müharibə şəraitində yaşayan dövlətimizin müdafiə qabiliyyətinin və milli təhlükəsizliyinin təmin edilməsi xərclərinə 2017-ci ilin dövlət büdcəsi xərclərinin 16,7 faizi həcmində vəsait ayrılacaq.
Ölkədə iri heyvandarlıq təsərrüfatlarının yaradılması, heyvandarlığın cins tərkibinin yaxşılaşdırılması üçün xarici ölkələrdən iribuynuzlu cins damazlıq heyvanların respublikaya gətirilməsi və güzəştli şərtlərlə sahibkarlara, fermerlərə lizinqə verilməsi və kənd təsərrüfatı texnikasının lizinq yolu ilə satışı işləri 2017-ci ildə də davam etdiriləcək.
Vətəndaşların yaşayış sahələrinə olan ehtiyacını ödəmək, onların mənzil-məişət şəraitini yaxşılaşdırmaq, müasir tələblərə cavab verən binaların tikintisi və ipotekanın tətbiqi üçün 2017-ci ilin dövlət büdcəsində 100 milyon manat vəsait nəzərdə tutulur ki, bu da 2016-cı illə müqayisədə 50 milyon manat çoxdur.
2017-ci ildə yerli xərcləri tənzimləmək üçün dövlət büdcəsinin mərkəzləşdirilmiş xərclərindən ayrılan maliyyə yardımının (dotasiyanın) yerli xərclərin tərkibində xüsusi çəkisi 9,9 faiz təşkil edəcək. Bu da əvvəlki illə müqayisədə 706,5 milyon manat və ya 91,2 faiz azdır. Gələn il yerli gəlirlər hesabına özünü təmin edən rayon və şəhərlərin sayı 34-ə çatacaq. Bu ilə qədər dotasiya almayan şəhər və rayonların sırasına Gəncə, Lənkəran, Şəki, Yevlax şəhərləri, Ağcabədi, Astara, Beyləqan, Bərdə, Biləsuvar, Göyçay, Hacıqabul, Xaçmaz, İsmayıllı, Kürdəmir, Qazax, Qəbələ, Quba, Qubadlı, Qusar, Masallı, Neftçala, Saatlı, Sabirabad, Salyan, Siyəzən, Şabran və Şamaxı rayonları da qoşulacaqlar.
2017-ci ilin dövlət büdcəsinin layihəsi ölkənin üzləşdiyi yeni makroiqtisadi çağırışlar və reallıqları əks etdirir. Bu layihənin qəbul olunması Azərbaycan Prezidenti İlham Əliyevin rəhbərliyi ilə makroiqtisadi sabitliyə və iqtisadi inkişafa xidmət edəcək.

Rəşad CƏFƏRLİ,
“Azərbaycan”